Əsas Səhifə > Hadisə > Dostunun dayısını bıçaqlayan 23 yaşlı gəncə 3 il hökm oxundu - TƏFƏRRÜAT

Dostunun dayısını bıçaqlayan 23 yaşlı gəncə 3 il hökm oxundu - TƏFƏRRÜAT


20-08-2018, 10:12
Dostunun dayısını bıçaqlayan 23 yaşlı gəncə 3 il hökm oxundu - TƏFƏRRÜAT

Dostunun istəyi ilə ofisiant kimi işləməyə getdiyi məclisdə adam bıçaqlayan gənc hakim qarşısına çxıarılıb. 23 yaşlı Vilayət dostunun sərxoş olan dayısı ilə mübahisə edib və ona bir bıçaq zərbəsi endirib.

Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, 1995-ci il təvəllüdlü Məmmədov Vilayət Cəfər oğlu Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Birinci instansiya məhkəməsi Vilayət Məmmədov barəsində itiham hökmü çıxarıb ona görə ki, o, orta dərəcəli sərxoşluq halında, Şabran şəhərində yerləşən “Çinar” şadlıq sarayında cinayət əməli törədib.

Belə ki, Vilayət ofisiant kimi iştirak etdiyi nişan məclisindən sonra sarayın həyətində həmin məclisdə qonaq qismində iştirak edən Raman Dəmirovla mübahisə edib. Raman Dəmirov da həmin zaman sərxoş olub və onlar mübahisədən sonra əlbəyaxa dava ediblər. Dava zamanı Vilayət şadlıq sarayının mətbəxindən götürdüyü bıçaqla Raman Dəmirovun qarın nahiyyəsinə bir dəfə zərbə endirib. Bununla da qəsdən Raman Dəmirovun sağlamlığına ağır zərər vurub.

Vilayət Məmmədov aldığı cəzadan narazı qalıb. O, şərti cəza almaq üçün apellyasiya şikayəti verib.

Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb.

Təqsirləndirilən şəxsin müdafiəçisi Mahir Quliyev apellyasiya şikayətini əsaslandırarkən deyib ki, Vilayət Məmmədov ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmançılığını dilə gətirib.

“Vilayət Məmmədov ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunur. Həmçinin yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Zərərçəkmiş şəxslə də barışıq əldə edilib. Amma birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını hökmdə qeyd etsə də, cəza təyin edilərkən bu halı nəzərə almayıb. Həmçinin digər sadalanan yüngülləşdirici hallar da nəzərə alınmayıb.

Vilayət Məmmədov dostunun xahişi ilə həmin məclisdə ofisiant kimi işləyib. Çünki həmin gün dostunun bacısının nişan mərasimi idi. Mərasim başa çatdıqdan sonra Vilayət bir neçə nəfərlə spirtli içki qəbul ediblər. Dostunun dayısı olan zərərcəkmiş şəxs Raman ona içki içdiyinə görə irad bildirib.

Mübahisə də bundan sonra başlayıb və Raman Vilayəti təhqir edib. Vilayət ona edilən hücumun qarşısını ala bilməyəcəyini görüb ona bıçaqla xəsarət yetirib. Vilayət cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində törədib.

Törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən halların məcmusu nəzərə alınaraq Vilayət Məmmədova təyin edilmiş cəzanı çəkmədən də islah oluna, ona şərti cəza verilə bilər. Çünki Vilayət Məmmədov ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir, əməlindən səmimi peşmandır, himayəsində yaşlı valideyni var, ailənin yeganə qazanc gətirən üzvüdür, zərərcəkmiş şəxslə barışıb, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur”- deyə vəkil müdafiə çıxışında qeyd edib.

Zərrəçəkmiş tərəf Vilayət Məmmədovun bu istəyinə və şikayətinə etiraz etməyib. Apellyasiya məhkəməsi tərəfləri dinlədikdən sonra qərara gəlib ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

Hökm cəzanın ağırlığına görə dəyişdirilməlidir.

Məhkəmənin qərarında göstərilir ki, apellyasiya şikayətində sadalanan hallar Vilayət Məmmədovun cəza çəkmədən islah olunmasının mümkünlüyünə əsas vermir.

Amma məhkəmə qeyd edilənləri nəzərə alaraq V.Məmmədovun cəzasının azaldılmasının mümkün olduğunu qeyd edib. Qərara əsasən V.Məmmədovun cəzası 5 ildən 3 ilə endirilib.

Rubrika.Az
Geri qayıt