Əsas Səhifə > Hadisə > İslam inqilabının 40 ili - İranda inqilab necə baş verdi?
İslam inqilabının 40 ili - İranda inqilab necə baş verdi?31-01-2019, 22:26 |
![]() İran nüvə fəaliyyətini bərpa etməyə hazırlaşır. Bu barədə yerli telekanallardan birinə müsahibəsində İran Atom Enerjisi Qurumunun sədri Əli Əkbər Salehi məlumat verib. Salehi deyib ki, 190 min sentrafuq səviyyəsinə çatmaq üçün lazımı hazırlıqlar görülüb. Həm də bildirib ki, bu tapşırıq birbaşa ali dini liderdən gəlib. Bəlkə də iranlılar inqilabın 40 illiyi ilə bağlı ABŞ-a belə mesaj verirlər. 2017-ci ildə ABŞ prezidentinin müşaviri Con Bolton müxalif “Xalqın Mücahidləri” təşkilatının toplantısında bildirmişdi ki, İran hakimiyyətinin inqilabın 40 ilini görməyəcək, yeni ili Tehranda qeyd edəcəklər. İran hakimiyyəti isə Trampın nüvə anlaşmasını ləğv etməsinə bu şəkildə cavab verirlər. İran rəhbərliyi isə o qədər də təmtəraqlı olmasa da, (nədənsə Şərqdə 40 yaşa ehtiyatlı yanaşma var – K.R.) hər il qeyd olunan ənənəvi bayram prosedurunu həyata keçirir. Həftənin əvvəli Tehran yaxınlığında inqilab lideri Ayətullah Ruhullah Xomeyninin məzarını ziyarət edib. 40 il əvvəl 1979-ci il fevralın 1-də İran İslam inqilabının lideri Ruhullah Xomeyni 14 il davam edən sürgündən sonra İrana qayıdıb. Şah isə artıq yanvarın 16-da ölkəni tərk etmişdi. İran inqilabının qələbəsi isə fevralın 11-də rəsmiləşəcəkdi. 1964-cü ildə İranda şah əleyhinə davam edən etirazlar, xüsusən də din xadimlərinin fəallıq etdiyi aksiyalardan sonra Şah dindar müxalifətin lideri Ayətullah Xomeynini ölkədən sürgün edərək Türkiyəyə göndərir. Ankarada və daha sonra Bursada sürgündə qalan Ayətullah Xomeyni 1 ildən sonra Türkiyədən çıxarılır və oradan İraqa gedir. 13 il İraqda – şiələrin müqəddəs şəhəri Nəcəfdə yaşayan AYətullah Xomeyni burada mədrəsədə dərs deyir, eyni zamanda İslam inqilabının, eləcə də islam dövlətinin nəzəri-hüquqi əsaslarını, başqa adla hazırkı dövlət sistemini işləyib hazırlayır. Kökləri daha əvvəlki şiə mənbələrinə əsaslanan “Vilayəti Fəqih”, yəni fəqihin (İslam hüquqçusu – alim – K.R.) hakimiyyəti nəzəriyyəsini işləyib hazırlayır. Eyni zamanda İranla əlaqələrini davam etdirir və İrandakı din xadimlərini Şah hakimiyyətinə qarşı mübarizəyə çağırır. 1970-ci illərin ortalarından başlayaraq Şaha qarşı etirazlar daha sistemli və sərt olmağa başlayır. İraqda Bəəs Partiyasının hakimiyyəti Şahın tələbi ilə Ayətullah Xomeynini ölkədən çıxarır. Bir neçə ölkədən təklif olunur və sonra 1978-ci ilin oktyabrında Xomeyni Fransanın paytaxtı Paris yaxınlığında Nofel la Şote qəsəbəsində yerləşir. Bu zaman artıq İranda Şaha qarşı etirazlar günü gündən şiddətlənirdi. Nəhayət yanvarın 16-da Şah etirazların artması səbəbilə yaxın ətrafının məsləhəti ilə ölkəni tərk edir. 15 gün sonra isə Ayətullah Xomeyni Tehrana gəlir. Həmin vaxt rəsmi heç bir statusu olmasa da, artıq inqilabın lideri hesab olunan Ayətullah Xomeyni fevralın 5-də yeni hökumət qurulmasını Mehdi Bazergana tapşırır. Bu zaman artıq İranda ordu qüvvələri, ilk olaraq hərbi hava qüvvələri komandanlıqla birlikdə Xomeyninin görüşünə gələrək ona sədaqətini bəyan edirlər. Fevralın 11-də isə Şahın təyin etdiyi baş nazir Şapur Bəxtiyar hökuməti istefa verir, inqilab qalib gəlir. Fevralın 25-də isə Ayətullah Xomeyni şəriət idarəçiliyi elan edir. Martın 1-də isə Ayətullah Xomeyni Qum şəhərinə köçür. Bundan sonra o rəsmi elan olunmasa da. özünün yazdığı nəzəriyyəyə əsasən “Vəliyyi Fəqih”, yəni yeni qurulan dövlətin birinci adamı, dövlət rəhbəri olur. Apreldə isə İranda referendum keçirilir və səsvermə nəticəsində ölkə rəsmən İslam Respublikası elan olunur. İran İslam inqilabı qalib gəldikdən dərhal sonra ABŞ-a qarşı cəbhə açır. Vaşinqtonu “Böyük Şeytan” elan edir. Bunun müəyyən qədər əsası da vardı, Vaşinqton Şahın əsas dəstəkçisi idi, Müsədqqi çevrilişindən bu yana Amerika İranda əsas söz sahibi idi. Üstəlik Şahin ABŞ-a yerləşməsi münasibətləri daha da pisləşdirir. 1979-cu ilin 4 noyabrında görünməmiş hadisə baş verir: İranlı tələbələr Tehrandakı ABŞ səfirliyini ələ keçirirlər, 66 səfirlik əməkdaşı girov götürülür. 1980-ci ildə ABŞ ordusunun Tehrandakı girovları azad etməsi üçün planlaşdırdığı xüsusi əməliyyat ölkənin cənubunda Təbəs çölündə baş verən fırtına nəticəsində fiaskoya uğradı. Amerikalı səfirlik əməkdaşları isə yalnız 1981-ci ildə azad edildi. Ancaq ABŞ və İran arasında düşmənçilik davam etdi. Bu bəzən daha da şiddətlənib, bəzən isə səngiyib. İranda prezident Məhəmməd Xatəminin prezidentliyi dönəmində 1997-2005-ci illərdə münasibətlər qismən yumşalsa da, 2005-ci ildə prezident seçilən Mahmud Əhmədinejad ABŞ-a qeyri-rəsmi müharibə elan etdi. Hətta bu dövrdə ABŞ-ın İrana hücum edəcəyi ilə bağlı məlumatlar dəfələrlə medianın manşetlərini “bəzəyib”. Lakin 2013-cü ildə Həsən Ruhanin hakimiyyətə gəlməsindən sonra münasibətlər qismən yumşalıb və hətta 2015-ci ildə nüvə anlaşması imzalanıb. Lakin 2016-cı ildə prezident seçilən Donald Tramp 2018-ci ilin mayında nüvə anlaşmasından çıxıb və münasibətlər yenidən gərgin nöqtəyə yüksəlib. Ancaq eniş və yoxuşlarına baxmayaraq İran İslam Respublikasının tutduğu xətt. İsrailə qarşı müqaviməti dəstəkləməsi onun Qərblə dostlaşması qarşısında ciddi maneədir. Bu kursun hələlik dəyişməsi real görünmür.Musavat.com Rubrika.Az Geri qayıt |