Əsas Səhifə > Hadisə > Səudiyyə ilə Kanada arasında səfir qalmaqalı
Səudiyyə ilə Kanada arasında səfir qalmaqalı6-08-2018, 22:28 |
![]() Səudiyyə Ərəbistanı ilə Kanada arasındakı gərginlik pik həddə çatıb. Belə ki, Səudiyyə hökuməti Kanada səfirini ölkədən çıxarmaq üçün hərəkətə keçib. Ər Riyad Ottavadakı səfirini də məsləhətləşmələr üçün geri çağırıb. Rubrika.az Musavat.com-a istrinaden xeber verir ki, Xarici İşlər Nazirliyi Kanada səfirini persona non-qrata (arzuolunmaz şəxs) elan edib. Ona ölkəni tərk etmək üçün bir sutka vaxt verilib. Bundan əlavə Səudiyyə Ərəbistanı bu ölkə ilə olan bütün ticari və sərmayə tranzaksiyalarını da dondurub. Məlumat üçün bildirək ki, bir neçə gün öncə Kanadanın XİN rəhbəri Xrist Friland Səudiyyə Ərəbistanında blogger Raif Badavinin bacısı hüquq müdafiəçisi Səmər Bədəvinin həbs edilməsindən çox narahat olduqlarını bildirmiş, hər iki şəxsi dərhal azad etməyə çağırmışdı. Nazirin bu bəyanatı Səudiyyədə ölkənin daxili işinə müdaxilə kimi qiymətləndirilib. S.Bədəvi 2012-ci ildə dini nümayəndələr və krallığın din polisinin ünvanına tənqidlər səsləndirdiyi üçün həbs edilib. O, hətta İslam dini təhqir etməkdə, kiber cinayətkarlıqda, atasına itaətsizlikdə ittiham edilib. Blogger 10 il azadlıqdan məhrum olunub. İki ölkə arasında yaşanan səfir qalmaqalı bir məsələni də gündəmə gətirib: Səfirin hansı hallarda ölkədən çıxarıldığı, sonradan münasibətlər düzələndə necə bərpa olunduğu və digər bu kimi bir sıra suallar meydana çıxıb. Beynəlxalq əlaqələr üzrə mütəxəssis Nəzakət Məmmədova iki nüfuzlu ölkənin üz-üzə dayandığını söylədi: “İkitərəfli münasibətlərin pisləşməsi hər iki tərəfin nüfuzuna xələl gətirir. İllərlə qurulmuş əlaqələr bir anda xeyli zəifləyir. Həm Kanada, həm də Səudiyyə Ərəbistanı nüfuzlu ölkələrdir, dünya siyasətində öz yeri olan dövlətlərdir və hansının daha çox zərər çəkəcəyini demək çətindir. Lakin Kanada Böyük Yeddilərə daxil olan, dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Səudiyyə Ərəbistanının Ər-Riyaddakı Kanada səfirini persona non-qrata, yəni arzuolunmaz şəxs elan etməsi və ondan ölkəni 24 saat ərzində tərk etməyi tələb etməsi çox ciddi hadisədir. Buna səbəb o olub ki, Kanadanın xarici işlər naziri Səudiyyə hökumətini ruhaniləri və dini polisi tənqid etdiyinə görə həbs edilən hüquq müdafiəçilərini azad etməyə çağırmışdı. Artıq bir neçə saat öncə Səudiyyə Kanada ilə olan bütün ticarət və investisiya layihələrini dondurub. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də bildirib ki, ölkənin daxili işlərinə istənilən müdaxilə cəhdi cavab haqqı doğurur. Bu, bir qədər fərqli yanaşmadır , ona görə ki, adətən diplomatları casusluqda şübhəli biləndə arzuolunmaz şəxs elan edirlər. Ölkənin daxili işlərinə müdaxiləyə görə səfiri persona non-qrata elan edib ölkədən çıxarmaq diplomatiya tarixində nadir rast gəlinən hadisədir. Ötən həftə Kanada hökuməti və XİN Tvitter üzərindən Səudiyyədən vətəndaş hüquqları fəallarını azad etməyi tələb etdi. Bundan sonra da Ər-Riyaddakı Kanada səfirliyi bu dəfə ərəb dilində növbəti çağırış səsləndirdi və görünür bu, Səudiyyə kral sülaləsi hökumətinin səbrini daşırdıb. Qeyd edək ki, həbs olunan hüquq müdafiəçisi Səmər Bədəvi ABŞ vətəndaşıdır. Vaşinqton da bu həbsdən narazılığını bildirib. Onun qardaşı, yazıçı Raif Bədəvi isə islamı təhqir etdiyinə görə, 1000 şallaq vurulma cəzasına məhkum edilmişdi. Human Rights Watch təşkilatının məlumatına görə, son həftələrdə Səudiyyə Ərbistanında 15 hüquq müdafiəçisi həbs edilib. Burada hüquq müdafiəçilərinin əsas tələbi qadınlar üzərində kişi qohumlarının himayəsinin götürülməsidir. Ata, ər və yaxud qardaşların razılığı olmadan qadınlar nəinki səyahət edə, işə düzələ, hətta tibbi yardım belə ala bilməzlər. Hüquq müdafiəçiləri də buna qarşı çıxırlar. Lakin Səudiyyə Ərəbistanında bildiyimiz kimi Məhəmməd bin Salmanın varis elan edilməsindən sonra dini kəsimlə sülalə arasında kəskin qarşıdurma yaranıb. Gənc vəliəhd Məhəmməd bin Salman mülayim islama keçid, qadınlara hüquqlar verilməsi təşəbbüsü ilə çıxış etsə də onun islahat planları radikal dindarların etirazına səbəb olub. Hüquq müdafiəçilərinin fəaliyyəti də əslində bin Salmana dəstək verməkdir və dindarların qəzəbinə gəlmiş ola bilər. Bu səbəbdən onlar həbs olunmuş ola bilər. Bu həbs Səudiyyədaxili güclər arasında mübarizənin təzahürü ola bilər. ABŞ özü isə onun Yaxın Şərqdə ən yaxın müttəfiqi olan Səudiyyə ilə münasibətləri korlamamaq üçün digər müttəfiqi Kanada vasitəsilə öz vətəndaşlarını azad etməyə çalışmış ola bilər. Görünür, Türkiyədə həbsdə olan digər hüquq müdafiəçisi, rahib Bransondan sonra ABŞ ikinci məhbus vətəndaşı üçün başqa bir Yaxın Şərq ölkəsi ilə münasibətləri pisləşdirib qalmaqala daxil olmaq istəmir. Odur ki, Kanada vasitəsilə bu problemi həll etmək istəyir. Eyni zamanda, birbaşa müdaxilə edib öz müttəfiqi bin Salmanın dindarlarla münasibətlərini kəskinləşdirmək istəmir. Baxmayaraq ki, Kanada özü də Səudiyyə ilə yaxşı münasibətlərə malikdir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildə 4 milyard olsa da, Ottava Ər-Riyada zirehli texnika satan ölkələrdən biridir. Diplomatların persona non-qrata elan olunması bir çox hallarda baş verə bilər. Olduğu ölkənin hökumətinin açıq şəkildə tənqid edilməsi, ölkənin daxili işlərinə müdaxilə, onun adət ənənələrinə hörmətsizlik və qanunlarını pozmaq, diplomatik imtiyaz və toxunulmazlıqdan sui-istifadə və s. hallarda 1961-ci il Diplomatik Münasibətlərə dair Vyana Konvensiyasının tələblərinə müvafiq olaraq diplomat arzuolunmaz şəxs elan edilib ölkədən çıxarıla bilər. Yəqin ki, iki ölkə arasında münasibətlər bir müddət sonra qaydasına düşəcək və deportasiya olunmuş diplomatlar da geri qayıdıb fəaliyyətlərini bərpa edə biləcəklər”. Rubrika.az Geri qayıt |