Əsas Səhifə > Mədəniyyət > İlqar Məmmədov ölkədən çıxmaq istəyir

İlqar Məmmədov ölkədən çıxmaq istəyir


2-11-2018, 10:57
İlqar Məmmədov ölkədən çıxmaq istəyir

REAL Partiyasının sədri Ali Məhkəməyə üz tutub, bəraət istəyir...

Rubrika.az musavat.com-a istinadla bildirir ki, REAL Partiyasının sədri İlqar Məmmədov azadlığa çıxdığı Şəki Apelyasiya Məhkəməsinin 13 avqust tarixli qərarından Ali Məhkəməyə müraciət edib. Partiya sədri bəraət istəyir. Bu barədə onun vəkili Fuad Ağayev məlumat yayıb. Vəkil bildirib ki, şikayətdə REAL sədrinə tam bəraət verilməsi istənilir.
İ.Məmmədov mətbuata açıqlamasında bildirib ki, onların məhkəmədən gözləntiləri yoxdur: “Bizim məhkəmədən heç bir gözləntimiz yoxdur, tələbimiz var. Tələb də odur ki, mən tamamilə bəraət almalıyam”. Qeyd edək ki, siyasətçinin ölkədən çıxması da yasaqlanıb.
REAL sədri deyib ki, bu tələb həm də qarşıdan gələn seçkilərdə iştirakla bağlıdır: “Pozulmuş haqlarım bərpa olunmalıdır. Bütün haqq və hüquqlarımdan sərbəst şəkildə, tam həcmdə istifadə etməkdə israrlıyam. Məhkəmə qanunauyğun qərar versə, bu qərar nəticəsində Azərbaycanda keçiriləcək seçkilərdə iştirak edə biləcəyəm”.
F.Ağayev “Yeni Müsavat”a açıqlamasında məhkəmə barədə danışmağın tez olduğunu söylədi: “Əvvəlcədən heç vaxt proqnoz vermirəm. Şikayətimizə nə zaman baxılacağı ilə bağlı suallar Ali Məhkəməyə ünvanlanmalıdır. Konkret bir cavab verməyim çətindir. Kasasiya şikayətimiz oktyabrın 30-də Ali Məhkəməyə daxil olub. Bu məhkəmədə şikayət baxılma prosedurası bir qədər fərqlidir. Məruzəçi təyin olunmalıdır. Bunlar məndən asılı olmayan məsələlərdir”.

REAL-ın icraçı katibi Natiq Cəfərli bildirdi ki, Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı tam yerinə yetirilməyib: “Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun işinə bəraətlə xitam verilməsi barədə gözləntilər formalaşıb. Bu da çox vacibdir. Çünki İlqar Məmmədovun cinayətə yol vermədiyi məlumdur. Kasasiya şikayətinin əsas məğzi ondan ibarətdir ki, Avropa Məhkəməsinin qərarı tam şəkildə icra olunsun, şərti azadlıq məhdudiyyəti aradan götürülsün. Bu da İlqar Məmmədovun ölkədən çıxışı qadağasının aradan götürülməsi anlamına gələcək. Eyni zamanda gələcəkdə parlament seçkiləri ilə bağlı namizədliyinin qeydə alınmasına olan problemin aradan qaldırılmasına xidmət edəcək. Azərbaycanda məhkəmə sisteminin müstəqil şəkildə fəaliyyətini söyləmək çətindir. Bu baxımdan indiki məhkəmədə veriləcək qərar daha çox siyasi olacaq. Gözləntilərimiz ondan ibarətdir ki, Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı Azərbaycan hökumətinin öhdəliyi var. Avropa Şurası və Nazirlər Kabinetinin İlqar Məmmədovla bağlı hələ də sualları qalır. Nə üçün şərti azadlıqla bu işə xitam verilmədiyi barədə Azərbaycan tərəfə suallar ünvanlanır. İlqar Məmmədov həbsdə olanda da, azadlığa çıxdıqdan sonra da bildirmişik ki, REAL seçki partiyasıdır. Əsas hədəfimiz seçkilərdə iştirak etmək, siyasi nüfuz toplamaq və hakimiyyət qollarında seçkilər yolu ilə təmsilçilik qazanmaqdır. Bu baxımdan İlqar Məmmədovun seçkilərdə iştirak hüququnun olması çox vacibdir”.

Rubrika.Az
Geri qayıt