Əsas Səhifə > Hadisə > Paşinyan “Qarabağ cəbhəsi”ndə savaşır - TƏHLİL

Paşinyan “Qarabağ cəbhəsi”ndə savaşır - TƏHLİL


8-02-2019, 12:08
Paşinyan “Qarabağ cəbhəsi”ndə savaşır - TƏHLİL

Bako Saakyanın postu uğrunda mübarizə qızışır

Dağlıq Qarabağda Bako Saakyanın hökmranlığı sona yaxınlaşır. 2020-ci ildə işğalçı rejimin rəhbərliynə qondarma prezident seçkiləri keçiriləcək. “Prezident postu” uğrunda rəqabət artıq başlayıb. Bu uydurma seçki prosesi indidən Qarabağ klanının daxilində parçalanma ilə müşahidə olunur.

Məsələ bundadır ki, son vaxtlara qədər separatçı quruma rəhbərlik məsələsində vahid mövqedən çıxış edən Ermənistan və Qarabağ erməniləri arasında bu dəfə ciddi fikir ayrılığı yaranıb. Belə ki, Ermənistan hökuməti ilə Qarabağ klanı arasında siyasi qarşıdurma gələn il sonuncu və pik həddinə çata bilər. Əslində seçki adı altında keçirilməsi nəzərdə tutulan bu proses Bako Saakyanı hərbi xuntanın rəhbərliyindən kənarlaşdırmağa və Ermənistanın baş naziri Nikol Paşinyana yaxın adamn həmin posta gətilməsinə xidmət edir. Artıq Saakyanın yerinə öz namizədliyini verməyə başlamış hər iki klanın nümayəndələri bir-birinə qarşı siyasi ittihamlar yağdırmağa başlayıb.Rubrika.az Cebhe.info-ya istinadla bildirir ki, Nikol Paşinyan tərəfindən dəstəklənən Samvel Babayan Ermənistanın eks-prezidenti Serj Sarkisyanı 2016-cı ildə işğal olunmuş əraziləri Azərbaycana güzəştə getmək üçün Bako Saakyan rejiminə təzyiq göstərməkdə ittiham edib.

Özünü “Dağllıq Qarabağ parlamenti”nin “spikeri” kimi təqdim edən separatçı Aşot Qulyan isə Samvel Babayana cavabında Serj Sarkisyanı müdafiə edib. Aşot Qulyan bildirib ki, 2016-cı ilin iyul ayında Serj Sarkisyanın Xankəndində keçirdiyi görüşdə iştirak edib. Həmin danışıqlarda Serj Sarkisyan iradə nümayiş etdirərək bildirib ki, Azərbaycana heç bir halda güzəştə gedilə bilməz. Aşot Qulyanın sözlərinə görə, nə sülh, nə status, nə də təhlükəsizliyin təminatı müqabilində ərazilərin qaytarılması şərtinin qəbul edilməməsi qərara alınıb. Bu fikri əsas gətirən separatçıların nümayəndəsi açıq şəkildə Serj Sarkisyanın müdafiəsinə qalxıb. Yəni post-Saakyan dövrünün Paşinyan və Sarkisyan-Koçaryan tərəfdarları arasında mübarizə şəraitində gedəcəyi gözlənilir. Bako Saakyanın yerinə iddia edən həm Samvel Babayan, həm də Araik Arutunyan Qarabağ ermənisidir. Lakin qondarma rejimin sabiq müdafiə naziri Samvel Babayan 2001-ci ildə separatçıların başçısı Arkadi Qukasyanı silahlı yolla devirməyə cəhd etdiyinə görə həbs edilib. 2017-ci ildə isə S.Babayan yenidən Serj Sarkisyan hakimiyyəti tərəfindən həbs edilib. Yalnız “məxməri inqilab”dan sonra Paşinyan tərəfindən siyasi məhbus kimi azadlığa buraxılıb. Ona görə də S.Babayan Paşinyana yaxın adam hesab edilir.

Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra separatçı rejim N.Paşinyana tabe olmayan yeganə siyasi mərkəz olaraq qalır. Hətta Dağlıq Qarabağdakı separatçı rejim Paşinyan hökuməti üçün potensial təhlükə mənbəyi rolunu oynayır. Ermənistan hökumətinin başçısı S.Babayanı Xankəndində hakimiyyətə gətirməklə Qarabağ klanının sonuncu dayaq məntəqəsini nəzarətə götürə bilər. Ermənistanın baş naziri S.Babayanın Sarkisyan-Koçaryan rejimi ilə düşmən münasibətlərindən öz maraqları üçün faydalanmağa çalışır. Qarabağ klanı isə Paşinyanın hücumunu dəf etmək üçün 2020-ci ildə B.Saakyanın yerinə onun müşaviri Araik Arutunyanı gətirməyə çalışır. Arutunyan seçiləcəyi təqdirdə Qarabağ məsələsində Serj Sarkisyanın kursunu davam etdirəcəyini bəyan etməklə əslində, təmsilçisi olduğu klanın mövqelərini Paşinyana güzəştə getmək istəmədiyinə işarə edir. Bütün bunlar isə göstərir ki, Koçaryan-Sarksiyan klanı ilə düşmən münasibətdə olan S.Babayanın rejimin rəhbərliyinə gəlməsi heç də asan olmayacaq.

Eyni zamanda, Paşinyan da Koçaryanın və Sarkisyanın Dağlıq Qarabağdakı siyasi dayaqlarından məhrum edilməsində maraqlıdır. Ona görə də uydurma seçkilər yaxınlaşdıqca Dağlıq Qarabağ erməniləri arasında siyasi hərarətin artacağı gözlənilir. Nikol Paşinyan öz məqsədinə çatmaq üçün Xankəndində “məxməri inqilab” ssenarisini işə sala bilər. Hətta bu ziddiyyətin silahlı toqquşmalarla nəticələnəcəyi istisna olunmur.

Rubrika.az


Geri qayıt