Əsas Səhifə > Gündəm > İlham Əliyevdən icra başçıları ilə bağlı yeni strategiya: Kimlər yola salınır?

İlham Əliyevdən icra başçıları ilə bağlı yeni strategiya: Kimlər yola salınır?


24-07-2018, 15:48
İlham Əliyevdən icra başçıları ilə bağlı yeni strategiya: Kimlər yola salınır?

Prezidentin seçkidən sonra başladığı təmizləmə prosesinin yeni dalğasının orta ranqlı məmurları əhatə edəcəyi gözlənilir; ekspert: "Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”...

Rubrika.Az Pia.az-a istinadla bildirir ki, yaxın vaxtlarda daha bir neçə rayonun icra başçılarının dəyişdirilməsi gözlənilir.

Onların yerinə YAP fəallarının və icra strukturlarında yüksək vəzifə tutmayan gənclərin gətirilməsi planlaşdırılır. Əldə etdiyimiz məlumata görə, yaxın həftələrdən başlayaraq, barələrində daha çox şikayətlər edilən icra başçılarının vəzifələrindən azad olunması ilə yanaşı, onların son üç il ərzindəki fəaliyyətləri təftiş ediləcək. Təxminən 20-yə yaxın icra başçısının fəaliyyətindən doğan əsaslı şikayətlər Prezident Administrasiyası tərəfindən müxtəlif yollarla araşdırılıb və əmin olunub ki, artıq bir sıra yerli icra hakimiyyətlərinin başçıları şikayətlərlə bağlı yuxarının özünü də düzgün məlumatlandırmırlar.

Qeyd edək ki, vətəndaşların əsas narazılıqları xüsusilə özünü "kiçik padşah” kimi aparan icra başçılarındandır və hakimiyyət bu postla bağlı yeni strategiya hazırlayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 11 aprel seçkilərindən sonra kadr dəyişiklikləri həyata keçirib. Ölkə başçısının ilk dəyişikliyə Nazirlər Kabinetindən başladığı məlumdur. Belə ki, uzun illər hakim komandada mühüm post tutan bir sıra nazir və komitə sədri işdən çıxarılıb.

Onların yerinə isə əvvəldən adı hansısa yüksək vəzifəyə gətirilə biləcək şəxslər olaraq hallanmayan kadrlar gətirilib. Yeni nazirlər və komitə sədrlərinin təyinatında daha çox gənc kadrlara stavka edilib. Ölkə başçısının kadr dəyişikliklərinin davamlı olacağı bildirilirdi. Proqnozları 10-dan artıq rayonun icra başçısının vəzifədən azad edilməsi doğrultmuş oldu.

Bu günlərdə əldə etdiyimiz məlumatlarda deyilir ki, yerlərdə narazılıq yaradan icra başçılarının vəzifədən götürülməsi davam edəcək.

Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva bildirdi ki, prezident İlham Əliyevin icra orqanlarında seçkilərdən sonra başladığı və yaxınlarda davam edəcəyi "təmizləmə işləri” seçkilərdən sonra hökumətin tərkibində aparılan genişmiqyaslı dəyişikliklərin davamı sayıla bilər: "Cənab prezident qarşıya mühüm strateji vəzifələr qoyub. Biz onları islahat proqramları adlandıra bilərik. Yəni yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət, yerli icra orqanları maksimum şəffaf işləməyə çalışmalı, əhali üçün əlçatan olmalı və çevik qərarlar qəbul etməlidir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdırlar. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”.

Rubrika.Az
Geri qayıt