Əsas Səhifə > Hadisə > Türkiyə sahibkarları lirənin ucuzlaşmasından qazanırlar: Qonşu ölkələrdən alış-veriş turları artıb
Türkiyə sahibkarları lirənin ucuzlaşmasından qazanırlar: Qonşu ölkələrdən alış-veriş turları artıb31-10-2018, 19:30 |
![]() Məlum olduğu kimi, istənilən ölkənin milli valyutasında baş verən ucuzlaşma həmin ölkənin ixrac qabiliyyətini artıran əsas faktora çevrilir. Bu nüans hazırda qardaş Türkiyədə də özünü doğrultmaqdadır. Türk lirəsinin dollar qarşısında kəskin ucuzlaşması qonşu ölkələrin bu ölkə ilə olan ticarətində rəqəmlərin kəskin yüksəlməsinə gətirib çıxarıb. Dolların təxminən 5,5 lirəyə qədər bahalaşması Ədirnədə türk əsnafının işinə yarayıb. Belə ki, bu şəhərə Bolqarıstan və Yunanıstandan ticarət turları artıb. Bundan istifadə edən türkiyəli sahibkarlar ticarət mərkəzlərini yunanca və bolqarca olan qiymət cədvəlləri ilə bəzəyiblər. Hətta ticarətçilərin işini asanlaşdırmaq üçün hər iki dildə alış-veriş sözlərini əks etdirən lüğət tipli saytlar da yaradılıb. Şəhərdə bu iki dildə tanıtım reklamları yer almağa başlayıb. Sahibkarlar deyir ki, yunanlar və bolqarlar əsasən həftənin cümə günləri səhər saatlarında gəlir və şənbə-bazar günləri bol-bol bazarlıq edirlər. Geyim əşyalarından tutmuş meyvə-tərəvəzə qədər Türkiyədən alırlar. Satıcıların sözlərinə görə, ayda iki dəfə ümumi alış-verişə gələn müştərilər də qazanıblar. Səbəb isə əksər məhsulların həmin ölkələrə nisbətən kifayət qədər ucuz satılmasıdır. Artıq ticarət mərkəzləri və bazarlarda yunan və bolqar dilini bilən tərcüməçilər də pul qazana bilir. Belə ki, hər hansı problem yaşandığında satıcılar onlara müraciət edirlər. Sahibkarların bir çoxu isə artıq səhərlər bazara əlində lüğətlə gəlir. Onlardan qiymətlə bağlı soruşan müştərilərə lüğətə baxaraq cavab verirlər. Ədirnə sahibkarlarının mətbuata verdikləri açıqlamalara görə, xarici alıcılar bir dəfəyə təxminən 50-80 avroluq alış-veriş edirlər. Hətta münasibətlər o qədər inkişaf edib ki, pulu çatmayan müştərilərin borcu gələn həftə ödəməsi şərti ilə nisyə dəftərinə yazılır. Ədirnə sahibkarları artıq internet saytlarına da bolqar dili əlavə ediblər. Müştərilər öz ölkələrində olarkən bu saytlara girib istədikləri malın qiymətləri və kampaniyalarla bağlı məlumat əldə edə bilirlər. İnşaat materialları satan bir iş adamı deyir ki, Ədirnədə 23 lirəyə olan bir məhsul Bolqarıstanda 23 levə, yəni 100 lirəyə satılır. Ona görə də, alıcılar ehtiyac duyduqları məhsulu bir dəfəyə alıb satıcılara əmanət edir, öz ölkələrinin gömrüyündə problem yaşamamaq üçün hissə-hissə daşıyırlar. Son illərdə Azərbaycan manatının da dollar qarşısında ucuzlaşdığını nəzərə alsaq, Türkiyənin bu təcrübəsindən yararlanmaq ölkəmizin qeyri-neft ixracatının artması baxımından faydalı ola bilər. Rubrika.Az Geri qayıt |