Əsas Səhifə > Din > Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - REPORTAJ

Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - REPORTAJ


22-06-2018, 22:54
Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - REPORTAJ

Yeni yaradılan İlahiyyat İnstitutunda yerli ilahiyyatçı alimlərlə görüş keçirildi

Yeni yaradılmış İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun təşəbbüsü ilə iyunun 22-də institutun binasında ilahiyyatçı alimlərlə görüş keçirildi. Adından da bilindiyi kimi, görüşə yerli ilahiyyatçılar, əsas akademik dərəcəsi olan İslam Universitetində, BDU-nun İlahiyyat Fakültəsində (hazırda bu fakültə İlahiyyat İnstitutuna birləşdirilib – K.R.), Elmlər Akademiyasının müvafiq institutlarında və yerli universitetlərdə uyğun ixtisaslar üzrə çalışan alimlər, eləcə də tədqiqatçılar və media təmsilçiləri iştirak edirdi.

Görüşün əsas məqsədi yeni yaradılan İlahiyyat İnstitutunun formalaşması, fəaliyyətinin qurulması üçün yerli mütəxəssislərin fikir və təkliflərinin öyrənilməsi, İnstitutun görəcəyi işlər idi. Ancaq təbii ki, Azərbaycan ilahiyyatçı alimlərinin ilk dəfə olaraq bir araya gətirilməsi özü ciddi və diqqətçəkən yenilik idi.

Xatırladaq ki, İlahiyyat İnstitutu prezident İlham Əliyevin 9 fevral 2018-ci tarixli sərəncamı ilə yaradılıb. Azərbaycanda ilk dövlət ali dini təhsil müəssisəsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin balansında fəaliyyət göstərəcək İlahiyyat İnstitutu BDU-nun İlahiyyat Fakültəsinin bazasında formalaşır. İnstitutun rektoru uzun illər DQİDK və Prezident Administrasiyasında çalışmış Ceyhun Məmmədovdur. Azərbaycan İlahiyyat İnstitutuna 2018-2019-cu tədris ili üçün tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçiriləcək: "İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə, 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İslamşünaslıq ixtisasının müsabiqəsində ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər”.

Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - REPORTAJ

Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, bu barədə məlumatı qonaqlara toplantıda çıxış edən rektor C.Məmmədov verib. Rektor bildirdi ki, bu görüşün əsas məqsədi ilahiyyatçıların təkliflərini almaq, əməkdaşlıq imkanlarını müzakirə etməkdir. C.Məmmədov bildirdi ki, İnstitutun fəaliyyəti ilə bağlı 3 illik strateji plan hazırlanır. Ancaq eyni zamanda sahə mütəxəssislərinin də təklif və tövsiyələri nəzərə alınacaq. Sitat: “Bura gələnlərin hər biri ilə əməkdaşlıq etmək istəyirik. Müxtəlif formatlar düşünək, təkliflərinizi dinləmək istəyirik. Hər bir təklifə açığıq. Bura sizin evinizdir”.

C.Məmmədov bildirdi ki, İlahiyyat İnstitutu yerli ilahiyyat və islamşünas kadrların hazırlanması üçün əsas baza rolunu oynayacaq. İldən ilə yerli mütəxəssislərinə tələbatın artdığını qeyd edən rektorun sözlərinə görə müxtəlif dövlət qurumlarında bu sahə üzrə mütəxəssislərə ehtiyac duyulur və bu ehtiyac ildən ilə artır. Rektorun sözlərinə görə, İnstitut rəhbərliyi kadrların yerləşdirilməsi işinə ciddi diqqət ayıracaq, kadr bankı yaradılacaq və İnstitutu bitirən kadrlar uyğun dövlət qurumları və təhsil müəssisələrində işlə təmin olunacaqlar.

C.Məmmədov ölkə daxilində və xarici ölkələrdə uyğun təhsil müəssisələrinə səfərlər edib, təcrübələri öyrənməyə çalışacaqlarını bildirdi. Bundan başqa QMİ sədri, Bakı İslam Universiteti rəhbərliyi ilə də görüşəcəyini açıqladı: “Daha çox görüş və müzakirələr aparmağı düşünürük. Tanınmış ziyalılarla görüşlər keçirmək, hər kəsə açıq olmaq istəyirik”.

İlahiyyat İnstitutu hazırda BDU-nun İlahiyyat Fakültəsinin binasında fəaliyyət göstərir, ancaq bir ildən sonra yeni binaya köçəcək. Rektor əsas planları sırasında tələbələrə yüklsək səviyyədə dini və dünyəvi təhsil vermək, 4 dili – ingilis, ərəb, fars və rus dillərini – öyrətməyi məqsəd olaraq qarşıya qoyduqlarını bildirdi. Bundan başqa İnsititutda Xəttatlıq, Ebru sənəti kursları, dil kursları olacaq.

Yerli kadrlarla yanaşı İlahiyyat İnstitutu xarici ölkələrdə təhsil almış və hazırda xaricdə çalışan mütəxəssisləri dəvət edib əməkdaşlıq etməyi planlaşdırır. C.Məmmədov mediada dini mövzuların işıqlandırılması ilə bağlı ciddi problemlərin olduğunu, dini mövzuda mediada yanlış məlumatlar yayıldığını qeyd elədi. Onun sözlərinə görə, İnstitut media ilə yaxından əməkdaşlıq edəcək.
Tədbir daha sonra ilahiyyatçı mütəxəssislərin təklifləri və çıxışları ilə davam etdi. Daha sonra isə iştirakçılar çay süfrəsi arxasında müzakirələr apardılar.

Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - REPORTAJ

Rubrika.az
Geri qayıt