Əsas Səhifə > Hadisə > Bayıl sakinlərinə verilən kirayə pulu dayandırıldı: sakinlər çətin durumdadır
Bayıl sakinlərinə verilən kirayə pulu dayandırıldı: sakinlər çətin durumdadır6-12-2018, 20:35 |
![]() Bayıl yamacında “Teleqüllə” ətrafındakı sürüşmə zonasında yaşayan sakinlərə ayrılan kirayə pulları dayandırılıb. Bu barədə müsavat.com-a məlumat verən sakinlər bildiriblər ki, hələ də onların taleyi ilə bağlı yekun qərar verilməyib. Yada salaq ki, Bayıl ərazisində “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə bu ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmağa çətinlik çəkiblər. Ona görə də məcbur qalıb, ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər. Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Bayıldakı son durum barəsində “Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bildirib ki, yamacda tikinti şirkətləri tərəfindən aparılan işlər vəziyyəti daha da qəlizləşdirib: “Artıq 11 ay yekunlaşdığı üçün verilən kirayə pulları da dayandırılır. Sonuncu ödəniş dekabr ayının 1-də edildi. Mənzil İstismar Sahəsindən sakinlərə deyildi ki, bundan sonra kirayə pulu verilməyəcək. Kirayə pulu dayandırılıbsa, belə çıxır ki, yanvar ayının 1-dən etibarən kim harada kirayə qalırdısa, ya küçədə yaşamalıdır, ya da sürüşmə zonasındakı evinə qayıtmalıdır. Öz evinə necə gəlsin ki, bu ərazidə qaz kəsilib, elektrik yoxdur, şərait də pis gündədir. Hər kəsin yükü, mebelləri qohumlarının evindədir. Şəxsən bizim yükümüz 3-4 qohumun evindədir. Bizim kimi insanlar bu məhəllədə çoxdur. Təxminən 60-a yaxın ailəyə kirayə pulu verilirdi və onlar da kirayə mənzillərdə qalırdılar. Bu ailələrin taleyi necə olacaq? Suala aidiyyəti qurumlar hələ ki, cavab vermirlər. Yeni təyin olunan icra başçısı da gəlib, əraziyə baxış keçirib. Sadəcə olaraq ayaqüstü insanlarla danışıb. Bundan başqa isə hansısa yenilik yoxdur. Ərazidə bərbad vəziyyət hökm sürür. Bayıl yamacının alt hissəsində hal-hazırda tikinti şirkətləri işlər aparırlar. Söküntü-tikinti işləri gedir. Rubrika.Az Geri qayıt |