Əsas Səhifə > Araşdırma > ABŞ-ın hikkəsi, Türkiyənin “dikbaşlığı”, permanent çevrilişlər, pərdələnməyən niyyətlər…

ABŞ-ın hikkəsi, Türkiyənin “dikbaşlığı”, permanent çevrilişlər, pərdələnməyən niyyətlər…


11-08-2018, 12:46
ABŞ-ın hikkəsi, Türkiyənin “dikbaşlığı”, permanent çevrilişlər, pərdələnməyən niyyətlər…

Hər şey gün kimi ortadadır: bu gün Türkiyənin başına gələnlər ABŞ-ın uzun barmağının işidir.

Artıq nəyisə gizlətmək, diplomatik sicilləməyə baş vurmaqla vəziyyətdən çıxmaq mümkün deyil. (Heç buna lüzum da görmürlər).

ABŞ Türkiyədən qisas alır. Bu, keşiş Bransonun Türkiyədə həbs edilməsi ilə bağlıymış kimi görünsə də, məsələ başqa cürdür, tarixi, siyasi motivləri var.

Rubrika.Az musavat.com-a istinadla bildirir ki,ABŞ Türkiyədən baş tutmayan 15 iyul çevrilişinin, Anadolu ölkəsinin məcburiyyət üzündən Rusiya ilə yaxınlaşmasının, rəsmi Ankaranın rsəmi Vaşinqtona boyun əymək istəməməsinin qisasını alır.

Türkiyə NATO üzvü olandan sonra daima ABŞ-ın yanında olub və özünü həmişə hikkəli ABŞ-ın qarşısında hər işin dalınca qaçan sözəbaxan uşaq rolunda aparıb. İndi bu ölkə dikbaşlıq edərək, “getmirəm, etmirəm” deyəndə Sem dayının xoşuna gəlmir.

Türkiyə rəhbərliyinin ABŞ-ın istədiyi kimi olmamaq davranışı da ilk dəfə deyil. Ötən əsrin 60-cı illərində baş nazir Adnan Menderes bu sayaq hərəkətlər edib, müstəqil siyasət yeritməyə, qonşu ölkələrlə münasibət yaratmağa çalışıb. Adamı NATO generallarına deviritdirib, edam ediblər.

1971-ci ildə baş nazir Süleyman Dəmirəl Sem dayının dediklərini qulaq ardına vurunca generallar yüngülvari bir çevriliş ediblər, Dəmirəl istefa verəsi olub, yəni devrilib.

1974-cü ildə Kipr adasının türk xalqını ABŞ-ın və NATO-nun iradəsi xilafına qırğından qurtaran, adaya silahlı kontingent çıxaran baş nazir Bülənt Ecevitə qarşı çevriliş planı tətbiq etməyiblər. Əvəzində o, ABŞ-a səfər edəndə bir yunan terrorçu yaxın məsafədən Ecevitə atəş açıb, ancaq bir amerikalı xəfiyyə sui-qəsdçini zərərsizləşdirib. Deyəsən, adam reflektiv hərəkət edib, yəni baş naziri qətldən öz təşəbbüsü ilə qurtarıb.

1980-ci ildə Türkiyə rəhbərliyinin yumşaqlığı nəticəsində SSRİ-nin bu ölkəyə nüfuz edəcəyindən şübhələnən ABŞ və NATO türkiyəli generalları hərəkətə keçirib və Türkiyədə qanlı 12 sentyabr çevrilişi baş verib, mülki hakimiyyət devrilib, iş başına ABŞ və NATO-nun dəstəklədiyi, general Kənan Evrenin rəhbərlik etdiyi xunta keçib. Repressiya, edamlar, işgəncələr ərşə dirənib.

1997-ci ildə xeyli yumşaq, məxməri çevriliş vaqiəsi baş nazir Nəcməddin Ərbakanın da başına gəlib. Ərbakan ABŞ-la düşmən münasibətdə olan ölkələrə səfərlər edirdi, Liviyada Qəzzafi ilə görüşmüşdü və bu ABŞ-da hikkə oyatmışdı. Çox çəkmədi, NATO-ya sadiq generallar ona elə bir ultimatum verdilər ki, Ərbakan müqavimət göstərərsə, Menderes kimi edam olunacağını anladı və vəzifəsindən çəkildi.

2007-ci ilin aprelində yenə NATO-ya sadiq generallar Abdulla Gülün prezidentliyə namizəd olmasına qarşı ultimatumla çıxış etdilər, ancaq o dönəmin baş naziri Ərdoğan prosesin gedişini AKP-nin xeyrinə dəyişdirə bildi.

2016-cı ildə baş verən və ABŞ və NATO üçün böyük uğursuzluqla nəticələnən çevriliş barədə isə, artıq hamının xəbəri var.
Bu çevrilişin arxasında ABŞ-ın və NATO-nun durduğu o qədər açıq-aşkardır ki, bu xüsusda mübahisə belə düşmədi. Tərəflər açıq kartlarla oynamışdılar və hamı hər şeyi bilirdi

Onlar - ABŞ və Türkiyə rəhbərliyi uzun müddətdir ki, bir-birinə münasibətdə “dostlarımız”, “müttəfiqlərimiz” deyirlər. Amma əski “dostluq”dan, “müttəfiqlik”dən əsər-əlamət qalmayıb. Müttəfiq də müttəfiqi iqtisadi baxımdan çökdürmək, siyasi cəhətdən əzmək, ərazisini parçalamaq istərmi? Dost da dosta sanksiya tətbiq edərmi? Bəs düşmənçilik necə olur?

Hazırda Trampın (ABŞ-ın) Türkiyəyə qarşı etdikləri 15 iyul çevrilişinin başa çatdırılması aksiyasıdır. Başqa bir şey deyil. Məqsəd Türkiyəni sarsıtmaq, onun balaca, sözəbaxan dövlətə çevirməkdir.

Özü də bu, təkcə prezident Trampın dəlisovluğunun əsəri deyil, ABŞ-da prezident kürsüsündə ipək kələfi olan bir şəxs otursaydı da, bu işlər olacaqdı. Çünki Türkiyə regionda müstəqil siyasət yeritmək, ABŞI-ın bölgədəki planlarına müqavimət göstərərək, qonşuları ilə öz bildiyi kimi münasibət qurmaq istəyir.

Keşiş Branson məsələsi bəhanədir. Branson kimdir ki? Casusluqda ittiham olunan bir adamdır. ABŞ-ın özündə olsaydı, hansısa dövlət ondan bir keşişin və ya mollanın azadlığa buraxılmasını tələb etsəydi, cavab nə olacaqdı? Deyəcəkdilər ki, bu, məhkəmənin səlahiyyətində olan işdir.

Amma nə işdirsə, mübahisə predmeti öz vətəndaşı olanda ABŞ dünyanın bütün ölkələrindən “məhkəmə qərarı” yox, “siyasi iradə” tələb edir və öz iradəsini yeritmək üçün bütün yollara əl atır.

Əbəs yerə demirlər ki, ya ABŞ-la dost olarsan, ya da məhv olarsan. İndiyədək ABŞ bu kimi fəndləri düşmənlərinə, dost-düşmən seçməkdə tərəddüd edənlərə tətbiq edirdi, indi dostlarına, müttəfiqlərinə keçib.

Tramp da sələfi Obama kimi iradəsinə boyun əyməyənlərə sanksiya tətbiq edə-edə gedir. Bu sırada artıq Rusiya, İran, Çin, Türkiyə kimi böyük dövlətlər var. ABŞ bu dövlətləri çökdürmək istəyir və artıq niyyətini gizlətmir. Dövlət öz məqsədini pərdələsə də, Trampın tvitləri özünün və başçılıq etdiyi dövlətin siyasətini ortaya qoyur.

Görək, bütün dünyaya “sanksiya terroru” əsdirən ABŞ-ı durdurmaq üçün yerdə qalan ölkələrin görəcəkləri əks-tədbirlər bir işə yarayacaqmı? Yoxsa bütün dünya “diktator dollar”ın qarşısında əsir-yesir qalacaq?

Rubrika.Az


Geri qayıt