Əsas Səhifə > Hadisə > Bu mövsümdə qiymət ucuzlaşmayacaq: Ümid gələn ilə qalıb
Bu mövsümdə qiymət ucuzlaşmayacaq: Ümid gələn ilə qalıb24-07-2018, 20:50 |
![]() Bu il istehlakçılar kənd təsərrüfatı məhsullarının pərakəndə satış bazarında qiymət artımından şikayətçidirlər. Müşahidələr alıcıları haqlı çıxartmağa əsas verir. Belə ki, bazar və marketlərdə mövsümi satışa çıxarılan bütün növ kənd təsərrüfatı məhsullarının istehlak qiymətləri əvvəlki illə müqayisədə bahalaşıb. Bazarda əriyin və acı bibərin kilosu 2-3 manat arasında dəyişir. Pomidorun və badımcanın kilosu 2 manata, qarpızın kilosu 0.60-0.70 qəpik, yemiş 1.20 manata, gilas isə 2 manata təklif olunur. Mövcud vəziyyət heç fermerlərin də ürəyincə deyil. Onlar tədarük olunan məhsulun maya dəyərindən çox aşağı qiymətə götürüldüyünü deyir. Bir qrup analitik hesab edir ki, fermerlər bazar təklifinə uyğunlaşa bilmirlər. Onlar ötən il yaxşı və baha satılan məhsulu əkir, yaranmış bolluq nəticəsində məhsul ucuz satılır. Bəzi ekspertlər də bunu süni qiymət artımı kimi qiymətləndirir. İqtisadçıların fikrincə, Azərbaycanda kənd təsərrüfatına böyük həcmdə investisiya qoymaqdan çəkinirlər. Ona görə də bu sahə ləng inkişaf edir. Aqrar sektorun inkişaf etdirilməsini, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalını, istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılmasını, emal və yeyinti sənayesinin xammala, əhalinin isə ərzaq məhsullarına olan tələbatının yerli məhsullar balansına ödənilməsini təmin etmək üçün büdcədən bu sektora dövlət yardımını artırmaq lazımdır. Mövcud bazar mexanizmi ilə qiyməti ödəməyən o malın faydasından məhrum olunmaqdadır. İqtisadçı-ekspert Akif Nəsirli aqrar məhsulların qiymətində yaranan artımın səbəblərini “Cümhuriyət” qəzetinə şərh edib. O bildirib ki, qiymət artımı bir məsələ üzərində tənzimlənmir: “Bu prosesin əmələ gəlmə səbəblərindən biri fermerlərin öz məhsullarını birbaşa bazara çıxarda bilməməsidir. Məhsulu tarladan alanlar öz xərclərini də həmin mallara tətbiq edib satışa çıxardırlar. Dünyanın heç bir yerində fermer həm məhsul istehsal edib, həm də bazarda satmır. Təbii ki, belələri də var, amma çoxluq təşkil etmir. Hesab edirəm ki, satışın təşkili məsələsi qiymətlərin yüksək olmasına həddən artıq təsir edə bilməz. Ümumiyyətlə, bu il bostan-tərəvəz bitkilərinin istehsalı aşağı düşüb. Burada əsas amil bölgələrdə su çatışmazlığıdır. Məlumdur ki, pambığı strateji məhsul elan edib, onun əkinini bütün regionlarda genişləndirdilər. Pambıq da su tələb edən bitkidir, onun yarpaqları böyük olduğundan buxarlanma da çox gedir. Mahlıcı bir ayda 3 dəfə suvarırlar. Bu, dövlət səviyyəsində strateji sayılan məsələ olduğundan, yerlərdə inzibati orqanlar suyu birinci pambığa verirlər. Bundan sonra imkan yaranarsa, digər bostan bitkilərinə də su verirlər. Məndə olan məlumata görə, hazırda Sabirabadda hektarlarla qarpız sahəsi susuzluqdan yanıb. Analoji vəziyyətin cənub bölgəsində pomidor, xiyar sahəsində də hökm sürdüyü deyilir. Hökumətin dəstəklədiyi məmur fermerlər var. Plana uyğun olaraq əkilən pambıq sahələrinin suvarılması yekunlaşmayana qədər digər fermerlərə su verilmir. Problemin kökü həm də bundadır”. Ekspert onu da qeyd edib ki, bu il yay mövsümündə hava şəraiti çox əlverişsiz olub: “Su qıtlığı ilə yanaşı, isti hava məhsuldarlığa ciddi təsir göstərib. Bu il aqrar sahədə məhsuldarlıq çox aşağıdır. Ötən illə müqayisədə bu il kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı da çox yüksək həcmdə deyil. İstehsalında məhsuldarlıq aşağı olduğu üçün ixracatda da azalmalar var. Bundan əlavə, məhsul satışı ilə məşğul olanların bazara girişi üçün müəyyən xərclər tələb olunur. Bütün bu amillər məhsulların qiymətinə öz təsirini göstərir. Qənaətimcə, vəziyyətdən çıxış yolu daxili imkanlar hesabına baş veməyəcək, artıq mövsüm keçib. Amma növbəti fəsildə düşünmək lazımdır. Ölkənin kənd təsərrüfatının normal məcraya gətirilməsi üçün hökumət xeyli müdaxilələr etməlidir. Fermerləri istəmədikləri məhsulu əkməməlidir. Digər tərəfdən fermer nəyi seçirsə, yardım etmək lazımdır ki, o, daha rentabelli məhsul istehsal edə bilsin. Aqrar sahə bu təklifə hazır olmasa da, ancaq irəli sürülən tələblərdən biri də odur ki, kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənmə mexanizmini ölkəyə gətirmək lazımdır. Kənd təsərrüfatı qiymətlərinin sabit olması üçün hökumət müəyyən strukturlar formalaşdırmalıdır. Bu istiqamətdə dünya təcrübəsindən istifadə etməklə aqrar sektoru inkişaf etdirmək olar. Azərbaycanda ciddi potensialın olması ilə yanaşı, yararlı torpaqlar, təcrübəyə malik işçi qüvvəsi də var. Demək olar ki, iş qabiliyyətli əhalinin 60-70 faizinin kənd təsərrüfatı vərdişləri var. Sadəcə olaraq, meyillər hansı istiqamətədirsə, hökumət o istiqaməti stimullaşdırmalıdır. Hesab edirəm ki, ölkədə kənd təsərrüfatına planlı kapital qoyuluşu yatırılmalıdır. Belə ki, oxşar iqlimə malik ölkələrin təcrübəsindən istifadə edərək proqramı həyata keçirtmək olar. Çox uzağa getmək lazım deyil, ilk növbədə İranın təcrübəsindən yararlanmaqla kənd təsərrüfatını inkişaf etdirə bilərik”. Rubrika.az Geri qayıt |