Əsas Səhifə > Hadisə > Köçkünlərin aylıq müavinəti 33 və 60 manat olacaq

Köçkünlərin aylıq müavinəti 33 və 60 manat olacaq


26-02-2019, 19:46
Köçkünlərin  aylıq müavinəti 33 və 60 manat olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkədə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemləri davamlı şəkildə həll edilir, onların sosial müdafiəsi gücləndirilir.

Xatırladaq ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcəkdir.

Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 22 manat, 415.081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır.


Rubrika.Az
Geri qayıt