Əsas Səhifə > Hadisə > İnsanları intihardan xilas edən məşhurlarımız...

İnsanları intihardan xilas edən məşhurlarımız...


13-08-2018, 19:41
İnsanları intihardan xilas edən məşhurlarımız...

Xəbər verdiyimiz kimi, bu gün müğənni Manaf Ağayev intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynovu xilas edib. Belə ki, N.Hüseynov Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasının 4-cü mərtəbəsinə qalxaraq intihara cəhd edib.

O, mənzil problemi ilə əlaqədar sədrin qəbuluna gəldiyini, lakin məsələ həll olunmadığına görə canına qəsd etmək istədiyini bildirib, şüşələri qıraraq qollarını kəsib. Hadisə yerinə polislər, xilasedicilər gəlsə də, onu fikrindən heç kim döndərə bilməyib. Lakin müğənni Manaf Ağayev N.Hüseynovun yanına qalxaraq onu bu fikrindən daşındırıb.

Rubrika.az xeber verir ki, Müğənni musavat.com-a açıqlamasında bildirib ki, bundan əvvəl də bir neçə də bu cür olay yaşayıb və intihara cəhd edən insanları xilas edib.

Bəs, daha hansı məşhurlarımız insanları intihar cəhdindən geri qaytara bilib?

Qeyd edək ki, bir neçə il bundan əvvəl deputat Qənirə Paşayeva bir-birinin ardınca bir neçə şəxsi intihardan xilas etmişdi. Belə ki, təxminən 2014-cü ildə metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən körpüdə bir neçə dəfə intihara cəhdlər olub. Həmin vaxt müxtəlif səbəblərdən canına qəsd etmək istəyən insanlar, çox zaman bu körpünü seçirdilər. Lakin əksər şəxslər körpüyə qalxıb intihar edəcəklərini bildirsələr də, son anda fikirlərindən daşınıblar. Onları bu fikirdən daşındıran isə əsasən deputat Qənirə Paşayeva olub.

Məsələn, Fəqan Nəsibov adlı şəxs körpüyə çıxaraq intihar edəcəyini bildirirdi. O, söyləyirdi ki, Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən onu aldadaraq 65 min dollar pulunu mənimsəyib. İntihar etmək istəyən şəxs yalnız deputat Qənirə Paşayeva ilə görüşmək istədiyini, əks halda, intihar edəcəyini söyləyirdi. Qənirə Paşayeva hadisə yerinə getdikdən sonra Fəqan Nəsibov intihar etmək fikrindən daşınmışdı. Bundan sonra deputat bir neçə dəfə bu cür insanları xilas etmişdi.

Bu yaxınlarda yenə də metronun “Koroğlu” stansiyasının yaxınlığında intihara cəhd hadisəsi yaşandı. Bu dəfə həmin şəxsi baş nazir Novruz Məmmədov xilas etdi. Belə ki, intihara cəhd edən şəxs həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istədiyini bildirib. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.

Həmin zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb. İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. Nəticədə baş nazir N.Məmmədov həmin şəxsi intihar fikrindən daşındırmağı bacarmışdı.


Rubrika.az
Geri qayıt