Əsas Səhifə > Hadisə > Kartofun yeni gömrük rüsumu idxalı azaldacaq: Yerli məhsul bahalaşa bilərmi? - REPORTAJ, FOTOLAR
Kartofun yeni gömrük rüsumu idxalı azaldacaq: Yerli məhsul bahalaşa bilərmi? - REPORTAJ, FOTOLAR7-09-2018, 19:37 |
![]() Nazirlər Kabinetinin son qərarından sonra mətbuatda ən çox müzakirə olunan məsələ ərzaq səbətində ən böyük yer tutan kartofun qiymətinin bahalaşmasıdır. Hökumət bunun üçün iqtisadi əsas olmadığını desə də, ekspertlər fərqli düşünür. Belə ki, sentyabrın 3-dən oktyabrın 31-ə qədər ölkəyə idxal edilən kartofun gömrük tarif dərəcəsi iki dəfə artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən ölkəyə idxal edilən kartofun gömrük rüsumu məhsulun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub. Qərarın verilməsində əsas səbəb kimi daxili bazarın qorunması göstərilir. Belə ki, ölkə üzrə 53 min hektarda kartof əkilib və proqnozlara görə, 900 min ton məhsul istehsalı gözlənilir. Ölkədaxili tələbat tam ödənildiyindən xaricdən gətirilən kartofun həcmini azaltmaq üçün belə bir qərar verilib. Bu məsələdə yerli fermerlərin şikayətləri də mühüm rol oynayıb. Belə ki, fermerlər xaricdən kartof idxalının yerli məhsulun satışı ilə əlaqədar problem yaratdığını bildirirdilər. Nazirlər Kabinetinin qərarı isə fermerləri sevindirsə də, daha böyük bir kütləni – istehlakçıları narahat edir. Bəs, son günlər bazarda vəziyyət necədir? Kartofun idxal rüsumunun artırılması xəbəri qiymətlərə təsirini göstəribmi? Rubrika.az xeber verir ki, Musavat.com-un müxbiri mövzu ilə bağlı “8-ci kilometr” bazarına baş çəkib. Bazarda hələlik kartofun qiymətində hər hansı dəyişiklik müşahidə edilmir. Bu məhsulun bahalaşacağı müzakirə olunsa da, alıcılar arasında ajiotaj yoxdur. Kartofun topdan satışını həyata keçirən satıcılar isə xaricdən idxal edilən məhsulun artıq 10 qəpik bahalaşdığını bildirdilər. Lakin bu artım hələlik pərakəndə satışa sirayət etməyib. Yerli kartofun topdansatış qiyməti isə hələlik sabit qalsa da, satıcılar bunun da yaxın günlərdə bahalaşacağını istisna etmirlər. Hazırda İrandan idxal olunan kartofun topdansatış qiyməti 57-59 qəpik, pərakəndə satışı isə 70 qəpikdir. Lakin son rüsum artımından sonra yerli kartof daha ucuz başa gəldiyindən idxal məhsullarına tələbat azalıb. Bu mənada yerli məhsullar bazarda üstünlük təşkil edir. Yerli kartofun kiloqramı hazırda 50-70 qəpik arasında dəyişir. Keyfiyyət baxımından da alıcılar yerli məhsulları üstün hesab edirlər. İrandan kartof idxalı həyata keçirən və adının çəkilməsini istəkməyən iş adamı bildirdi ki, rüsumun artırılmasından sonra onların fəaliyyəti öz səmərəsini itirib: “Dünən İrandan 24,5 ton kartofu bazara gətirmişəm. Gömrük rüsumları artdıqdan sonra xərclərimiz ikiqat artıb. Əvvəllər bu qədər məhsul üçün 3700 manat rüsum ödəyirdim, daha sonra bu məbləğ 4850 manata qalxdı. Sonuncu dəfə isə 3 gün öncə 24,5 ton məhsul üçün 6500 manat ödədim. Təbii ki, bu da qiymətə təsir göstərəcək. Bizim ölkəyə gətirdiyimiz kartofun kiloqramı 60 qəpiyə başa gəlir və alıcıya 70 qəpikdən təklif olunur. Halbuki bazarda kiloqramı 50 qəpiyə olan yerli məhsullar var və bizim məhsulumuz rəqabətdə uduzur. Bu isə o deməkdir ki, mənim kimi idxalla məşğul olan sahibkarlar bir müddət sonra fəaliyyətini dayandırmalı olacaq. Bizdən fərqli olaraq, fermerlər qazanacaq”. Həmsöhbət olduğumuz digər idxalçılar da artıq bu işin səmərəsiz olduğunu və yaxın günlərdə bundan imtina edəcəklərini bildirdilər. Bu isə bazarda xaricdən gətirilən kartofun azalacağından xəbər verir. Alıcılar isə bir müddət sonra yerli məhsulların bahalaşacağından narahatdırlar: “Xaricdən idxal səmərəsini itirdiyi üçün bir müddət sonra iş adamları geri çəkiləcək. Nəticədə bazarda ancaq yerli istehsalçılar qalacaq. Onlar da məhsulun az olduğundan istifadə edib, qiymətləri artıra bilərlər”. Satıcılar da qiymət artımının gözlənilən olduğunu bildirirlər. Onlarım proqnozlarına görə, yaxın günlərdə kartofun kiloqramı 1 manata qədər qalxa bilər. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Fərman Kərimov isə mətbuata açıqlamasaında bildirib ki, yerli kartofun bahalaşması üçün heç bir əsas yoxdur: “Bu qərarın verilməsinin əsas səbəbi daxili bazarı qorumaqdır. Belə ki, ölkə üzrə 53 min hektarda kartof əkilib və proqnozlara görə, 900 min ton məhsul istehsalı gözlənilir. Ölkədaxili tələbat tam ödənildiyindən xaricdən gətirilən kartofun həcmini azaltmaq üçün belə bir qərar verilib”. Yeni qərardan sonra ən çox gözlənilən məsələ bazarlarda kartofun qiymətinin necə dəyişəcəyi ilə bağlıdır. Nazirlik rəsmisi deyir ki, bazarlarda yerli kartofun qiymətinin qalxmasının heç bir iqtisadi əsası yoxdur. Rubrika.az Geri qayıt |