Əsas Səhifə > Hadisə > “Əlində qaşıqla oxuyur, divana çıxıb qışqırır...” - Film çəkdiyi üçün tənqid edilən İzzət Bağırovla müsahibə - FOTOLAR, VİDEO
“Əlində qaşıqla oxuyur, divana çıxıb qışqırır...” - Film çəkdiyi üçün tənqid edilən İzzət Bağırovla müsahibə - FOTOLAR, VİDEO11-09-2018, 18:39 |
![]() İzzət Bağırov: “Təəccübləndim ki, bir afişa necə səs-küy yaratdı? İzləsinlər, sonra tənqid etsinlər” Rubrika.Az xeber verir ki, Müğənni İzzət Bağırov musavat.com saytının suallarını cavablayıb. İfaçı ilə ssenari müəllifi olduğu, tənqidlərə məruz qalan yeni filmi, şou-biznesin hazırkı durumu və ailə həyatından danışdıq: - Ssenari müəllifi olduğunuz və baş rolunu canlandırdığınız “Ümidlər puç olanda” filminin afişasını yayımladıqdan sonra ekran işi barədə müxtəlif fikirlər səsləndirildi. Çoxları tənqid etdi ki, İzzət müğənnidir, o yaxşı film çəkə bilməz. - Mən rejissor deyiləm, film də oyuncaq deyil. Adi mahnı yazdıranda həftələrlə vaxt sərf edirsən. “Puç olmuş ümidlər” filminin ssenarisini 1 ilə yazmışam. Rejissor kimi kamera arxasına keçsəydim, məni tənqid etmələri normal idi. Rejissoru Samir Qulamovdur. Ona ssenari haqqında danışdım. Dedi ki, görüşək, danışaq. Ssenari ilə tanış olandan sonra çox bəyəndi, əl-ələ verib, çəkməyimizi təklif etdi. Beləcə çəkilişlər başladı. Ssenarini hər kəs yaza bilər. Azərbaycanlılar romantikdir, xəyal qüvvəmiz genişdir. İkinci sinif şagirdi də maraqlı, kiçik ssenari yaza bilər. Bu məsələni şişirtmələri normal deyil. Təccübləndim ki, baxmadıqları film haqqında necə fikir yürüdürlər? Filmi izlədikdən sonra kimsə bəyənməsəydi, tənqid etsəydi, normal qarşılayardım. - Yalnız filmin afişası böyük səs-küy yaratdı. Bu qədər müzakirə olunacağını gözləyirdiniz? - Əlbəttə gözləmirdim. Çünki hazırda o qədər qeyri-peşəkar filmlər çəkirlər ki, insanlar maraq göstərmir. Sənətçi dostlarıma təşəkkür edirəm ki, sözümü yerə salmayıb, afişanı paylaşdı. Afişanı da Samir hazırlayıb, gözəldir, cəlbedicidir. Amma iki günə bu qədər müzakirə olacağını gözləmirdim. - Aktyor seçimi kim tərəfindən edildi? - Hamısını özüm seçmişəm. Samirə ssenarini verəndə artıq aktyorları seçib, yazmışdım. Peşəkarları yığmışam bir yerə. Mehriban Xanlarova, Kazım Abdullayev, uşaqlıqdan sevdiyim aktrisa Xalidə Quliyeva, Əjdər Zeynalov rol alıb. Gülşən Hüseynli, Asya Atakişiyeva, Manaf gənc, istedadlı sənətçilərdir. Filmdə aktyor olmayanları çəkmədim. Film melodramadır. Orada bol sevgi, faciə, qan, ailə problemləri var. Vaxtilə dost olmuş ailənin arasında yaşanan müsibətlərə ekran həyatı vermişik. Filmin böyük qala gecəsi keçiriləcək. Əsasən komediya filmləri çəkilir, izlənir. Bu həqiqəti bilə-bilə necə melodrama çəkməyə qərar verdiniz? - Düzdür, bizdə melodramı Kənana M. M çəkmişdi. Mənə dedilər ki, melodrama çəkmə, Bakıda “tutmur”. Dedim, elə şey olmaz. Mən dram üzrə teatr aktyorluğunu oxumuşam. Komediyada özümü görmürəm. İnşallah, seviləcək. Ümidim çoxdur. - Büdcə nə qədərdir? -Büdcə həssas nöqtədir. Bu haqda danışmaq istəmirəm. Təmənnasız kömək edənlər oldu. Dostum restoranını verdi. Dedi, Hacı, bura sənə qurbandır. O söz adama stimul verib. Dövlət orqanları çox dəstək oldu. 1 polis maşını istədimsə, 3 dənə verdilər. Prezidentimiz deyib ki, film sahəsinə hər kəs dəstək olmalıdır. - Filmlərdə gözəbatan reklamlar adətən insanları qıcıqlandırır. - Sponsorum yoxdur. Mənim filmimdə reklam görə bilməzsiniz. Amma reklamdan istifadə edənləri qınamıram, film çəkmək üçün sponsoru reklam etməlisən. Sponsor da deyir ki, mütləq baş rol ifaçısı mənim məhsulumu içməlidir və s. Yenə də gözə girəcək reklamların əleyhinəyəm. - Yəqin ki, film başınızı qatdığı üçün müğənnilik fəaliyyətinizi kənara qoymusunuz? - Mahnılar yazdırmışam. Hamısını filmdə eşidəcəksiniz. Mahnısız film qanadsız quş kimidir. - Verilişlərə gec-gec çıxmanıza səbəb nədir? -Elə verilişlər var ki, 2 saat verilişdir, cəmi 1 mahnı oxuyursan. Mən müğənniyəm, işim oxumaqdır. Boş-boş verilişdə oturmağı özümə rəva bilmirəm. Ancaq mahnı oxuya bildiyim, sənətimdən danışacağım verilişlərə çıxıram. Həm də tamaşaçını yormaqdan çəkinirəm. - 28 ildir ki, sənətdəsiniz. Bu illər ərzində imiciniz də, xarici görünüşünüz də dəyişməyib. - 42 yaşım var. Cavan qalmağım Allahın lütfüdür. İnsan özünü gərək qorusun. Mən siqaret çəkib, içki içmirəm. Kiloma diqqət edirəm. - Hələ də İzzətin yaxalığı, İzzətin saçının tağı yaddan çıxmayıb. Bəzən bununla bağlı zarafatlar da edilir. - Artıq saçımı tağ ayırmıram. İndi “varatnik”li köynəklər də yoxdur. O vaxt həmin köynəkləryaxşı satılırdı. Satıcılar deyirdilər, çox sağ ol, qardaş. Mən imic dəyişkənliyini sevmirəm. Bığ-saqqal həmişə məndə olub, üzümdə gözümdə dəyişiklik etməyi sevmirəm. - Kişi müğənnilərin imicində dəyişiklik etməsi, saçını rəngləməsi, qaşını aldırması, üzünə botoks etdirməsi çox müzakirə edilir. Bəzən deyirlər, sənət adamı baxımlı olmalıdır. Bəzən isə deyirlər ki, kişiyə yaraşmaz, saç rəngləyib, qaş almaq. - Keçən dəfə müğənni Cavanşir Məmmədov verilişə saç boyası gətirmişdi, üzərində kişi şəkli vardı. Kişilər üçün də boya var. Əgər bir nəfər keçəldir, bunu kompleks edirsə, saç əkdirmək haqqıdır. Amma bəzi əməliyyatlar var, üzünü şişirtmək, dodağını doldurmaq. Bunların əleyhinəyəm. - Dindar və ciddi xarakterli olmağınız sizi sənətdə irəli getməyə mane olub? - Mən çox göz önündə olmağı sevmirəm. Mənim “İnstagram” hesabım belə yoxdur. Olanda da fəal deyildim. Toya gedirəm, qız oxuyanımız deyir ki, gəl, şəkil çəkdirib, paylaşaq. Razı olmuram. 15 gündən bir şəkil çəkdirib, qoyurdum. Mən hələ bilmirdim, canlı efir etmək nədir. Bütün günü mənə yazırdılar ki, niyə heç nə paylaşmırsınız? İzləyənlərimi yorurdum. Ona görə bağladım səhifəmi. - Tanınmışlar həm də sosial şəbəkələrdən reklam - qazanc kimi istifadə edirlər. - Mənə də yazırdılar ki, filan məhsulu reklam et. Həvəsim yox idi. Ona görə ən yaxşısı uzaq qalmaqdır. - 28 il ərzində nələr dəyişib? Dəyişənlərdən sizə xoş olan və narahat edən məqamlar hansılardır? - Telekanalların çox olması xoşdur. Oxumağa başlayanda 1 dövlət televiziyası vardı. 7/17 layihəsində qalib gəldiyim üçün telekanal məni efirə çıxarırdı. O vaxt tamaşaçılar sevdiyi sənətçi üçün telekanala məktub göndərirdi. Bir dəfə mənə 700 məktub göndərilmişdi. O məktubların hər birini 10 dəfə oxudum. Mənim fotolarımı məktuba yapışdırıb, dodaq ürək şəkli çəkirdilər. O zaman çox əlçatmaz idik. Hazırda elə deyil, hər toyda, konsertdə insanı görürlər. Sosial şəbəkələr də sənətçini əl çatan edib. Populyar olmaq çox asandır. İndi səs yazısını komputerlə düzəldirlər. Müğənni mahnını oxuyur, səs rejissoru deyir ki, 1 həftə sonra gəlib götürərsən. 1-1 notların üzərində işləyir. 1 həftə sonra müğənni qulaq asır, deyir, əla oxumuşam. Amma demir ki, səsimin üstündə işlənib. O vaxt oxuyan az idi, çünki səsi olmayan oxuya bilmirdi. - Müğənnilərin çoxalması, səsi olanın da, olmayanın da oxuması tənqid edilir. - Oxusunlar, heç bir narahatlığım yoxdur. Bir dəfə məclisdə hamı bir müğənninin dalınca danışırdı ki, oxuya bilmir. Xalq artist Flora Kərimova dedi ki, bir nəfər oxuyursa, deməli heç olmasa 1 dinləyicisi var. Ola bilər ki, sən sevmirsən, amma onu sevən var. Heç kimin heç kimi tənqid etməyə haqqı yoxdur. Bəlkə o oxuya bilmir, amma sevənləri var. Bəlkə də o gözəl oxuyur, sənin musiqidən anlayışın yoxdur. İnsanların istəkləri müzakirə edilməməlidir. - Verilişlərin birində boşanmalardan danışdığınız üçün boşandığınız barədə xəbərlər yayıldı. - Verilişə baxanlar bildi ki, boşanmamışam. Mən ailəmi gündəmə çıxarmağı sevmirəm. Efirə də bəzən uşaqlarımla çıxıram. 3 oğlum var. Oğlan uşaqları olduqları üçün televiziyaya çıxarıram. Qızım olsaydı, efirə çıxarmazdım. Oğlum Əli böyüyüb, bu il 4-cü sinfə gedəcək. Mehdi ilə Rza ikinci sinfə gedir. - İncəsənətə meylləri varmı? - Var, bütün günü qaşıq əllərində oxuyurlar. Amma qoymayacağam. Mehdi oxuyur, çıxır divanın üstə qışqırır ki, əllərinizi görmürəm. Əsəbləşirəm, istəmirəm əziyyət çəksinlər. Mənim qabağımı kəsənlər çox oldu. Ona görə çalışacağam sənətə gəlməsin. Onları həkim görmək istəyirəm. Mehdi çox yaxşı idmançıdır, evdə də idman edir. Bu cür davam etsə, gələcəkdə yaxşı idmançı ola bilər. Əli ingilis dilini öyrənməyə meyllidir. Rza da dərslərini yaxşı oxuyur. Allah bütün uşaqları qorusun. Rubrika.Az Geri qayıt |