Əsas Səhifə > Hadisə > Paşinyan Moskva imtahanından çıxa biləcəkmi... - TƏHLİL

Paşinyan Moskva imtahanından çıxa biləcəkmi... - TƏHLİL


27-12-2018, 13:24
Paşinyan Moskva imtahanından çıxa biləcəkmi... - TƏHLİL

Bu gün - dekabrın 27-də Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskvaya səfər edəcək. Rusiya prezidenti Vladimir Putinlə görüş Ermənistan rəhbərliyi üçün taleyüklü məsələlərə aydınlıq gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Reallıq budur ki, “məxməri inqilab” lideri ilə Rusiya hakimiyyəti arasında “soyuq küləklər” əsir və belə bir situasiya nə Paşinyanın komandası, nə də Ermənistan üçün yaxşı perspektiv vəd edir. İrəvanın gözləntilərinə rəğmən, rəsmi Moskva parlamentin 70 faiz mandatına sahib olan N.Paşinyanı və onun tərəfdarlarını bu günədək təbrik etməyib. Üstəlik, Ermənistanın yer aldığı KTMT ölkələrindən Qırğızıstanı çıxmaq şərti ilə, başqa heç bir ölkədən təbrik məktubu gəlməyib. Digər tərəfdən, “Rus NATO”sunun baş katibliyi də əldən çıxıb. Güman olunur ki, Putinlə görüşdə bu mövzuya da son qoyulacaq.

Moskvada hesab edirlər ki, KTMT-nin baş katibinin təyinatı məsələsi ilin sonunadək həllini tapacaq.

Məlum olduğu kimi, KTMT-nin beş üzv ölkəsi Belarus təmsilçisi Stanislav Zasın baş katib olmasına razılıq verib. Zas 12 - 20 dekabr tarixlərində KTMT üzvü olan Qırğızıstan, Qazaxıstan, Tacikistan, Belarus və Rusiya rəhbərliyi ilə görüşüb onların dəstəyini alıb. KTMT-nin mətbuat katibi Zahnetdinov deyib ki, artıq 5 ölkə Belarus təmsilçisinin namizədliyini təsdiqləyib. Maraqlıdır ki, Ermənistan rəhbərliyi hələ də KTMT-nin baş katibi postuna yeganə namizədlə bir araya gəlməkdən yayınır. Amma Putinlə görüşdən sonra bu məsələyə nöqtə qoyulacağı şübhə doğurmur. Paşinyan “ya Zas, ya qaz” seçimi qarşısında qala bilər. Məsələ bundadır ki, Rusiya Ermənistana satdığı qazın qiymətini 150 dollardan 215 dollara qaldıracağı haqda xəbərdarlıq edib. Çox güman ki, N.Paşinyan KTMT baş katibliyi məsələsini əlində kozır saxlamaqla Rusiyadan hansısa dəstək qazanmaq istəyəcək.

Rusiya paytaxtındakı Putin-Paşinyan görüşü öncəsi müşahidə olunanlar da ilgincdir. Belə ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətini 2019-cu ilin 1 yanvarından 65 dollar (!) artıracağı ilə bağlı xəbərlərin yayılmasından sonra Ermənistandakı Rusiya səfirliyi qarşısında “Gümrüdəki 102-ci Rusiya hərbi bazası ölkədən çıxarılsın!” tələbi ilə aksiya keçirildi. Yeni hökumətin dövründə Ermənistanda anti-Rusiya meylləri xeyli güclənməkdədir. Qərbə inteqrasiya tərəfdarlarının parlamentdə çoxluq əldə etməsi Kremli qane etmədiyindən şübhəsiz ki, müxtəlif təzyiq rıçaqları işə salınacaq. Ancaq rəsmi İrəvanın öz “ağasının üzünə ağ olması” da maraq doğurur. Şübhəsiz ki, erməni hökuməti bu cəsarəti Qərbdən, Ermənistandakı Qərb diplomatları və təsisatlarından alır. Bütün bunların Putinlə görüşdə izahının istəniləcəyi şübhəsizdir. Moskva görüşü öncəsi Ermənistanın xüsusi istintaq xidmətinin 1 mart 2008-ci il hadisələri ilə bağlı sabiq müdafiə nazirinin müavini Mikael Arutyunyan haqqında yaydığı məlumat da xüsusi məqsədlərə hesablanıb.

Məlum olduğu kimi, konstitusiya quruluşunu dəyişməkdə ittiham olunan general-polkovnik M.Arutyunyan həbs olunmaq üçün axtarışa verilib. Lakin beynəlxalq axtarışa verilmiş Ermənistanın keçmiş müdafiə naziri bu ilin sentyabrında Rusiya ərazisində axtarış siyahısından çıxarılıb. Rusiya Federasiyasına ünvanlanan sorğuya cavab verilib və erməni zabitin Rusiya vətəndaşı olduğu qeyd olunub. Hazırda M.Arutyunyanın nə zaman Rusiya vətəndaşlığını alması istiqamətində araşdırmalar aparılır. Beləliklə, Yuri Xaçaturovun ardınca İrəvan daha bir Rusiyaya bağlı zabitin sonuna çıxmaq istəyir ki, yəqin bu məsələ də münasibətlərə təsirsiz ötüşməyəcək. Putinin dostu Robert Köçəryanın həbsindən sonra atılan bu kimi addımlara Moskva danışıqlarında toxunulmayacağı inandırıcı deyil.

Xatırladaq ki, hələ yay aylarında Rusiya XİN başçısı Sergey Lavrov Ermənistan hökumətinin cəzalandırma siyasətinə qarşı çıxaraq baş verən hadisələrin “Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlərə görə təqib etməyəcəyi barədə vədlərinə zidd olduğunu” demişdi. Lavrov isə hakimiyyətin və Rusiya dövlətinin iradəsini ifadə edir. Yeri gəlmişkən, Lavrovla Paşinyan arasındakı söz atışmasından sonra Rusiya XİN rəhbəri də ayağını Ermənistandan kəsib və yeni komandadan məsafə saxlayır. Bütün bu amillər Paşinyanı Moskvada çətin imtahan gözlədiyini deməyə əsas yaradır. Lakin Ermənistanın şantajlarının ona nə dərəcədə kömək edəcəyini demək çətindir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Rusiyaya səfəri ona xüsusi divident gətirməyəcək: “Rusiya prezidenti Vladimir Putin Paşinyana ”qırmızı cizgilər"i bir daha izah edəcək. Bu cizgilər nədir? Birincisi, Ermənistan ABŞ və Avropa Birliyinə çox yaxınlaşa bilməz. İkincisi, Ermənistan ABŞ və NATO ilə hərbi əməkdaşlığında diqqətli olmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrovun “Ermənistanla başqa dövlətlərin hərbi qüvvələrinin bu ölkədə yerləşməməsinə dair saziş imzalayacağıq” sözləri də bundan xəbər verir. Moskva daha çox Ermənistanın əl-qolunu bağlamağa çalışır. Paşinyan nə qədər Rusiyadan müstəqil siyasət yürütməyə çalışsa da, reallıqda bu mümkün deyil. O, Rusiyadan birtərəfli şəkildə imtina edərsə, onu ya hakimiyyətdən uzaqlaşdırar, ya da fiziki nöqteyi-nəzərdən məhv edərlər".

Politoloq qeyd etdi ki, Putinin Paşinyandan xoşu gəlmir: “Paşinyan Putinin dostu Robert Köçəryanı həbs edib. Putin Paşinyanla görüşdə Köçəryanın məsələsinə də toxunacaq. Paşinyan geri qayıtdıqdan sonra Köçəryanla nə edəcəyini müəyyənləşdirməlidir. Putin bütün hallarda Ermənistandan imtina etməyəcək. Rusiyaya Cənubi Qafqazda Ermənistan kimi vassal lazımdır. Rusiya-Azərbaycan münasibətləri yaxşıdır”.

Ancaq E.Şahinoğlu bir məqamı da qeyd etdi ki, Kreml İrəvandan fərqli olaraq, Bakıya etibar etmir: “Çünki yaxşı bilir ki, İrəvana əmr etmək kimi Bakıya əmr etmək olmaz. Bunun əks-effekti ola bilər. Ona görə də Kreml Azərbaycana faydalı olsun deyə, Ermənistandan imtina etməyəcək. Bu isə o deməkdir ki, Kremlin Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibəti də dəyişməyəcək”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə bu mövzuda danışarkən xatırlatdı ki, Ermənistanda başa gələn adam ilk səfərini adətən Rusiyaya edir: “Ənənə pozulmur, amma bu səfər o biri səfərlərə bənzəmir. Çünki Paşinyanın Ermənistanda hansı siyasi kursu götürəcəyi hələ bəlli deyil. Ölkədə Paşinyanla birlikdə gələn anti-Rusiya ovqatı üçün onun strateji müttəfiqinə cavabından çox şey asılıdır. Məncə, Ermənistan Rusiyanın caynağından çıxmağa heç cəhd belə etməyəcək, çünki mövcud vəziyyət Ermənistanı həm Rusiyanın yanında şirin salacaq, həm də Qərb Ermənistanı demokratik dəyişikliklərə start vermiş ölkə olaraq qəbul edəcək və burada olan proseslərin nə vaxtsa Rusiyanın nəzarətindən çıxmasına təkan verəcək. Qərbdə yanlış olaraq Ermənistandakı siyasi dəyişikliklərə belə baxılır”.

Ekspert dedi ki, Paşinyanın Putinlə görüşdən necə qayıdacağı bəllidir: “Putin Ermənistanla bağlı demişdi ki, ”nə dağılıb ki, bərpa edək", bu prinsip davam edəcək".

Ermənistanda Rusiyaya qarşı aksiyaların keçirilməsinə gəlincə, Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistanda zaman-zaman belə hallar olub: “Kim deyə bilər ki, bunları Paşinyan təşkil eləməyib? Ermənilər oyun oynamağı bacarırlar. Bu xalq hakimiyyət dəyişikliyini hər zaman öz aralarında razılıqlarla həyata keçirib, Rusiyanın namizədi burada əsas rol oynayıb. İndi Paşinyan bu iş üçün Rusiyaya gedir”.

Necə deyərlər, əlavə şərhə ehtiyac qalmır. Azərbaycanın Rusiya ilə yüksək səviyyədə münasibətlərinin olmasını da bura əlavə etsək, Ermənistanın təkləndiyini söyləmək olar. Yeri gəlmişkən, bu günlərdə prezident Putinin Azərbaycan prezidenti İlham Əliyevə ünvanlandığı doğum günü məktubundakı fikirlər Ermənistan mediasında geniş əks-səda doğurub. Bütün bunlardan sonra Paşinyan hərtərəfli ölçüb-biçməli və doğru seçim etməlidir...

Rubrika.az
Geri qayıt