Əsas Səhifə > Hadisə > Məktəblərin açılması ilə dərdə düşən valideynlər: dövlət yardım etməlidirmi?
Məktəblərin açılması ilə dərdə düşən valideynlər: dövlət yardım etməlidirmi?12-09-2018, 18:10 |
![]() Məktəb mövsümünün açılmağına saylı günlər qalıb. Artıq məktəbli valideynlərini başqa bir təlaş bürüyüb. Onlar övladlarının bütün məktəb ehtiyaclarını ödəməyə çalışırlar. Bəzən isə buna nail ola bilmirlər. Xüsusilə də, aztəminatlı və çoxuşaqlı ailələr məktəbli geyimlərinin baha olmasından şikayətlənirlər. Bir ailədən 2 və daha artıq məktəblinin təhsil üçün məktəbə üz tutması valideynin büdcəsini sarsıdır desək, yerinə düşər. Bəs, hansı ailələr aztəminatlı hesab olunur? “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa görə, aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdir. Bu qanuna görə, ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Qanunda qeyd olunur ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Son dövrlərdə isə aztəminatlı və çoxuşaqlı ailələrin övladlarına yardımla bağlı sosial şəbəkədə kampaniyalar keçirilir, həmin ailələrin uşaqlarının ehtiyacları ödənilir. Bütün bunları dövlət hesabına etmək mümkündürmü? Rubrika.Az xeber verir ki, Musavat.com mövzunun aktuallığını nəzərə alıb, verilmiş təkliflərlə bağlı sorğu keçirib. ![]() Təhsil eksperti Kamran Əsədov deyib ki, dövlət tərəfindən sözügedən ailələrə yardım edilməlidir: “Sosial Yardım Haqqında Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulub ki, aztəminatlı ailələrin ehtiyacları dövlət tərəfindən ödənilməlidir. Nəzərə alsaq ki, 1.6 milyon sagird təhsil alır, onların az hissəsinə yardım edilir. Bu müəyyən qurumlar, Heydər Əliyev Fondu və təşkilatlar tərəfindən yerinə yetirilir. Halbuki, istər konstitusiyada, istərsə də, sosial yardımla bağlı qanunda göstərilir ki, Azərbaycanda təhsil icbaridir və dövlət tərəfindən təminat var. Bundan əlavə prezident İlham Əliyevin bütün şagirdlərin dərsliklə təmin olunması ilə bağlı imzaladığı sərəncam var. Bu gün valideynlər məktəbli forması, çanta və məktəb ləvazimatları alır. Lakin bunları ala bilməyən ailələr var. Uşaqlar gələcəyin qəhrəmanları, seçiciləridir. Düşünürəm ki, dövlət tərəfindən fondlar fəaliyyətini genişləndirməlidir. Sözügedən ailələrə yardım edilməlidir. Bütün bunlar təşkilatlar tərəfindən deyil, dövlət tərəfindən həyata keçirilməlidir”. Təhsil eksperti Məlahət Mürşüdlü bildirib ki, aztəminatlı və çoxuşaqlı ailələr siyahıya alınıb, onlara məktəblə bağlı yardım edilməlidir: “Ehtiyacı olan, iqtisadi cəhətdən təminatı az olan, ailə başçısını itirmiş, işsiz valideynlərin övladlarına yardım olunmalıdır. Həmin şagirdlər geyimdən tutmuş məktəb ləvazimatına qədər təmin edilməlidir. Bu reallıqdır ki, bəzi ailələr ikidən çox övlad məktəbə göndərir. Dövlət proqramı olmalıdır, belə ailələr məktəbdə üzə çıxarılmalıdır. Siyahı tutulmalıdır ki, yardıma ehtiyacı olan neçə ailə var. Məktəbin fonduna pul ayrılmalıdır və həmin ailələrin övladlarının bütün ehtiyacları ödənilməlidir. Əks halda valideynlər də, şadirdlər də çətin durumda qalır”. Rubrika.AZ Geri qayıt |