Əsas Səhifə > Araşdırma > “Tarqovı”da hasarlanan sahə Füzuli Ələkbərovun imiş - Sabiq nazirin mülklərinin SİYAHISI

“Tarqovı”da hasarlanan sahə Füzuli Ələkbərovun imiş - Sabiq nazirin mülklərinin SİYAHISI


5-04-2019, 12:54
“Tarqovı”da hasarlanan sahə Füzuli Ələkbərovun imiş - Sabiq nazirin mülklərinin SİYAHISI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar yayılıb.

Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur.

Söhbət hansı mülk və torpaqlardan gedir?

Rubrika.Az bildirir ki, AFN.az-ın əldə etdiyi məlumatda uzun illərdir mübahisəli ərazi kimi gündəmdə olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsinin məhz F.Ələkbərova məxsus olması bildirilir. Kvadrat formasını təşkil edən torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var. Torpaq sahəsinə görə Əmlak məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb. Torpağın kadastr plan, ayrıc aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.

Ərazi dayanacaq kimi fəaliyyət göstərir və araşdırma zamanı verilən məlumata görə, vergisi verilmir. Daha əvvəllər də vurğulandığı kimi, hasarlanmış ərazinin mərkəzdə uzun illərlə qalması şəhərin arxitektura görünüşünə xələl gətirir ki, bu da Bakı kimi turizmi prioritet seçən şəhər üçün yolverilməz haldır. Hər tərəfdə qədimi binalar, yaşayış, abadlıq işləri aparılıb, amma ortada həmin ərazi hasarlanmış formada qalıb.

Qeyd edək ki, bununla bağlı BŞİH-ə sorğu ünvanlanacaq. Eyni zamanda ərazidə fəaliyyət göstərən dayanacağın qanuni olub-olmaması, büdcəyə ödənişlərin edilib-edilməməsini dəqiqləşdirmək üçün Vergilər Nazirliyinə sorğu ünvanlanacaq.

Rubrika.Az
Geri qayıt