Əsas Səhifə > Hadisə > Trampın OPEK-ə hədəsindən sonra nefti ucuzlaşır
Trampın OPEK-ə hədəsindən sonra nefti ucuzlaşır28-02-2019, 21:45 |
![]() Azərbaycan dövlət büdcəsi artan sosial ödəmələrlə bağlı problem yaşaya bilərmi? ABŞ prezidenti Donald Tramp növbəti dəfə neftin qiymətinin azalmasına nail olub. Belə ki, Tramp tvitterdə OPEK-i hədələyərək ,dünyada neft qiymətlərinin yüksəlməsinin həssas məsələ olduğunu qeyd edib. Bununla da təşkilatı bir qədər istirahət etməyə və həddini aşmamağa çağırıb. ABŞ prezidentinin bu cür açıqlamaları, OPEK ilə şifahi mübahisələri 2018-ci ildə güclü qiymət dəyişikliyinə gətirib çıxarmışdı. Hazırda isə Trampın bu bəyanatından sonra Brent markalı neftin qiyməti İCE London birjasında hazırda 3,516 faiz ucuzlaşaraq 64,84 dollara düşüb. WTI markalı neft isə 3,657 faiz ucuzlaşaraq bareli 55,24 dollar olub. Xatırladaq ki, ilin əvvəlindən OPEK ölkələri və onların müttəfiqləri tərəfindən ABŞ-ın Çin ilə ticarət müharibəsinin iqtisadi nəticələrinə dair narahatlıqların azaldılması və Vaşinqtonun Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı neftin azaldılması fonunda neftin qiyməti təxminən 25% artmışdı. Bəs görəsən, Trampın bu çıxışından sonra neftin ucuzlaşması prosesi davamlı ola bilərmi? Büdcəsinin əsas hissəsi neftin asılı olan Azərbaycan üçün bu məsələ çətinlik yarada bilərmi? Xüsusən dövlət başçısının sosial ödəmələrlə bağlı imzaladığı fərmanlar və qeyd edilən artımlar büdcənin yükünü də artırıb. Belə bir məqamda neftin ucuzlaşması ödəmələrdə problem yarada bilərmi? “Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, neftin dünya bazarında qiymətinə təsir göstərən faktorlardan biri də Amerika Birləşmiş Ştatlarının mövqeyidir: “ Lakin ABŞ-ın mövqeyi sadəcə Trampın tvitlərilə xarakterizə olunmur. Birləşmiş Ştatların digər ölkələr , o cümlədən Çin Xalq Respublikası ilə münasibətləri də mühüm faktordur. Artıq son ilyarımda qlobal gündəmdən düşməyən bu məsələ ticarət müharibələrinə qədər gətirib çıxartdı. Ticarət müharibələri isə özlüyündə birbaşa neftin dünya bazarındakı qiymətinə təsir göstərən faktordur. Ticarət müharibələri neftə olan tələbi artırıb, azalda bilir. Çin dünyada ən çox neft idxal edən ölkələrdən biridir. Praktiki olaraq, Çin iqtisadiyyatının vəziyyəti neftin dünya bazarında qiymətinə birbaşa təsir göstərən faktordur. O baxımdan neftin dünya bazarındakı qiymətindəki dəyişikliklər ABŞ-la Çin arasındakı ticarət müharibəsinin necə sonlanmasından asılı olacaq. Ancaq bu da yeganə faktor deyil. Digər faktorlar da var”. İqtisadçının sözlərinə görə, bu gün Venesuelada baş verənlər qara qızılın qiymətinə birbaşa təsir göstərir: “Öncədən proqnozlaşdırdığımız kimi hazırki prezidentin öz postunda qalması neftin qiymətini qısamüddətli dövrdə artıracaq. Bu artımlar artıq müəyyən qədər müşahidə olunur, ancaq bu qısamüddətli dövr üçün təsirlərdir. Əgər Venesuelada hakimiyyət dəyişikliyi baş verəcəksə, bu orta və uzunmüddətli dövrdə neftin qiymətinin kəskin azalmasına gətirib çıxara bilər. Çünki bu halda Venesuela dünya bazarına daha çox neft çıxara biləcək. Nəzərə almalıyıq ki, Venesuela neft ehtiyatlarının həcminə görə dünyada birincidir. Ancaq neft hasilatına görə, dünyada ilk onluğa belə daxil ola bilmir. Bu mənada Venesueladakı vəziyyət qara qızılın qiymətinə təsir göstərən faktorlardan biri olaraq qalmaqdadır. OPEK-in mövqeyi də qiymətlərə təsir göstərir, bu qurum hasilatı tənzimləməklə qiymətlərə təsir imkanları formalaşdırmağa çalışır. Növbəti dövrdə də FED-in mövqeyi bu kontekstdən vacib olacaq. Amma sözsüz ki, ABŞ-ın belə OPEK-ə təsir imkanları xeyli dərəcədə güclüdür. Ona görə də, güman edilir ki, OPEK qərarlarında ABŞ-ın mövqeyini nəzərə alacaq”. V.Bayramovun sözlərinə görə, yaxın müddətdə neftin qiyməti 65 dollar ətrafında formalaşmaqda davam edəcək: “OPEK-ə təsir edən faktorları nəzərə alıb, neftin dünya bazarındakı qiymətini proqnozlaşdırmağa çalışsaq, orta və uzunmüddətli dövrdə yüksək qiymətlər proqnozlaşdırılmır. Sözsüz ki, öncədən də proqnoz edildiyi kimi 60-70 dollar intervalı daha məqbuldur. Amma yenə də qeyd etmək lazımdır ki, neft strateji bir məhsuldur, onun qiymətini proqnozlaşdırmaq mümkün deyil. Çünki iqtisadi səbəblərlə yanaşı siyasi faktorların da neftin qiymətinə təsiri var”. OPEK + ölkələrinin hasilatın azaldılması ilə bağlı müqavilənin vaxtının uzaldılmasına gəlincə, V. Bayramov bildirdi ki, bu qərar ötən ilin dekabr ayında qəbul edilmişdi: “İndi söhbət bu qərarın icrasından və monitorinqindən gedir. OPEK + ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarın yerinə yetirilməsi üçün texniki baxımdan müəyyən müddətə ehtiyac var. Güman edilir ki, fevral ayının sonuna doğru OPEK-ə üzv olmayan ölkələr hasilatın azaldılması ilə bağlı qərara əməl edə biliblər. Bu da bazara təsir göstərən faktorlardan biridir. Əslində hasilatın azaldılması ilə bağlı qərardan sonra neftin dünya bazarındakı təsir göstərir. Əgər geosiyasi aləmdə hər hansı dəyişikliklər baş verməzsə, hələlik mövcud şərtlərlə neftin dünya bazarındakı qiymətinin 65 dollar ətrafında dəyişməsi daha inandırıcıdır. Ancaq Venesuela faktoru qiymətlərə birbaşa təsir göstərir, Amerikanın ticarət müharibələri qiymətlərə təsir göstərir. Bu müharibələrin alovlanması birjalara təsir edir”. Büdcə üçün yaranacaq çətinliklərə gəlincə, Azərbaycan dövlət büdcəsində neftin qiyməti 60 dollardır və hazırki qiymətlər büdcə üçün problem yaratmır: “Sərəncamların dəyəri əlavə olaraq 1 milyard manatdır. Azərbaycanın büdcə xərcləri 24 milyard manat proqnozlaşdırılır, mövcud qiymətlərlə son sosial ayırmaları və maliyyə öhdəliklərini yerinə yetirmək mümkündür. Burada hər hansı çətinliyin olacağı proqnozlaşdırılmır. Çünki söhbət təxminən 1 milyard manat əlavə vəsaitin ödənilməsindən gedir. Gələcək illərdə struktur xərclərini azaltmaqla ,sosial istiqamətdə daha çox vəsaitin ayrılmasına nail olmaq mümkündür. Ona görə də, hələlik mövcud büdcə imkanları artımların vaxtında edilməsi üçün bir baza yaradır. Dövlət büdcəsinin gəlirlərində isə neftin payı yüksək olaraq qalır. Çünki neft büdcə gəlirlərinin 60 faizini, ixracatımızın 90 faizini formalaşdırır. Növbəti illərdə də neftin qiyməti həlledici olaraq qalacaq. 2019-cu ildə büdcə gəlirlərinin 40 faizə qədərini qeyri-neft sektoru müəyyənləşdirdi, növbəti ildə bu rəqəmin 50 faizə yüksəldilməsi gözlənilir. O baxımdan növbəti ildə də mövcud sosial ödənişlərlə bağlı çətinliklərin olacağı gözlənilmir. Sosial öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan xüsusən büdcə gəlirlərinin formalaşmasında neftdən asılılığın aradan qaldırılmasına və ya azaldılmasına çalışmalıdır”. Rubrika.Az Geri qayıt |