Əsas Səhifə > Təhsil > Dərsliklərdə yorulmadan səhv axtaranlar: Yaxud, gizli məqsəd nədir?

Dərsliklərdə yorulmadan səhv axtaranlar: Yaxud, gizli məqsəd nədir?


12-02-2019, 14:45
Dərsliklərdə yorulmadan səhv axtaranlar: Yaxud, gizli məqsəd nədir?

Artıq arzuolunmaz ənənə halını alıb ki, yerli mediada və sosial şəbəkələrdə dərsliklərdəki müxtəlif yanlış anlaşmalarla bağlı geniş müzakirələr açılır. Məlumat üçün bildirək ki, sonuncu belə olay 5-ci siniflər üçün hazırlanmış Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun əks olunmuş görüntüsü ilə bağlı yaşanıb.

Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında böyük səs-küylə müzakirə edilən həmin fotoda Dədə Qorqudun əlində siqar olduğu iddia edilir və bu məsələ etirazlara səbəb olub.

Rubrika.Az xatırladır ki, dərsliklərlə bağlı bu kimi halların ictimailəşməsi birinci hal deyil və bu günə qədər dərsliklər və dərs ləvazimatlarındakı müəyyən məqamlarla bağlı anoloji hallar yaşanıb. Təbii ki, hər bir həssas Azərbaycan vətəndaşı kimi biz də məktəbli dərsliklərində hansısa yanlışlıqların olmasının əleyhinəyik. O düşüncədəyik ki, həqiqətən də bu kimi faktlar varsa həmin məlumatlar ölkəmizi istəməyən bəlli güclərin də fəal olduğu sosial şəbəkələrdə müzakirəyə çıxarılmazdan öncə aidiyyatı orqanlarla, konkret olaraq Təhsil Nazirliyi ilə aydınlaşdırılsın. Çünki dəfələrlə bu kimi olaylara sonradan rəsmi açıqlamayla izah gətirilib və bəlli olub ki, ilk baxışdan yanlış görünən hansısa dərslik məlumatı əslində heç də yanlış deyilmiş.

Bu kimi məsələlərin yeri gəldi gəlmədi, ictimailəşdirilməsinin arxasında hansı maraqların, konkret kimlərin dayanması isə ayrıca yazının mövzusu ola bilər. Hər halda məsələnin ictimailəşməsindən dərhal sonra dərsliklərlərin hazırlanması məsələsinin Təhsil Nazirliyindən alınaraq müstəqil quruma(?) tapşırılmasının vacibliyi haqda açıqlamaların verilməsi belə düşünməyə ciddi əsaslar verir.

Odur ki, biz bu kimi hallarda Təhsil Nazirliyinin açıqlamasını vacib sayır və hər kəsdən də həmin açıqlamaya qədər rəy və fikirlərində ehtiyyatlı olmağı gözləyirik. Həm də ona görə ki, bu təhsillə, gələcəyimiz olan məktəblilərlə bağlıdır.

Arif
Rubrika.az


Geri qayıt