Əsas Səhifə > Hadisə > Külli miqdarda narkotik satışında ittiham edilən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb.
Külli miqdarda narkotik satışında ittiham edilən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb.22-11-2018, 11:36 |
![]() Külli miqdarda narkotik satışında ittiham edilən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb. Rubrika.Az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrinin dövriyyəsində ittiham edilən 35 yaşlı Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Sənubər Əliyeva ifadə verib. Sənubər Əliyeva deyib ki, polis əməkdaşları onu hal şahidi kimi dəvət edərək Şəms Səmədovanın üzərinə baxış keçirib. "Mən yoldan keçirdim. Polislər dəvət elədi ki, bir xanımın üzərinə baxış keçiriləcək. Mən də razılaşdım. Çantasına baxanda pul, dərman və bükümlər çıxdı. Xanım dedi ki, dərmanlar onundur, amma bükümlərdən xəbərsiz olduğunu dedi. Sonra da mən çıxıb getdim"- deyə şahid bildirib. Şəms Səmədova isə deyib ki, hal şahidi deyilənləri təkrar edir: "Bu qadını gətirəndə gecə saat 1 olardı. Deyəsən, toydan çıxıb gəlmişdi. Qara, uzun don geyinmişdi. Məni ora ayaqqabısız gətirmişdilər. Polis dedi ki, götür ayaqqabımı geyin, mən də istəmədim. Sonra yenidən bizim evə getdik, axtarış apardılar. Amma heç nə çıxmadı. Mən də orda ayaqqabımı geyindim. Hal şahidi də nə deyildisə, onu deyir". Ş.Səmədova onu da bildirib ki, çantasında olan dərman "Tramadol" olub: "Narkotik tərkibli olduğu deyilir, amma bütün apteklərdə var. Mən də aptekdən almışam, yoldaşım içirdi. Məni heç nədən tutublar". Məhkəmədə digər şahid Mirzə Səfərov da ifadə verib. Mirzə Səfərov da bu işdə hal şahidi kimi iştirak etdiyini deyib. O bildirib ki, Nizami adlı şəxs saxlanılanda polis əməkdaşları onu polis bölməsinə dəvət ediblər: "Orda Nizamını soruşdular ki, dərmanı kimdən almısan? O da dedi ki, Səmsdən. Mən bundan başqa nəsə bilmirəm". Məhkəmə iclası noyabrın 28-də davam etdiriləcək. Bildirək ki, 3 uşaq anası Şəms Səmədovadan sonra bacısı 32 yaşlı Lamiyə Quliyeva da tutulub. Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar. Xatırladaq ki, Şəms Səmədova bir qrup şəxslə əlbir olmaqda ittiham edilir. Digər şəxslər həbs edilən zaman narkotiki Səmədovdan aldıqlarını bildiriblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il mayın 18-də keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Gəncə şəhər sakini Rövşən Zeynalov narkotik vasitə olan heroini şəhər ərazisində 100 manata satarkən cinayət başında yaxalanıb. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qədimovdan 420 qram marixuana, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Müslümidən heroin və 295 qramdan artıq marixuana aşkar edilib. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 18-nə keçən gecə Şorəlli kəndindəki evlərin birindən 750 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Səmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən əlavə olaraq 345 qram marixuana aşkar edilərək götürülüb. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib. Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb. Rubrika.Az Geri qayıt |