Əsas Səhifə > Hadisə > Xırdalanda iş adamını oğurlayaraq, öldürməkdə ittiham edilən şəxslərə hökm oxunub: ümumi 81 il müddətinə həbs

Xırdalanda iş adamını oğurlayaraq, öldürməkdə ittiham edilən şəxslərə hökm oxunub: ümumi 81 il müddətinə həbs


18-12-2018, 19:14
Xırdalanda iş adamını oğurlayaraq, öldürməkdə ittiham edilən şəxslərə hökm oxunub: ümumi 81 il müddətinə həbs

Xırdalanda qətl törətməkdə ittiham edilərək həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Xəyal Paşayev 19 il, Kənan Həsənov 18 il, Bilal Bayramov 18 il, Allahverdi Ruszpeykar 13 il, Məhəmməd Əhmədov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihamda yazılır ki, Xəyal Paşayev bir qrup şəxslə birləşərək özgənin əmlakını ələ keçirməyi planlaşdırıb. Qeyd edilir ki, Xəyal Paşayev bir qrup şəxslə İran vətəndaşı Bəşir Qəhramaninin şəriki olmuş Valeh Nəcəfovu oğurlayaraq onu hədələyiblər. Məqsəd Nəcəfovun Bəşir Qəhramaniyə olan 31 min dollar pulunu geri qaytarmasını tələb etmək olub. Onlar Nəcəfovu oğurlayaraq Manqal restoranına gətiriblər. Orada onu soyunduraraq döyüblər. Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər.

V.Nəcəfov dəstə üzvləri ilə razılaşıb və evdə olan xanımına məxsus qızılları verəcəyini deyib. Birlikdə evə gedərək evdən 15 min manat dəyəri olan qızıl-zinət əşyalarını götürüblər. Daha sonra pulun qalan hissəsini də hədə-qorxu ilə tələb ediblər. Pulu vermədikdə isə Nəcəfovu yenidən görüşə çağıraraq onu döyüblər.

İttihamda yazılır ki, Nəcəfov görüşə silahla gəlib. Dəstə üzvləri tərəfindən döyülən Nəcəfov əlini silaha atıb. Bu zaman Xəyal Paşayev və digərləri silahı Nəcəfovun əlindən alıblar. Daha sonra isə silahla atəş açılıb və güllə Nəcəfovun baş nahiyəsinə dəyib. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Təqsirləndirilən şəxslər xuliqanlıq niyyəti ilə adam öldürmə, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu və digər cinayətləri törətməkdə ittiham edilirlər. Xəyal Paşayev ittihamla özünü qismən təqsirli bildiyini, borcunu istədiyini söyləyib. Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov özünü təqsirli bilməyiblər.

Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhərində baş verib. Atışmada 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyyələrindən yaralanıb. Yaralını xilas etmək mümkün olub. Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.


Rubrika.Az
Geri qayıt