Əsas Səhifə > Hadisə > Həbsdə olan generalın vəkili hakimlərə etiraz etdi

Həbsdə olan generalın vəkili hakimlərə etiraz etdi


29-10-2018, 18:22
Həbsdə olan generalın vəkili hakimlərə etiraz etdi

Ləğv olunmuş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizov yenidən hakim qarşısına çıxarılır.

Onlar aldıqları cəzanın azaldılmasını və ya həbsdən buraxılmalarını istəyirlər. Bu məqsədlə apellyasiya şikayəti veriblər.

Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə general Sübahir Qurbanovun vəkili Adil İsmayılov bir neçə vəsatətlə çıxış edib.

Vəkil ilk olaraq hakimlər heyətinə etiraz edib. Bildirib ki, məhkəmə şikayətə istintaq aparmadan baxmaq istəyir. Belə olan halda isə araşdırma aparmadan ədalətli nəticəyə gəlmək mümkün deyil.

"Məhkəmə apellyasiya şikayətinə istintaq aparılmadan baxılması qərarını verdi. Amma hesab edirik ki, istintaq aparmadan ədalətli qərar qəbul oluna bilməz" - deyən vəkil qeyd edib ki, Sahibxan Mirzəyevin sədrlik etdiyi Vəkillər Kollegiyası digər MTN generalı Akif Çovdarov və daha üç nəfərin şikayətinə də baxıb.

Müdafiəçi bunu əsas gətirərək bildirib ki, bu işdə bəzi epizodlar Akif Çovdarovun işindəki epizodlarla eynidir: "Həmin epizodlar üzrə artıq bu kollegiya qərar veribsə, bu işdə necə fərqli nəticəyə gələ bilər?"

Vəkil generalın əmlakları ilə bağlı məsələyə də toxunub. Bildirib ki, ayrı-ayrı adamların əmlakları Sübahir Qurbanovun mülkiyyəti kimi təqdim olunaraq müsadirə edilib: "Həmin maraqlı şəxslər də Bakı Hərbi Məhkəməsindən şikayət verib. Akif Çovdarovun işində həmin maraqlı şəxslərin şikayətinə baxılıb, lakin bu işdə maraqlı şəxslərin şikayəti ümumiyyəylə, qəbul edilmədi".

Məhkəmə vəsatətlərlə bağlı qərarı oktyabrın 30-da elan edəcək.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlərə - əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətovaya 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.


Rubrika.Az
Geri qayıt