Əsas Səhifə > Səhiyyə > Şəfalı əllərin uğur hekayəsi
Şəfalı əllərin uğur hekayəsi19-01-2019, 14:27 |
|
C. Ələkbərov xarici ölkə həkimlərinin əvəzedilməzliyi ilə bağlı mifi darmadağın edərək sübut edir ki, öz ölkəmizdə də peşəkar, layiqli mütəxəsislər yetərincədir Son iilərdə tibb sahəsində əldə edilən elmi nailiyyətlər və yeniliklər ölkəmizdə də uğurla tətbiq edilir. Tibbin ən son uğurlarından faydalanaraq insanlara sağlamlıq bəxş edən gənc həkimlər nəsli yetişməkdədir. İnamla demək olar ki, artıq ölkəmizi dünyada layiqincə təmsil edə biləcək mütəxxəsislər yetişib. Qazandığı uğurlarının sədası Azərbaycandan da çox-çox uzaqlarda eşidilən həkimlərimizdən biri olan ağciyər cərrahı Op. Dr. Cəmil Ələkbərov tibb elminin ən son nailiyyətlərini tətbiq etməklə ölkəmizdə bu sahədə bir çox ilklərə imza atıb. Cəmil Ələkbərov ilk ali təhsilini Azərbaycan Tibb Universitetində almış, daha sonra Rusiya Federasiyasının Kazan şəhərində ixtisasını təkmilləşdirmişdir. Rusiyanin və dünyanın bir neçə şəhərlərində konfranslarda çıxışlar etmiş, təkmilləşdirmə kurslarında iştirak etmiş, cərrahiyyənin son nəaliyyətlərini ölkəmizdə tətbiq etməyə başlamışdır. Onun 30-dan çox elmi məqaləsi dünyanın nüfuzlu tibb dərgilərində nəşr olunub. C. Ələkbərov tibbin ən mürəkkəb sahələrindən biri olan Endoskopik Torakal Cərrahiyyə üzrə fəaliyyət göstərməkdədir. Qeyd etdiyimiz kimi Cəmil həkim ölkəmizdə bir çox sahələrdə ilklərə uğurla imza atmışdır. Belə ki, Azərbaycanda ilk dəfə olaraq hər iki ağciyərdə eyni vaxtda Endoskopik əməliyyat icra etmiş və narkozsuz ağciyər cərrahiyyəsinin ölkəmizdə ilk dəfə uğurlu şəkildə tətbiq etmişdir. Cəmil Ələkbərov deyir ki, insanlara sağlamlıq bəxş etmək, onların sevincini görmək bir həkim üçün ən böyük uğurdur. Əgər həkim xəstənin acısını özününkü kimi qəbul etməzsə onu sağalda bilməz. Indiyə qədər etdiyim əməliyyatlardan sonra xəstələrin necə sağlamlığına qovuşduğunu görmək məni həmişə sevindirir. Onların sevinci, sevgisi mənim uğurum, xoşbəxtliyimdir. Doğrudan da Cəmil həkimi uğurdan uğura aparan da məhz bu amaldır. Cərrahiyyənin ən mürəkkəb sahələrindən birini özünə peşə seçən C. Ələkbərov bu günə qədər yüzlərlə insanın sağlamlığına qovuşmasına səbəbkar olub. Elə bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi İdarəsində Cəmil Ələkbərov və ürək-damar cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Firuz Kazımov daha bir mükəmməl əməliyyata imza ataraq kişi pasiyent üzərində 10 saatlıq əməliyyat icra edərək, onu həyata qaytarıblar. Əməliyyat zamanı döş qəfəsində, ön divar aralığından başlayaraq ürəyi, aortanı, yuxarı boş venanı, sağ ağciyər payını kompressiya edən gigant şiş çıxarılıb. Əməliyyatda eyni vaxtda sağ tərəfli torakotomiya və orta sternotomiya kəsiklərdən istifadə olunmaqla 3 kiloqramlıq şiş radikal çıxarılıb. Rubrika.az saytı xatırladır ki, belə çətin, məsuliyyətli əməliyyatlar C. Ələkbərovun praktikasında birinci deyil. Elə son uğurlu əməliyyatı ilə C. Ələkbərov Azərbaycan həkiminə olan inamı qorumaq yolunda böyük uğura imza atıb. Sirr deyil ki, bu gün əksər imkanlı şəxslər, bir çox hallarda imkansızlar belə müalicə üçün qonşu ölkələrə üz tuturlar. 10 saatlıq əməliyyatla xilas olunan 1958-ci il təvəllüdlü pasiyent də boğulma, təngnəfəslik, sinədə, ürəkdə çox güclü ağrı şikayətləri ilə həkimə müraciət edəndə onun ürəyində törəmə olduğu müəyyən edilib. Lakin, bir neçə həkim törəmə böyük olduğundan və çətin yerdə yerləşdiyindən əməliyyatın mümkün olmamasını bildirib. Əli hər yerdən üzülən xəstə artıq vəziyyətinin çox ağırlaşdığını görəndən sonra Türkiyəyə getmək istəyirmiş. Ancaq, Cəmil həkimə müraciət edəndən sonra onun başqa ölkəyə getməsinə ehtiyac qalmayıb. Qeyd etdiyimiz kimi çox ağır keçən 10 saatlıq əməliyyatdan sonra pasiyentin həyatı xilas edilib, sağlamlığına qovuşub. C. Ələkbərov bir daha xarici ölkə həkimlərinin əvəzedilməzliyi ilə bağlı mifi darmadağın edərək sübut etdi ki, öz ölkəmizdə də peşəkar, layiqli mütəxəsislər yetərincədir. Onun bu nailiyyəti bir daha göstərir ki, Azərbaycanda da dünya miqyaslı tibb mütəxəssisləri vardır-sadəcə onları yetərincə təbliğ etmək, qiymətləndirmək lazımdır. Nicat Mahmudov Rubrika.az Geri qayıt |