Əsas Səhifə > Manşet > SƏN ELƏ BİR ZİRVƏSƏN - BU GÜN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

SƏN ELƏ BİR ZİRVƏSƏN - BU GÜN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR


12-12-2018, 00:23
SƏN ELƏ BİR ZİRVƏSƏN - BU GÜN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

Tarix Heydər Əliyevə öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadətini nəsib edib


Bu gün xalqımızın dahi oğlu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Heydər Əliyev böyüklüyü, şəxsiyyəti, liderliyi sözlərlə, cümlələrlə ifadə oluna bilməz. Çünki Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu.


Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nəaliyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.

Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Ulu Öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan elə bir dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə

məşğul olmayıb. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindən biri də, məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi isrimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır. Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Onun qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlayır və siyasətçilərin, tədqiqatçıların və jurnalistlərin diqqətini ona cəlb edir. Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, getdikcə daha da artır. Ölkəmizdə və xaricdə çap edilən bir çox yazılarda, tədqiqatçıların əsərlərində biz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin və mahir idarəçilik bacarığının yeni-yeni cəhətlərini görürük.

Heydər Əliyev öz ölümü ilə ölməzliyə qovuşdu, xalqın taleyində liderlik missiyasını davam etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçürmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.


Rubrika.Az
Geri qayıt