Əsas Səhifə > Hadisə > Dələduzluğun yeni üsulu: Plana düşmüş ərazidə tikinti aparıb, hökumətdən kompensasiya almağa çalışırlar... - FOTOLAR
Dələduzluğun yeni üsulu: Plana düşmüş ərazidə tikinti aparıb, hökumətdən kompensasiya almağa çalışırlar... - FOTOLAR29-06-2018, 19:30 |
![]() Səbayel rayonu, “II Salyan döngəsi” ətrafında 2014-cü ilin sonunda Avropa oyunları ilə əlaqədar 30-a yaxın ev plana düşdü. Evlərin plana düşməsinin səbəbi Su İdman Sarayına yeni yolun çəkilişi və abadlıq işləri ilə bağlı idi. Hökumət tərəfindən evləri plana düşən sakinlərə mənzilin kvadratmetrinə uyğun kompensasiya verildi və həmin ərazidən köçürüldülər. Lakin bu ilin aprel ayında, yəni 3 ildən sonra köçürülən evlərin boş qalan ərazisində yenidən tikinti işlərinə başlanılıb. Həmin ərazidə yaşayan, adının çəkilməsini istəməyən qəsəbə sakini bir qrup dələduzun boşaldılan ərazidə yenidən tikinti apardığı barədə musavat.com-a danışdı: “Bu ilin aprelində həmin ərazidə bir qrup dələduz makler tərəfindən təkrar tikinti aparıldı. Təxmini 1000 kvadratmetr ərazini iki gecədə tikib üstünü bağladılar. O qədər tələsik tikdilər ki, heç tikiliyə pəncərə belə qoymadılar. Çəpər formasında tikib, sonradan laqonda ilə qapı-pəncərə yeri açdılar. Təsəvvür edin ki, bir dəfə plana gedən ərazini, ikinci dəfə tikdilər. Məqsədləri dövlətə ziyan vurmaqdır. Bu ətrafda evlərin hər kvadratmetri 1500 manatdan hesablanır. Hazırda tikilinən ərazi dörd köçürülən evin yerində tikilib. Təqribən 1000 kvadratmetrlik quru daşdan tövlə formasında tikiblər. Bu isə 1.5 milyon manat vəsait deməkdir. Ümumilikdə isə həmin ərazidə 20-30 ev köçürülüb. Dələduzlar müxtəlif vasitələrdən istifadə edərək həmin yeri özəlləşdiriblər. Çox güman ki, məqsədləri yenidən kompensasiya almaqdır. Bu barədə Səbayel Rayon İcra Hakimiyyətinin də xəbəri var. Lakin çoxsaylı şikayətlərə baxmayaraq, bir tədbir görmürlər. Hansısa makler dövlətin kompensasiya verib, köçürdüyü ərazidə bu böyüklükdə tikinti apara bilərmi? Əlbəttdə, yox. Bu, mümkünsüzdür. Demək, bu dələduzlara havadarlıq edənlər var. Bundan savayı, 10 gün əvvəl əraziyə daş töküb, tikintini davam etdirmək istəyirdilər. Lakin icra hakimiyyətinə çoxsaylı şikayətdən sonra məcbur qalıb, götürdülər. Lakin bir dəfə plana getmiş ərazində tikilən 1000 kvadratmetrlik tikilini görməzdən gəlib, məsələni ört-basdır edirlər". Şikayətçinin Google xəritədən çəkdiyi fotolarda haqqında bəhs etdiyimiz ərazinin boş olduğu aydın görünür. Yəni həmin ərazi dövlət tərəfindən köçürüldükdən sonra, eyni ildə xəritədə boş ərazi kimi göstərilib. Məsələ ilə bağlı Səbayel Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, telefonlarımıza cavab verilmədi. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Musavat.com Rubrika.az Geri qayıt |