Əsas Səhifə > Hadisə > Tikinti oliqarxlarının yeni ƏMƏLİYYATI
Tikinti oliqarxlarının yeni ƏMƏLİYYATI26-07-2018, 23:32 |
|
Yasamalda ağaclara qarşı edilmiş vandalizm aktı sosial şəbəkələrdə ciddi müzakirə edilir. Əksər vətəndaşlar ərazidə obyekt tikmək üçün ağaclara qənim kəsilmiş iş adamlarını sərt ifadələrlə qınayır. Söhbət Yasamaldakı həyətlərdən birində 2 çoxillik ağacın dibinə qələvi turşusunun (kislota) tökülməsindən gedir. “Uzaqgörən” işbazlar bu yolla ağacları qurutmaq, sonra kəsmək istəyirmişlər. Paytaxtda və digər iri şəhərlərdə “yaşıl soyqırım” nümunələrinə çox rast gəlmişik. Bəzən binaların kənarında, həyətlərdə, yol qırağında olan ağaclıqlar bir müddət sonra “yoxa çıxır”. Ərazidə çoxmərtəbəli bina, ticarət və iaşə obyektləri salınır. Beləcə, 100 il, 50 il bundan öncə salınmış yaşıllıqlar hansısa işbazın, korrupsioner məmurun tamahının qurbanına çevrilir. Artıq Bakının “oksigen balonu” hesab edilən yaşıllıqlarını əksəriyyəti məhv edilib. Baş verən son hadisə cəmiyyətdə ciddi ajiotaj doğurdu. Aidiyyati qurumlar operativ reaksiya göstərdirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dibinə zərərli maddə tökülmüş ağacları himayəyə götürdüyünü açıqladı. Ağacların dibinə zəhərli kimyəvi maddənin tökülməsi faktı ilə bağlı bəzi günahkarlar tapıldı. Bunu edənlərin sadə insanlar və ya xırda sahibkarların olduğunu düşünmək sadəlövhlük olardı. Adətən, “yaşıl soyqırım”ın arxasında oliqarxa çevrilmiş məmurlar və bu işə göz yuman icra başçıları dayanır. Nazirlik bunun qarşısını necə ala bilər? Əgər bu cür neqativ halların qarşısını nazirlik səviyyəsində almaq mümkün olsaydı, uzun illər davam edən “yaşıl soyqırım” halları belə sürətlə artmazdı. Bu məsələnin köklü həlli ölkə başçısının müdaxiləsindən keçir. Hesab olunur ki, yeni nazir Muxtar Babayev bu məsələni kökündən həll etmək üçün dövlət başçısından kömək istəməlidir ki, bu adamlara qarşı tədbir görə bilsin. Xatırladaq ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısı bir çox məsələlərə toxunub. Ən çox diqqətçəkən məqamlardan biri isə şəhərin mərkəzində aparılan qanunsuz tikililər və həmin şirkətlərə icazə verən icra hakimiyyətlərinin ciddi cəzalandırılacağı ilə bağlı prezident İlham Əliyevin xəbərdarlığı oldu. Digər tərəfdən, bu cür məsələlərə rəvac verən icra başçıları da məsuliyyət daşıyır. Çünki icra başçılarının xəbəri və ya razılığı olmadan heç bir sahibkar belə bir addım ata bilməz. Əgər həqiqətən də icra başçısının belə bir halın baş verməsindən xəbəri yoxdursa, bu daha böyük problemdir. Bir icra başçısı öz nəzarətində olan ərazidə baş verənlərdən xəbərsizdirsə, onun kresloda qalması heç bir vəzifə etikasına, məntiqə sığmır. ![]() İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bu problemin aradan qaldırılması üçün cinayət məsuliyyətinin tətbiqinə ehtiyac olduğunu deyib: “Əslində bu cür məsələlərin geniş yayıldığı heç kimə sirr deyil. Azərbaycanda uzun zamandır ağacları kəsib yerlərində obyekt tikirlər. Bunun üçün bu günə qədər müxtəlif üsullara əl atıblar. Yanğınlar törədilib, ağaclar qurudulub, gecə ilə yaşıllıqlar məhv edilib və sair yollarla ərazilər boşaldılıb ki, sonradan orada istənilən obyektin tikintisi üçün icra orqanları icazə versin. Yəni, burada İcra Hakimiyyətinin birbaşa icazəsi və razılığı olmasa, heç kim belə bir addım ata bilməz. Bu isə artıq tək ekologiyanın pozulması deyil, cinayət məsuliyyətidir, korrupsiya hallarının olmasıdır. Çünki maddi maraq olmasa, İcra Hakimiyyəti bu işə qol qoymaz. Hesab edirəm ki, bu cür məsələlərin qarşısını almaq üçün daha sərt addımların atılmasına ehtiyac var. Təkcə cərimələrlə bu problemi həll etmək olmaz. Çünki bu cərimələr iş adamları üçün çox cüzi məbləğdir və çox zaman sahibkar, məmur-hansı ki, həmin əraziyə göz dikən şəxs sonradan həmin cəriməni çox asanlıqla ödəyə bilirlər. Amma burada cinayət məsuliyyəti olarsa, bu müəyyən çəkindirici məqam ola bilər. Ağacların kəsilməsi həm sosial, həm siyasi, həm də vətəndaşların sağlamlığı, təhlükəsizliyi məsələsidir. Dünyanın bir çox ölkələri var ki, orada torpaq həddindən artıq bahadır. Məsələn, Nyu-Yorkun yaxınlığında bir park var, həmin parkın ətrafında torpağın 1 kvadratmetri 40-50 min dollardır. Əgər orada sərt qaydalar olmasaydı, ağacları kəsib obyektlər inşa edib, külli miqdarda vəsait əldə edərdilər. Tokio və bir çox yerlərdə də bu qaydalar belədir. Deməli, həm maarifləndirici tədbirlər, həm də sərt qaydalar, cinayət məsuliyyəti olmalıdır ki, bu cür neqativ hadisələrin qarşısını almaq mümkün olsun. Görünən odur ki, tək cərimələrlə bu problem həll olunmur. Burada artıq daha ciddi addımlar atmaq lazımdır. Tək ağacları kəsən, məhv edən yox, onlara əmr edən, bu işə göz yuman iri məmurlar ciddi şəkildə cəzalandırılmalıdır ki, müəyyən bir çəkindirici funksiyaya malik olsun”. Ekspert bildirib ki, əslində prezident hər məsələyə müdaxilə etməməlidir: “Hər məsələyə görə prezident qərar verməli deyil. Azərbaycanda daxili, xarici siyasət, Qarabağ məsələsi ilə bağlı o qədər taleyüklü məsələ var ki, hər kəsilən ağaca görə prezidentin qərar verməsi normal deyil. Əgər hər ağaca görə prezident qərar verəcəksə, bu artıq doğru deyil. Bu, o deməkdir ki, sistem düzgün işləmir. Sistem elə qurulmalıdır ki, prezidentin iştirakından asılı olmayaraq, bu problem həll olunsun. Təbii ki, hər şeyin prezidentə çatdırılması və onun qərar verməsi doğru deyil. Amma bunun müəyyən çəkindici funksiyası da var. Məsələn, ciddi rezonans doğuran məsələyə prezident reaksiya verib həmin şəxsləri cəzalandırırsa, bu bir müddət çəkindirici amil olur. Amma görünən odur ki, bir müddətdən sonra məmurlar yenə də öz bildiklərini edirlər”.Cebhe.info Rubrika.az Geri qayıt |