Əsas Səhifə > Mədəniyyət > Enerji qəzasından 1 ay ötdü: stansiyanın işi tam bərpa olunub

Enerji qəzasından 1 ay ötdü: stansiyanın işi tam bərpa olunub


3-08-2018, 10:58
Enerji qəzasından 1 ay ötdü: stansiyanın işi tam bərpa olunub

Dövlət Komissiyası tədbirlər planı hazırlayıb; enerji sistemi üzrə hərtərəfli audit aparılması nəzərdə tutulur

Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən və bütün ölkəni zülmətə qərq edən qəzadan bir ay ötdü. Bu müddət ərzində prezidentin fərmanı ilə yaradılmış Dövlət Komissiyası enerji sistemindəki vəziyyəti araşdıraraq öz təkliflərini hazırlayıb.

Energetika Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, komissiya Rusiya və Almaniyadan mütəxəssislər cəlb edərək enerji istehsalı obyektlərində vəziyyəti qiymətləndirib: “Bütün elektrik stansiyalarının vəziyyəti yoxlanıb. Təxirəsalınmaz, qısa və ortamüddətli tədbirlər müəyyənləşdirilib. Onların əsasında xüsusi tədbirlər planı hazırlanıb, hansı işlərin görüləcəyi müəyyənləşdirilib. Yaxın vaxtlarda tədbirlər planı və qiymətləndirmənin ilkin nəticələri prezidentə təqdim olunacaq. Cənab prezidentin qərarından sonra elektrik stansiyalarının gücünün bərpa olunması, optimallaşdırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanacaq”.

Nazirlikdən bildirildiyinə görə, komissiyanın araşdırmaları davam edir: “Generasiya güclərinin optimallaşdırılması və bərpası üzrə xüsusi proqram hazırlanacaq. Bundan əlavə, enerji sistemi üzrə hərtərəfli audit aparılması nəzərdə tutulur. Nəzərdə tutulan tədbirlər həyata keçiriləndən sonra enerji təchizatı sistemində vəziyyətin çox ciddi şəkildə dəyişəcəyinə inanırıq”.

“Azərenerji” ASC-dən aldığımız məlumata görə, qəzanın nəticələri tezliklə aradan qaldırılıb, Mingəçevir İES-in fəaliyyəti tam bərpa olunub: “Qəzadan sonrakı ilk günlərdən etibarən Mingəçevir İstilik Elektrik Stansiyasında istehsal tam gücü ilə bərpa olunub. Hazırda stansiyanın 7 blokunda istehsal davam edir. Qəza, bildiyiniz kimi, yarımstansiyada baş vermişdi, istehsal bloklarına heç bir zərər dəyməmişdi”.

Onu da qeyd edək ki, qəza nəticəsində ölkə iqtisadiyyatına külli miqdarda zərər dəyib. Belə ki, hadisə nəticəsində SOCAR-ın qurudakı yataqlarında, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarında, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamən dayanıb. Hadisə ilə əlaqədar SOCAR-ın neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilib.

Elektrik kəsilməsindən zərər çəkən sahələr arasında su təchizatı sistemi, kanalizasiya qurğuları da var. Bu qurğuların fəaliyyətini və su təchizatını qəzadan 4-5 gün sonra ancaq bərpa etmək mümkün olub. Bakı Metropoliteni saatlarla fəaliyyətsiz qalıb, yüz minlərlə sərnişin daşınmayıb. Bakı Nəqliyyat Agentliyinə, özəl şirkətlərə məxsus avtobuslar pulsuz işləyiblər.

H.Əliyev adına Beynəlxalq Hava Limanının fəaliyyətində də problemlər yaranıb. Bundan əlavə, dəmiryol nəqliyyatının hərəkətində fasilələr yaranıb - həm sərnişin, həm də yükdaşımalarda.

Dövlət müəssisələri ilə yanaşı, ölkədə fəaliyyət göstərən özəl qurumlar da elektrik kəsintisindən zərərlə çıxıblar. Bütün iri müəssisələrin işi dayanıb, ticarət obyektlərində, anbarlarda soyuducu sistemlərin işləməməsi məhsulların xarab olmasına gətirib çıxarıb. İstehsalın, satışın dayanması özəl müəssisələri zərərə salıb.

Elektrikin olmaması mobil rabitə şirkətlərinin fəaliyyətində də problemlərə səbəb olub. Bir sıra ərazilərdə müştərilərə xidmət göstərmək mümkün olmayıb.

Beləliklə, bütün ölkəni qaranlığa qərq edən qəza həm də iqtisadiyyatın zərərlə üzləşməsinə gətirib çıxarıb. Ümid edirik ki, dövlət komissiyasının hazırladığı təkliflər enerji təchizatı sisteminin idarə olunmasını təkmilləşdirəcək, belə böyük qəzalar bir daha qeydə alınmayacaq.

Rubrika.Az
Geri qayıt