Əsas Səhifə > Hadisə > Xəzər insanları udmaqda davam edir: 28 nəfər dənizdə boğulub

Xəzər insanları udmaqda davam edir: 28 nəfər dənizdə boğulub


13-08-2018, 22:20
Xəzər insanları udmaqda davam edir: 28 nəfər dənizdə boğulub

Xəzər çimərlik mövsümü açılandan bəri hər gün kiminsə canını alır.Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, bu günə qədər Xəzərdə 28 nəfər boğulub, 174 nəfər boğulma təhlükəsi ilə üzləşib. Əksərən boğulma halları qadağan olunmuş yerlərdə, təhlükəsizlik qaydalarına riayət olunmadıqda baş verir.

Bəzən də insanlar öz səhlənkarlığının qurbanı olurlar. Dənizə sərxoş, yaxud tox vəziyyətdə girirlər. Halbuki, yemək yeyib, dənizə girmək olmaz. Duzlu su adamın ağzına dolanda refleks olaraq qaytarmaq istəyir. Tox olanda yemək qayıdır geri və nəfəs borusunu tutur. Nəticədə boğulursan.

Dənizdə özünə həddən arxayınçılıq da ölümlə nəticələnə bilir. “Mən daha uzağa üzə bilərəm”, “mən boğulmaram” düşüncəsi ilə suya atılırlar və Xilasetmə Məntəqəsindən xeyli uzaqlaşırlar. Orada hansısa axına düşürlər və xilas ola bilmirlər.

Ölüm gözlə-qaş arasındadır. Bir göz qırpınımda səni ağuşuna alıb apara bilər. Necə ki, ötən həftə 33 yaşlı Laləni apardı. “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynlinin qızı Laləni...

Şahidlərin sözlərinə görə, Lalə diz qədər dərinlikdə üzürmüş və birdən-birə yoxa çıxıb. Bir qədər sonra isə Lalənin cansız bədəni sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Xəzər dənizi kifayət qədər mürəkkəb relyefə malikdir. Belə ki, Xəzərdə sualtı maneələr, sualtı borular, yarğanlar və axınlar var ki, bunlar birbaşa insan həyatı üçün təhlükədir.

Bu barədə musavat.com-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət kapitanı Akşin Əlili məlumat verir.

Onun sözlərinə görə, bəzi çimərlik ərazilərində - Qızılqum, Piraşağı, Zağulba tərəfdə sualtı qayalar var: “Güclü dalğa sahilə çırpılıb geri çəkiləndə, sualtı qayalarla toqquşanda sualtı burulğan yaradır. İnsanlar bu burulğana düşəndə boğulacağından qorxub təşvişə düşür və o təşvişlə də boğulurlar. Əksər boğulma hadisəsi bu cür baş verir. Bundan başqa, gəmilərin yan aldığı bəzi körpülər var. Dənizə doğru estakadaların ətrafında çimmək birmənalı qadağandır. Həmin ərazidə güclü axınlar olur. Buzovnada bizim Xilasetmə Məntəqəmizdən sağ tərəfdə daşlı ərazi var. Gündüz gözlə həmin sualtı axını görmək olur. Piraşağı və Qızılqumda sualtı maneələr həddindən artıq çoxdur”.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu il dəniz mövsümündə Xəzərdə 28 nəfər boğulub. Lalə qarışıq boğulanların hər biri qeyri-çimərlik ərazisində batıblar. A.Əlili isə bir daha vətəndaşlardan xahiş edir ki, Xilasedici Məntəqəsi olmayan yerdə çimməsinlər, gedəcəkləri çimərlik haqqında əvvəlcədən maraqlansınlar. Küləkli havada dənizdə çimmək qadağandır.

“Turan” agentliyinin direktoru, peşəkar üzgüçü, 4 il FHN-də Xilasedici Məntəqənin rəisi işləmiş Mehman Əliyev xəbərdarlıq edir ki, dənizlə zarafat etmək olmaz: “Dəniz kifayət qədər dəyişkən məkandır. Abşeronda küləklər tez-tez dəyişir. Lal külək əsir, sonra keçir Şərqə, ya Qərbə... Külək suyun istiqamətini də dəyişdirir. Müəyyən yerlərdə axın koridorları var, Zağulbada da belə axın koridoru var. Güclü Şimal küləyi olanda insanları ora aparır. Dəniz axınları küləyin istiqamətindən, sürətindən asılıdır. Bu incəlikləri bilməyən adamlar adətən problemlə üzləşəndə su onu çəkib aparır dənizə. Fırtınadan sonra dənizin dibi də dəyişir. Çünki bizdə qumdur, daş deyil, çuxurlar əmələ gəlir. Bu çuxurlar çox da böyük olmur, amma adətən insanın ayağı çuxura düşəndə çaşıb qalır, özünü itirir. Bu vəziyyət insanı təşvişə salır, əzələləri gərginləşir, özünü idarə edə bilmir və boğulmağa başlayır. Belə vəziyyətdə, sadəcə, yerin dibinə getmək, gözlərini açıb ətrafa baxmaq, sakitləşmək və çuxurdan çıxış tapıb çıxmaq lazımdır”.

AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov musavat.com-a Xəzərin çimərlik boyu dib relyefini təhlil edib. O, bildirib ki, Xəzərin çimərlik zonalarında dəniz dibinin relyefi kəskin meylli deyil: “Abşeron yarımadası çimərliklərində meyllilik bir az Novxanıda çoxdur. Nardaran tərəfdə də meyllilik var. Amma bu meyllilik elə deyil ki, uçurum olsun. Dənizə doğru 200-300 metr gedəndən sonra boy verməyən yerə çatarsan. Nardarandan üzü Şərqə doğru gedəndə Amburanda, Bilgəhin şərqində nisbətən uçurumlar var. Ora elə yerdir ki, Xəzər dənizinin axınlarının sürəti artır. Dənizdə şimaldan cənuba doğru sahilboyu axın var. Amburanda burun kimi yeri daraldanda suyun axması üçün əvvəlkindən də artıq sürətə malik olur. Sürət artdıqca dibi yuyur və o hissələrdə çuxurlar yaradır. Oradan aşağı keçəndə heç bir yerdə relyefin kəskin dəyişməsi müşahidə olunmur. Bəndovan burnu tərəfdə çimərlik ərazisi olmasa da, çimirlər. Orada nisbətən meyllilik var. Kürün Xəzərə töküldüyü ərazilər isə tamamilə düzən ərazilərdir. Lənkəran düzənliyi boyu Xəzərin sahilində meyllilik var. Səbəbi də Talış dağlarının relyefinin davamı olmasıdır”.


Rubrika.az
Geri qayıt