Əsas Səhifə > Hadisə > Qalmaqal yaradan icra başçısı... - CƏZALANACAQMI?

Qalmaqal yaradan icra başçısı... - CƏZALANACAQMI?


13-12-2018, 15:55
Qalmaqal yaradan icra başçısı... - CƏZALANACAQMI?


Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun avtomobil karvanı ilə rayonun Avşar kəndinə gəlməsi "Facebook” sosial şəbəkəsində geniş müzakirələrə səbəb olub. Yayılan videodan aydın görünür ki, icra başçısının kəndə gəldiyi avtomobil karvanını 1 polis və 10-a yaxın mülki avtomobil müşayiət edir. Kənd sakinlərinin bir qismi və bir çox sosial şəbəkə istifadəçisi icra başçısının avtomobil karvanı ilə hərəkət etməsi anormallıq kimi qiymətləndirib.

Rubrika.az bildirir ki, BakuPost məsələnin təfərrüatını dəqiqləşdirmək üçün Ağcabədi rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsa da, İcra Hakimiyyətində əlaqə telefonlarına cavab verən olmayıb.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən millət vəkili seçilmiş Aqil Abbas BakuPost-a açıqlamasında bildirib ki, Ş. Məmmədov həmin gün Avşar kəndinə yas mərasiminə gedib: "Mənim də yaxınlarımla bağlı yas mərasimi olub, Ağdamın, Bərdənin, Ağcabədinin İcra Hakimiyyəti başçıları yas mərasiminə gəliblər. İcra Hakimiyyətinin başçıları da yas mərasiminə gələndə tək gəlmirlər, 20-ə qədər insan gəlir, başsağlığı verirlər. Bu, rəhmətə gedənə, yası olan insanlara bir hörmət əlamətidir. Bunu şişirdərək "İcra Hakimiyyəti başçısı kartejlə gedir” kimi təqdim etmək yanlışdır. Mən Ağcabədinin və Füzulinin deputatıyam, İcra Hakimiyyəti başçıları ilə kəndləri gəzirik. Hər hansı kartej, filan da olmur. Mən və başçı gediriksə, bizi heç kəs müşahidə etmir. O videogörüntüyə mən də baxmışam. Rayonun idarə rəhbərləri, üzdə olan aktiv insanlar hörmət əlaməti olaraq İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla birlikdə yas mərasiminə gedirlər, 10-a qədər avtomobildir. Burada qeyri-adi heç nə yoxdur. Tək Ağcabədidə yox, respublikanın digər rayonlarında da yas mərasiminə belə gedirlər. Tutaq ki, birdən mən də Ağdamda yas mərasiminə gedirəm. Mənim də dostlarım, yaxınlarım var, 6-7 maşınla yas mərasiminə gedirik, yəni mən də kartejlə gedirəm. İcra başçılarının o qədər nöqsanları var ki, tapıb ondan yazsınlar, Qarabağ bölgəsindən olan bir deputat kimi mən də bir söz demərəm ”.

Rubrika.az
Geri qayıt