Əsas Səhifə > Hadisə > Dağlıq Qarabağda ermənilər “seçki” şousunu boykot etdilər
Dağlıq Qarabağda ermənilər “seçki” şousunu boykot etdilər10-09-2018, 20:10 |
![]() Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlardakı terrorçu və separatçı rejimin “müstəqillik”, “demokratiya” şoularını bu dəfə ermənilər özləri ifşa ediblər. Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, Ağdərə rayonunun Vaquas kəndində yaşayan ermənilər Dağlıq Qarabağdakı “növbədənkənar parlament seçkiləri”ni boykot ediblər. Məlumatda deyilir ki, sentyabrın 9-da işğal olunmuş ərazilərdə vəzifə təyinatları ilə əlaqədar olaraq “iki deputat yeri” uğrunda “seçki” keçirilib. Lakin Vaquas kəndindəki 400 "seçici" “seçki”yə getməkdən imtina edib. Bu barədə xəbəri kənd icmasının rəhbəri Samvel Ayrapetyan da təsdiqləyib. Onun sözlərinə görə, kənd sakinləri bundan əvvəl yaşayış məntəqəsindəki problemlərin həlli ilə bağlı qarantiya verilməyəcəyi halda, “seçki”ni boykot edəcəkləri barədə xəbərdarlıq edibmişlər. Odur ki, Dağlıq Qarabağda “seçki məntəqələri” bağlanana qədər həmin sakinlər məntəqələrə getməyiblər. Bu xəbər həm Dağlıq Qarabağ separatçılarını, həm də Ermənistandakı bəzi siyasi dairələri şoka salıb və yerli media baş verənləri “unikal hadisə” kimi qiymətləndirib. Ermənistan mediası xatırladıb ki, bu, Ermənistandakı inqilabdan sonra Dağlıq Qarabağda keçirilən ilk “seçki”dir. Bununla bağlı yazılarda bildirilir ki, bir müddət öncə Dağlıq Qarabağdakı etiraz aksiyalarından sonra “dövlət naziri” Araik Arutyunyan da daxil olmaqla, bir sıra “nazirlər”, həmçinin “güc strukturlarının rəhbərləri” işdən azad olunub, baş separatçı Bako Saakyan isə 2020-ci ildə öz namizədliyini irəli sürməyəcəyi barədə vəd verib. “Dağlıq Qarabağda yeni siyasi situasiya yetişir. Vaquaslıların səsvermədən imtinası ondan xəbər verir ki, 2020-ci ildə sürprizlər olacaq” - deyə erməni mediası yazır. Vaquas əhalisi isə bəyan edib ki, onların "səsvermə"yə getməsi onsuz da formal xarakter daşıyır və “seçilən deputatlar parlamentdə onların maraqlarını qorumayacaqlar”. Məlumatda deyilir ki, müharibə zamanı dağılmış kəndin əhalisi daha “demokratiya” oyunlarından bezib. Dağlıq Qarabağda keçirilən "seçki"ləri dünyanın heç bir ölkəsi və təşkilatı tanımır, bunu şou adlandırır, bu, bəlli məsələdir. Ancaq maraqlısı odur ki, artıq Dağlıq Qarabağdakı ermənilər özləri də bu şoularda iştirakdan və ağır durumda yaşamaqdan beziblər. Məntiq onu deyir ki, günün birində Dağlıq Qarabağ erməniləri xilas üçün Azərbaycan dövlətinə müraciət edə bilərlər. Rubrika.Az Geri qayıt |