Əsas Səhifə > Hadisə > Arvadını amansızlıqla qətlə yetirən 62 yaşlı şəxsə hökm oxunub - 17 il müddətinə həbs cəzası

Arvadını amansızlıqla qətlə yetirən 62 yaşlı şəxsə hökm oxunub - 17 il müddətinə həbs cəzası


19-10-2018, 15:48
Arvadını amansızlıqla qətlə yetirən 62 yaşlı şəxsə hökm oxunub - 17 il müddətinə həbs cəzası

Arvadını amansızlıqla qətlə yetirən şəxsin məhkəməsi davam etdirilib.

Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Maştağa qəsəbəsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Zamin Rəsulovun 17 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsi bu il Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovaya iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerindəcə keçinib. Məlumata görə, hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib.

Məlumata görə, əvvəllər bir neçə dəfə infarkt keçirmiş 62 yaşlı Z.Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Sonuncu müalicə prosesindən sonra qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gəldikləri gün kişi ilə xanımı arasında mübahisə yaranıb. Z.Rəsulov mətbəx bıçağını götürərək, həyat yoldaşına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib və təcili yardım çağırsa da, artıq gec olub.

Hadisəni törədən Z.Rəsulov iki dəfə evli olub. O, uzun illər əvvəl N.Rəsulova ilə ailə qurub. Lakin boşanaraq başqa qadınla evlənib. Xeyli keçəndən sonra Z.Rəsulov ilk həyat yoldaşının yanına qayıdıb.

Elan edilmiş ittihamla Zamin Rəsulovdan özünü təqsirli bilib-bilməməsi soruşulub. Z.Rəsulov söyləyib ki, hadisə vaxtı qızının və özünün orada olduğunu xatırlayır. Davranışlarında problem olduğu hiss edilən Z.Rəsulov söyləyib ki, əsəbi olub, həmin vaxt gözünün birindən ağrı başlayıb, ürəyi döyünüb, əlləri əsib. Rəsulov sonra əlinin kəsildiyini və ətrafın qan olduğunu xatırladığını qeyd edib.

Rubrika.Az
Geri qayıt