Əsas Səhifə > Hadisə > Azərbaycan-Aİ əlaqələri genişlənir - tərəflər arasında təhlükəsizlik dialoqu keçiriləcək

Azərbaycan-Aİ əlaqələri genişlənir - tərəflər arasında təhlükəsizlik dialoqu keçiriləcək


25-10-2018, 20:53
Azərbaycan-Aİ əlaqələri genişlənir - tərəflər arasında təhlükəsizlik dialoqu keçiriləcək

Elxan Şahinoğlu: “Avropa Azərbaycanın təhlükəsizliyi haqqında ciddi düşünmək məcburiyyətindədir”

Bu ayın sonunda Bakıda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ilk təhlükəsizlik dialoqu keçiriləcək. Dialoqda Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq. Rubrika.Az xeber verir ki, “Report”-a geniş müsahibə verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva bu barədə də sualları cavablandırıb.

Sitat: “Azərbaycanla Avropa İttifaqı arasında hazırki danışıqların məqsədi strateji əməkdaşlığımızı enerji sahəsindən daha da kənara çıxararaq, digər sahələri də əhatə edən hərtərəfli yeni bir sazişin imzalanmasıdır. İki tərəf arasında ayın sonunda keçiriləcək təhlükəsizlik üzrə dialoq böyük əhəmiyyət kəsb edir.

Azərbaycan və Avropa İttifaqı enerji sahəsində strateji tərəfdaşdırlar. Rəsmi Bakı ilə Brüssel arasında bu sahədə saziş imzalanıb. Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu ikitərərfli münasibətlərin inkişafı axarında təbii olaraq meydana çıxan bir prosessdir. Bu dialoq hər iki tərəfi narahat edən və maraq kəsb edən məsələlər ətarfında qurulacaq. Əgər biz Azərbaycanın təhlükəsizliyindən danışırıqsa, bu gün Azərbaycan üçün birnömrəli problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasıdır. Yəni Azərbaycana qarşı qonşu Ermənistan tərəfindən güc tətbiq edilməsidir. Əlbəttə ki, Avropa İttifaqı ilə təhlükəsizlik üzrə hər hansı bir dialoq olarsa, bu münaqişə müzakirə olunacaq”.

XİN sözçüsü Azərbaycan-Aİ arasında yeni saziş üzrə gedən danışıqlardan və müzakirələrin növbəti mərhələsinin nə vaxt keçiriləcəyindən də danışıb: “Azərbaycan xarici dövlətlərlə ikitərəfli əsasda münasibətlərin inkişafı ilə bərabər, eyni zamanda çoxtərəfli çərçivədə əməkdaşlığa da xüsusi önəm verir. Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi çərçivəsini müəyyən edəcək yeni və strateji səviyyəli sazişin imzalanması üçün danışıqlar gedir.

Danışıqlar uğurla aparılır. Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu və birgə maraqlara əsaslanan saziş imzalamağa hazırdır. Saziş üzrə danışıqların yeni mərhələsi rotasiya prinsipi ilə yaxın zamanlarda Bakıda baş tutacaq. Biz bu sazişin strateji xarakter daşıyacağına inanırıq. Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa gəldikdə isə Azərbaycan bu mexanizmdən faydalanır. Yeri gəlmişkən, hər bir ölkənin özünəməxsus inkişaf yolu var və Avropa İttifaqı ilə münasibətləri kontekstində öz əməkdaşlıq gündəlikləri mövcuddur. Bundan başqa, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin, həmçinin Dağlaq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verməsi bizim üçün vacibdir”.

Göründüyü kimi, rəsmi Bakı ilə Avropa Birliyinin əməkdaşlığı getdikcə güclənir. Əvvəlki illərdə münasibətlərdə müəyyən soyuqluqlar olsa da, son ildə bundan əsər-əlamət qalmayıb. Ekspertlər bu istiqamətdə əməkdaşlığın gələcəkdə də genişlənəcəyini bildirirlər. Bunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslərə ciddi təsir edəcəyi vurğulanır.

Azərbaycan-Aİ əlaqələri genişlənir - tərəflər arasında təhlükəsizlik dialoqu keçiriləcək

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Aİ-nin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini qeyd etdi: “Ölkəmizə səfər edən Trampın köməkçisi Con Boltonun da əsas müzakirə etdiyi məsələlərdən biri təhlükəsizlik idi. Bölgədə Amerikanın da, Avropanın da əsas tərəfdaşı Azərbaycandır. Ölkəmizin güclənməsi, təhlükəsizlik sisteminin artırılması həm Avropanın, həm də Amerikanın maraqlarına cavab verir. Ona görə Azərbaycan da istəyir ki, ABŞ və Avropa ilə ciddi münasibətlər qursun. Əsas tərəfdaşlarımız da məhz onlardır. Avropa Rusiyadan qaz asılılığını azaltmaq istəyir. Çalışır ki, Azərbaycan kimi ölkələrdən qaz alsın. TANAP-TAP layihələri reallaşan kimi Azərbaycan qazını Avropaya yönəldəcək. Unutmayaq ki, Azərbaycanın yerləşdiyi bölgə çox həssas bölgədir. Hər an toqquşma ehtimalları var. Çünki torpaqlarımız işğal altındadır.

Ona görə Avropa Azərbaycanın təhlükəsizliyi haqqında ciddi düşünmək məcburiyyətindədir. Doğrudur, Avropa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səylər göstərmir. Amma hər halda anlayırlar ki, Azərbaycana təhlükə yaranarsa, bu Avropanın özü üçün də böyük təhlükə yarada bilər. Bu baxımdan müzakirə bəndlərinə təhlükəsizlik məsələlərinin salınması başa düşüləndir. Bu hər iki tərəfin maraqlarına xidmət edir. Onlar yaxşı bilirlər ki, torpaqlarımızın bir hissəsini Ermənistan işğal edib. Şimal və cənubdan gələ biləcək təhlükələrdən sığortalanmamışıq. Bunu Avropa çox yaxşı bilir. Amerikanın Ermənistandakı səfiri haqlı olaraq deyir ki, nə qədər Dağlıq Qarabağ işğal altındadır, Ermənistan nə sülhə, nə də inkişafa nail olacaq. Bunu düşmən ölkədə demək daha çox effekt verir. Amma problem odur ki, bu açıqlamadan sonra hələ də Ermənistana təzyiqlər edilmir”.

Politoloq Azərbaycanla Aİ arasında imzalanacaq yeni sazişdən də danışdı: “Əslində bu saziş çoxdan imzalanmalı idi. Çox təəssüf ki, bu məsələ çox yubandı. Məndə olan məlumatlara görə bəndlərin bir çoxu artıq hazırdır. Bunu artıq imzalamağın vaxtıdır. Azərbaycan prezidenti Brüsseldə səfərdə olanda təlimat verdi ki, bu prosesi sürətləndirmək lazımdır. Azərbaycan məmurları da danışıqları intensivləşdirməlidir. Bu saziş hər iki tərəf üçün çox vacibdir. Əsas tərəfdaşlarımız Avropadadırsa, enerji resurslarımızı ora yönəldiriksə, bizim üçün Avropa İttifaqının özü ilə strateji sazişimiz olmalıdır. Düzdür, ittifaqın 9 dövləti ilə belə sazişimiz var. Amma ittifaqla yekun sazişi imzalamağa ehtiyac var. Gürcüstan, Ermənistan, Moldova assosiativ saziş imzalayıblar. Düşünürəm ki, bu ilin sonuna qədər çatdırmasaq da, ən azından gələn ilin ortalarına qədər bu prosesi başa çatdırmalıyıq”.

Rubrika.Az
Geri qayıt