Əsas Səhifə > Hadisə > "Ömürlük həbs də versələr, yatmağa hazıram" - Birlikdə spirtli içki içdiyi şəxsi amansızlıqla öldürüb - TƏFƏRRÜAT
"Ömürlük həbs də versələr, yatmağa hazıram" - Birlikdə spirtli içki içdiyi şəxsi amansızlıqla öldürüb - TƏFƏRRÜAT12-10-2018, 19:59 |
![]() Spirtli içki içdiyi şəxsi öldürən şəxs hakim qarşısına çıxarılıb. Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Abbasov Xəyal Xudaverdi oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Xəyal Abbasov birlikdə xeyli miqdarda spirtli içki qəbul etdiyi 43 yaşlı Emin Nuriyevi öldürüb. Emin Nuriyev bir uşaq atasıdır və ailəsi ilə birlikdə Sumqayıtda yaşayıb. Hadisə də Sumqayıtda baş verib. 31 yaşlı Xəyal Emin Nuriyevlə Sumqayıtda parkda 1 litr araq, daha sonra da aptekdən aldıqları 0,5 litr etil spirti içiblər. Hər ikisi sərxoş vəziyyətdə olub. Mübahisə edəndə onların yanına Post Patrul Xidmətinin əməkdaşları gəlib. Onlara ictimai asayişi pozduqlarına görə xəbərdarlıq edib. Xəyal polisdən xahiş edib ki, Emin sakitləşdirdikdən sonra oradan uzaqlaşacaqlar. Polis əməkdaşları getdikdən sonra Xəyal Eminin yaxasından tutub sürüyərək yolun əks tərəfinə gətirib. İttihamda göstərilir ki, Emin Xəyalı söyüb. Xəyal yemək yeyərkən istifadə etdikləri mətbəx bıçağı ilə Eminə 8 bıçaq zərbəsi endirib. Emin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəyal Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Elan olunmuş ittihamla Xəyal Abbasov özünü qismən təqsirli bildiyini deyib. İfadə verməkdən imtina edən X.Abbasov peşman olduğunu da qeyd edib. Əlavə edib ki, Emin əvvəlcə onu, daha sonra isə anasına söyüb və buna görə də onu öldürüb. Məhkəmədə mərhum Emin Nuriyevin atası hüquqi varis kimi ifadə verib. Söyləyib ki, oğlu içki içsə də daha əvvəl kimləsə dava etməyib. Mərhumun atası qeyd edib ki, oğlu öləndən sonra Xəyal Abbasovun ailəsi onlara 300 manat maddi kömək edib. O, oğlunun ölümünə səbəb olan şəxsə ağır cəza verilməsini istəyib. Daha sonra Xəyalın anası məhkəmədə ifadə verib. Söyləyib ki, 3 oğul anasıdır, süpürgəçi işləyərək ailəsini dolandırıb: "O biri iki oğlum problemli olsalar da Xəyal çox sakit idi. Adam vuran deyil. Mən özüm süpürgəçiyəm. Zülmlə ailə dolandırmışam. Həmin gün Xəyal evdə idi. Dedi ki, yeməkdən bir qab çək aparım dostuma. Mən də verdim. Gedəndə də məndən 5 manat aldı. Gecə evə gəldi. Eyvanda oturub dizlərinə vururdu. Dedim ki, nə olub? Emini vurduğunu dedi. Amma mən yenə də inanmadım. Paltarlarını dəyişib evdən getdi. Qayıdanda yanında adamlar da var idi. Dedi ki, dostlarımdı. Amma mən bildim ki, yalan deyir. Çünki polisləri tanıyırdım. Öyrəndim ki, Xəyal Emini öldürüb. Sizə qurban olum oğlumu cavanlığına, anasına bağışlayın". Anasının ifadəsinə reaksiya verən Xəyal söyləyib ki, ona verilən cəzanı çəkməyə hazırdı: "18 il də, ömürlük də versələr, yatmağa hazıram". Məhkəmə iclası oktyabrın 19-da davam etdiriləcək. Rubrika.Az Geri qayıt |