Əsas Səhifə > Hadisə > "1992-ci ildən narkotik çəkirəm, amma..." - silsilə oğurluq işində ilginc məqamlar

"1992-ci ildən narkotik çəkirəm, amma..." - silsilə oğurluq işində ilginc məqamlar


7-08-2018, 19:10
"1992-ci ildən narkotik çəkirəm, amma..." - silsilə oğurluq işində ilginc məqamlar

Paytaxtda "Cip"lə oğurluğa gedən dəstə üzvləri hakim qarşısına çıxarılıb.

Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə oğurluq əməli törətməkdə ittiham edilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. Elan edilmiş ittihamla Novruz Salayev özünü qətiyyən təqsirli bilməyib.

Sərhat Əmirov da özünü qətiyyən günahkar bilməyib. Nurlan Ağayev də hakimin "özünü təqsirli bilirsənmi" sualına "xeyir" deyərək cavab verib. Ev dustaqlığında olan Mirasəf Kərimli də özünü günahkar bilmədiyini söyləyib. Yalnız ev dustaqlığında olan Mədət Hüseynov özünün günahkar bildiyini deyib.

Məhkəmənin davamında Novruz Salayev ifadə verib. O, deyib ki, təqsirləndirilən şəxslər tanışları və kəndçiləridir. Novruz Salayev yalnız Mədət Hüseynovu tanımadığını, məhkəmə zalında gördüyünü deyib: "Mən bir adamın qapısına oğurluğa getməmişəm. Bu adamların oğurluq etməyindən belə, xəbərim yoxdur. Üzr istəyirəm, 1992-ci ildən narkotik istifadəçisiyəm. 4 ildir iynə də vurmuram. Mənə verilən nəşə ittihamından da xəbərsizəm. Allaha and olsun ki, çəkənəm, amma heç kimə zərər vurmamışam. Evimə baxış keçirilməsindən xəbərsizəm. Bu tutulanlardan 3 nəfərə hadisədən 2-3 gün əvvəl 250 manat vermişdim. Mənim parnikimdə işləyəcəkdilər. Ondan sonra da görmədim. Bir də həbs ediləndə görmüşəm. Evimə baxış keçirilməzdən əvvəl mənə təzyiqlər edildi ki, nə desələr deyim. Evə gedəndə silah, nəşə, bir neçə televizor və başqa əşyalar çıxdı. Mən onların heç birini görməmişəm. Həbs ediləndən 3 gün sonra evimə baxış keçirilib. Həbs edilənlərdən Nurlan Ağayev dayımın oğludur. Hadisədən bir neçə gün əvvəl gəlib qalmağa yer istədi. Mən də evin birinci mərtəbəsində yer verdim. Elə bütün hadisələr də bundan sonra oldu".

Novruz Salayev heç bir oğurluq hadisəsində iştirak etmədiyini, həbs edilənə qədər əkin sahələrinin olduğunu söyləyib: "Binədə iki evim var. İki dəfə ailə həyatı qurmuşam. Özüm kənddə parnik işi ilə məşğul olurdum. Xiyar, pomidor əkib yaxşı pul qazanırdım. Özümü də, ailəmi də dolandırırdım. Kimdənsə oğurluq etməyə ehtiyacım yox idi".

"Prado" ilə oğurluğa getmələri haqda deyilənlərə münasibət bildirən Novruz Salayev bu ittihamı da qəbul etmədiyini deyib: "Bu uşaqları tanıyıram. Amma onları heç yerə aparmamışam. Maşın özümündür. 2008-ci ildə almışam. Sürücülük vəsiqəm də var. Amma polislər evimə baxış keçirəndə götürüb. Mənim evimdən çıxdığı deyilən əşyalardan xəbərim yoxdur. Hətta mənim öz evimdəki soyuducu, kompuyter və digər əşyalar da aparılıb. Onlar da geri qaytarılmayıb".

Məhkəmədə digər təqsirləndirilən şəxslər Nurlan Ağayev və Sərhat Əmirov ifadə verərkən heç bir oğurluq əməli törətmədiklərini söyləyiblər. Ev dustaqlığında olan Mirasəf Kərimli də özünü günahkar bilməyib və deyib ki, həbs edildikdən sonra ev dustaqlığına buraxılıb. Mədət Hüseynov isə elan edilmiş iki oğurluq ittihamında özünü günahlar bilib.

Məhkəmədə mənzilindən oğurluq edilən 3 zərərçəkmiş şəxs ifadə verib. Onlar evlərinə girən şəxsləri görmədiklərini söyləyiblər. Zərərçəkmişlər evlərindən oğurlanan əşyaların, pul və qızıl zinət əşyalarını geri ala bilmədiklərini söyləyiblər.

Məhkəmə prosesi başlayandan diqqətçəkən məqam dəmir barmaqlıqlar arxasında olan 3 nəfərin Mədət Hüseynova qəzəbli şəkildə baxması olub. Həbsdə olanlardan Sərhat Əmirov ev dustaqlığında olan Mədət Hüseynovu onları satmaqda ittiham edir.

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Novruz Salayevi saxlayıb. Müəyyən edilib ki, Novruz Salayev və ətrafına topladığı şəxslər birlikdə Suraxanı rayonu ərazisində və paytaxtın bəzi rayonlarında silsilə mənzil oğurluqları törədiblər. Əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Ağayev, Sərhat Əmirov, Mədət Hüdeynov və Mirasəf Kərimli saxlanılıblar.

Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət avadanlıqları və digər qiymətli əşyalar Novruz Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Qeyd edək ki, polis Novruz Salayevdən yaşadığı evə baxış keçirərkən ordan ümumilikdə 4 kiloqram yarımdan çox qurudulmuş marixuana, 3 qrama yaxın heroin, çətənə toxumu və "Maqnum" markalı tapança aşkar olunaraq götürülüb. Əməliyyat zamanı məlum olub ki, həbs edilən şəxslər oğurluğa "Cip"lə gedirmiş. Təqsirləndirilən şəxslərdən Mirasəf Kərimli və Mədət Hüseynov ev dustaqlığındadır.


Rubrika.az
Geri qayıt