Əsas Səhifə > Hadisə > Rusiya sabiq prezidenti hakimiyyətə qaytarır: KREMLDƏ HAZIRLANAN PLAN

Rusiya sabiq prezidenti hakimiyyətə qaytarır: KREMLDƏ HAZIRLANAN PLAN


26-07-2018, 23:50
Rusiya sabiq prezidenti hakimiyyətə qaytarır: KREMLDƏ HAZIRLANAN PLAN

Ermənistanın eks-prezidenti Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə bağlı ifadə vermək üçün iyulun 26-da Xüsusi İstintaq Xidmətinə çağırılıb.

Xatırladaq ki, həmin vaxt dinc mitinq iştirakçılarının gülləbaran edilməsi faktına görə cinayət işi açılıb. Ermənistanın bir sıra keçmiş vəzifəli şəxsləri artıq istintaqa cəlb olunub. Sabiq müdafiə naziri Mikael Arutunyan barəsində isə cinayət işi açılıb. Ölkədən qaçmış Arutunyanın axtarışa verilməsi üçün Interpola müraciət edilib. Paşinyan hökuməti dinc mitinq iştirakçılarından 8 nəfərin ölümü, 200-dən artıq insanın yaralanması ilə nəticələnmiş atəş əmrinin kim tərəfindən verildiyini müəyyənləşdirməyə çalışır.

Onu da qeyd edək ki, martın 1-dən 2-ə keçən gecə baş vermiş iğtişaşlarda 2 hərbçi də ölüb. 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkilərində Ermənistan Milli Konqresinin namizədi Levon Ter-Petrosyan qalib gəlsə də, səsvermənin nəticələri baş nazir Serj Sarkisyanın xeyrinə saxtalaşdırılmışdı. Martın 1-də prezident vəzifəsini Robert Koçaryan icra etdiyi üçün oturaq mitinqə silahlı divan tutulması əmrini onun verdiyi güman olunur. Ancaq R.Koçaryanın Rusiyadan gəlmiş təlimata əsasən bu addımı atdığına şübhə yoxdur. Ona görə də Ermənistanın silahlı qüvvələrinin İrəvan qarnizonunun sabiq rəisi və sonradan baş qərargah rəisi olmuş Yuri Xaçaturov, daxili qoşunların keçmiş rəisi Qriqor Qriqoryan, həmin dövrdə silahlı qüvvələrin baş qərargah rəisi işləyən Seyran Ohanyan da dindirilmək üçün Xüsusi İstintaq Xidmətinə dəvət edilib. Əgər ibtidai istintaqın gedişində verilən şahid ifadələri və mövcud faktların araşdırılması prezidentin kütləyə atəş açmaq əmri verdiyini sübuta yetirsə, o zaman R.Koçaryan barəsində cinayət işi açılacaq.

Robert Koçaryana yaxın dairələr isə “Qraparak” qəzetinə açıqlamasında ikinci prezidentin bu məsələ ilə hər hansı ifadə verməkdən nəinki yayınmadığını, hətta 1 mart hadisələrinin yükündən azad olmaq istədiyini deyib. Lakin Koçaryan dindirilmə prosesinin videoçəkiliş altında keçirilməsini istəyir.

Rubrika.az Cebhe.info-ya istinaden xeber verir ki, Bəzi mənbələr onu da bildirir ki, Robert Koçaryanın Ermənistana qayıtması heç də özünün dediyi kimi, yalnız istintaqa ifadə vermək məqsədi daşımır. Əslində, R.Koçaryanın gəlişi Moskvada hazırlanmış bir siyasi planın tərkib hissəsidir. Belə ki, Rusiya onu yenidən böyük siyasətə qaytarmaq üzərində düşünür. Çünki Rusiya artıq nə Serj Sarkisyana, nə də Nikol Paşinyana güvənmir. Ona görə də Kremlin hazırladığı plan baş nazir postunun Robert Koçaryana ötürülməsini nəzərdə tutur. “Məxməri inqilab” yolu ilə devrilmiş Serj Sarkisyan siyasi nüfuzunu tamamilə itirib və artıq ölkəni tərk edib. Nikol Paşinyan isə açıq şəkildə Qərblə yaxınlıq nümayiş etdirir. Bu da Rusiyanın bölgədəki geostrateji maraqlarına təhlükə yaradır.
Rusiya sabiq prezidenti hakimiyyətə qaytarır: KREMLDƏ HAZIRLANAN PLAN

Artıq ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin üzvləri prezident Donald Trampa müraciət edərək sentyabr ayında BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində baş nazir Nikol Paşinyanla görüşməyi xahiş edib. Müraciəti konqresmenlərdən Frenk Palloun, Ceki Spayer, Deyv Trott, Devid Valadao, Qus Birilakis və Adam Şiff imzalayıb.

Xatırladaq ki, N.Paşinyanın iyulun 10-da NATO üzvü olan və tərəfdaş ölkələrin Brüsseldə keçirilən sammitində prezident Trampa yaxınlaşması da diqqətdən yayınmamışdı. Təbii ki, Paşinyanın Qərb dairələri ilə münasibətlərinin getdikcə dərinləşməsi Rusiyanı daha ciddi narahat edir. Əgər qarşıdan gələn növbədənkənar seçkilərdə Paşinyan yenidən qalib gələrsə, o zaman hakimiyyətini tam möhkəmlətmək imkanı əldə edəcək.

Bu isə Paşinyana Qərbin dəstəyini qazanmaq üçün legitimlik yarada bilər. Sözügedən təhlükənin qarşısını almaq üçün Rusiyanın hərəkətə keçdiyi və Paşinyan hökumətini devirmək planları üzərində işlədiyi görünür. Kreml bu posta Robert Koçaryanı təkrar hakimiyyətə qaytarmağı daha münasib variant hesab edir. Çünki Rusiyanın maraqları R.Koçaryanın hakimiyyəti illərində Ermənistanda daha möhkəm şəkildə təmin olunub. Üstəlik, Moskva Koçaryana ölkədə əsas siyasi güc mərkəzlərindən biri olan Qarabağ klanı daxilindəki bütün qruplaşmaların qəbul etdiyi lider kimi baxır. Lakin onu da nəzərə almaq lazımdır ki, “məxməri inqilab”dan sonra Qarabağ klanının Ermənistanın siyasi həyatındakı rolu xeyli zəifləyib. Artıq bu klanın orduya yaxın və geniş maliyyə imkanlarına malik təmsilçiləri davamlı surətdə həbs edilir. Ermənistan Respublika Partiyasının deputatları isə həbs təhlükəsindən özünü qorumaq üçün istefa ərizələrini Serj Sarkisyana təqdim edir. Buna baxmayaraq, Rusiya Paşinyan hökumətinə qarşı yeganə alternativ siyasi qüvvə kimi Qarabağ klanından istifadə etməyə çalışır. Parlamentdə 50 faizdən artıq səs çoxluğuna malik olan bu klanın silahlı qrupları, Rusiya tərəfindən siyasi və maliyyə dəstəyi var. Bununla yanaşı, “Koçaryan hakimiyyəti dəyişmək üçün daxildə kifayət qədər ictimai resurslara malikdirmi” sualına cavab vermək indiki şəraitdə xeyli çətin görünür. Çünki Paşinyan Rusiyanın planlarından artıq xəbərdardır və Moskvaya səfəri zamanı Kremlə sadiq olduğuna Putini inandırmağa çalışacaq.

“Qraparak” qəzetinin yazdığına görə, R.Koçaryanının eks-prezident kimi toxunulmazlıq statusu ləğv edilə bilər. Paşinyan bunu etməklə çox güman ki, Koçaryanın həbsi üçün siyasi zəmin formalaşdırır. Əks təqdirdə, Koçaryan yaxın aylarda Paşinyan üçün problem yaradacaq fiqur kimi Moskva tərəfindən meydana atılacaq. Bu səbəbdən, Ermənistanda son zamanlar klanlar arası savaşın güclənməsi müşahidə olunur. Eks-Prezident Levon Ter-Petrosyanın iyulun 16-da N.Paşinyanla qapalı görüşünün də məhz inqilabçı qüvvələrə təhlükə yarada biləcək Koçaryan-Sarkisyan cütlüyünü zərərsizləşdirməyə hesablandığı istisna edilmir.

Serj Sarkisyanın qardaşı Aleksandr və onun oğlu bəs edilib. Digər qardaşı Levon Sarkisyan barəsində cinayət işi açılaraq, axtarışa verilib. Eyni zamanda, Levonun qızı Anka həbs olunub. Serj Sarkisyan özü isə müalicə olunmaq adı altında İtaliyaya gedib. Bununla yanaşı, 1 mart qırğını ilə bağlı şahid qismində və ya ortaya çıxa biləcək hər hansı dəlillərlə bağlı onun da ifadəsinin alınacağı gözlənilir. Robert Koçaryanın toxunulmazlıq statusunun ləğv edilməsi isə hakimiyyətə yenidən iddia edən eks-prezidenti susdurmaq üçün daha tutarlı arqumentə çevrilə bilər.


Rubrika.az

Geri qayıt