Əsas Səhifə > Hadisə > Korrupsiya və məmur özbaşınalığı: bunlarla mübarizə necə olmalıdır - iş adamından mühüm təkliflər

Korrupsiya və məmur özbaşınalığı: bunlarla mübarizə necə olmalıdır - iş adamından mühüm təkliflər


11-07-2018, 18:16
Korrupsiya və məmur özbaşınalığı: bunlarla mübarizə necə olmalıdır - iş adamından mühüm təkliflər

Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır.Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, bu fikri prezident İlham Əliyev 2018-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət iclasında söyləyib.

Prezidentin sözlərinə görə, aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulub: “Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”.

Dövlət başçısı qeyd edib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq: “Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Füzuli Məmmədov hesab edir ki, Azərbaycanda korrupsiya və məmur özbaşınalığı dövlətçiliyə təhlükə yaradacaq səviyyədədir (Minval.az): “Diqqətlə analiz etsək, əmin olarıq ki, Mingəçevir İES-dəki qəza və Gəncə şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd nəticə etibarilə iqtisadi və kardinal dəyişikliklərə ehtiyacı olan məmur-kadrlar sistemlərində çatışmazlıqlardan doğan hadisələrdir. Mən əvvəllər də qeyd etmişəm ki, bütün bu ağrılı problemlər bir-biri ilə sıx bağlıdır və onların həll yolu respublikanın bütün dövlət aparatının kadr heyətinin kardinal yenilənməsindən keçir. Biz köhnə korrupsiyalaşmış kadrlarla vidalaşıb müxtəlif ranqlı məmurların özbaşınalığına son qoymasaq, bütün Azərbaycanın gələcəyi zülmətə bürünə bilər. Buna görə də bu gün geniş miqyaslı kadr islahatı Azərbaycan üçün mahiyyət etibarilə ölüm-qalım məsələsidir. Müstəqil Azərbaycan dövlətçiliyinin və xalqımızın gələcəyi məhz kadr islahatlarının gedişindən asılıdır. Artıq bu islahatları gecikdirmək olmaz, əks halda biz həlli praktiki olaraq mümkün olmayan daha faciəvi problemlərlə üz-üzə qalacağıq”.

F.Məmmədovun fikrincə, aprel seçkilərindən sonra Azərbaycan hökumətində baş verən kadr dəyişiklikləri lokal xarakter daşıyırdı və köhnə düşüncəli, korrupsiyalaşmış məmur maşınının mahiyyətini dəyişmədi: “Biz yalnız yeni baş nazir və bir neçə gənc nazir əldə etdik. Lakin köhnə məmur aparatı toxunulmaz qaldı. Hələ ki, biz fəaliyyəti ilə dövlət hakimiyyətinin imicinə zərər vuran korrupsiyalaşmış məmurları süpürüb atacaq geniş miqyaslı kadr islahatlarının başlandığını görmürük.

Bu şərtlər daxilində Azərbaycan xalqının birliyinə nail olmaq və ölkədə ictimai-siyasi sabitliyi qoruyub saxlamaq keçən hər gün daha da çətinləşir. Buna görə də təxirəsalmadan və tam qətiyyətlə geniş kadr islahatlarına başlamaq lazımdır. Özü də bu islahat yuxarıdan aşağı bütün məmur aparatını, bütün yaşayış məntəqələrini, bütün dövlət struktur və müəssisələrini əhatə etməlidir”.

Müsahibimiz deyir ki, sosial şəbəkələrdəki ab-havadan aydın olur ki, bu gün məmur özbaşınalığı və korrupsiya cəmiyyəti qıcıqlandıran ən əsas amillərdir: “Bu amillər müstəqil dövlətimizin varlığına və xalqımızın birliyinə çox ciddi təhlükə yaradırlar. E.Vəliyevə sui-qəsd göstərdi ki, Azərbaycan cəmiyyəti son dərəcə gərgindir və hər hansı bir məqsədyönlü təxribat çox ağır nəticələri olan hadisələrə gətirib çıxara bilər. Mahiyyət etibarilə biz bu gün təəssüf ki, ciddiliyini çoxumuzun düzgün qiymətləndirmədiyimiz potensial faciənin bir addımlığındayıq.

Sosial şəbəkələr vasitəsilə açıq düşmənçiliyi qızışdıran hakimiyyət və müxalifət nümayəndələri, xüsusilə radikal müxalifət təmsilçiləri özlərinin qeyri-korrekt hərəkətlərinin nəticələri barədə düşünməlidilər. Lakin hər bir halda Azərbaycanda hadisələrin sonrakı inkişafına, ölkəmizin taleyinə məsuliyyəti birmənalı olaraq iqtidar daşıyır. Ən sadə bir səbəbdən ki, o hakimiyyətdir. Hansı ki, əlindəki hakimiyyətdən yalnız Azərbaycan xalqının maraqları naminə istifadə etməlidir, nəinki tərbiyəsiz məmurların kiçik çevrəsi üçün”.

F.Məmmədov Azərbaycandakı vəziyyəti qiymətləndirmək üçün mütləq regiondakı proseslərin təhlil olunmasını təklif edir. Onun fikrincə, xüsusilə İranla bağlı baş verənlər nəzərə alınmalıdır: “Bütün bunlara görə Azərbaycan rəhbərliyi təcili şəkildə mümkün inqilabın profilaktikası ilə məşğul olmalıdır. Lakin bu profilaktika əhalini qəzəbləndirən, cəmiyyətdə əks-təsir yaradan sərt cəzalandırma tədbirləri ilə deyil, ölkədə ictimai-siyasi sabitliyi möhkəmləndirəcək populyar və kardinal qərarlarla müşayiət olunmalıdır. Dövlət çevrilişi və ya inqilab təhlükəsi yaranarsa, hakimiyyət ona qarşı mübarizəni xalqdan dəstək alaraq, onun mənafelərini əsas götürməklə inqilabi addımlarla aparmalıdır. Belə addımlar isə məhz korrupsiya və məmur özbaşınalığı ilə total mübarizəni, dövlət aparatının bütünlüklə yenilənməsini nəzərdə tutmalıdır. Bu zaman korrupsiya və özbaşınalığa yol vermiş bütün məmurlar ən sərt formada cəzalandırılmalıdır ki, bütün digər dövlət qulluqçularına da dərs olsun.

Ölkəmizdə hadisələrin xaotik inkişafına yol verilməməlidir , çünki bu, faciəvi nəticələrə gətirib çıxara bilər. Hakimiyyətin tərəfdarları da, əleyhdarları da başa düşməlidilər ki, sosial şəbəkələr və Youtube vasitəsilə apardıqları qarşılıqlı düşmənçilik bir gün küçələrdə canlı və aqressiv aksiyalara keçə bilər”.

“...Hesab edirəm ki, daha yaxşısı bu olar ki, Azərbaycan Prezidenti İlham Əliyev qabaqlayıcı hərəkət edərək, təcili şəkildə prezident yanında korrupsiya və məmur özbaşınalığına qarşı mübarizə üzrə şöbə və Prezident qvardiyası yaratmalıdır. Hər iki struktur birbaşa prezidentə tabe olmalı, onun göstərişlərini icra etməlidilər. Prezident qvardiyası küçə etirazlarını yatırmaqla deyil, korrupsiyalaşmış məmurlara qarşı sərt mübarizə ilə məşğul olmalı və məmur özbaşınalığına son qoymalıdır. Mərkəzi və regional icra strukturlarında korrupsiya və məmur özbaşınalığına son qoymaq üçün Prezident qvardiyasına müstəsna səlahiyyətlər verilməlidir. Bu qurum çox qısa müddətdə dövlət aparatını köhnə, korrupsiya və özbaşınalığa bulaşmış məmurlardan təmizləməlidir. Prezident qvardiyasının köməyi ilə genişmiqyaslı və kardinal kadr islahatları aparılmalı, bütün səviyyələrdə korrupsiyalaşmış məmurlar ən sərt şəkildə cəzalandırılmalıdır. Bu mübarizədə uğur qazanmağın yeganə yolu qanun qarşısında hamının bərabərliyinin təmin olunması, toxunulmaz şəxslərin olmamasından keçir.

Bu zaman korrupsiya və özbaşınalığa görə vəzifədən çıxarılan şəxslərin bir daha dövlət qulluğuna alınmamasına xüsusi diqqət yetirilməlidir. Hansısa nazirlərin belə adamları öz nazirliyində işə götürərək himayə etməsinə imkan verilməməlidir”.

Müsahibimizə görə, Prezident qvardiyasının korrupsiyaya qarşı uğurlu mübarizəsinə nail olmaq üçün onun yüksək vəzifəli məmurların təsirindən qorumaq lazımdır: “O yalnız birbaşa prezidentə tabe olan vahid mərkəzdən idarə olunmalıdır. Prezident özü isə korrupsiya və harınlaşmış məmurlara qarşı əsas mübariz olmalıdır. Prezident korrupsiya maşınını qətiyyətlə məhv etməli, öz iradəsini həm xalqa, həm məmurlara göstərməlidir.

Azərbaycan Prezidenti yanında Korrupsiya və məmur özbaşınalığına qarşı mübarizə şöbəsinin yaradılması da zəruridir. Bu şöbəyə ən layiqli, vicdanlı və sınanılmış insanlar təyin olunmalıdır. Kadr islahatları və korrupsiya ilə mübarizə şəffaf həyata keçirilməli, dövlət KİV-ləri hər gün tutulan və ya ifşa edilən korrupsionerlər barədə məlumat yaymalıdılar. Bu, bütün məmur aparatını qorxuya salaraq onların xalq və dövlətin maraqları naminə çalışmalarını təmin edəcək”.

F.Məmmədov deyir ki, korrupsiya və məmur özbaşınalığına qarşı mübarizəni hakimiyyət deyil, xalq qiymətləndirməlidir: “Hakimiyyət xalqın əsas müdafiəçisi olmalı, onu məmurların qanunazidd hərəkətlərindən mühafizə etməlidir”...Musavat.com

Rubrika.az
Geri qayıt