Əsas Səhifə > Manşet > Rasim Musabəyovun “qlobal xarakterli”statusu -“Popkornun sehirli ətri” və xalqın sevgisi. Bəzən boş danışmaqdan popkorn yemək daha yaxşıdır.

Rasim Musabəyovun “qlobal xarakterli”statusu -“Popkornun sehirli ətri” və xalqın sevgisi. Bəzən boş danışmaqdan popkorn yemək daha yaxşıdır.


9-05-2019, 23:20
Rasim Musabəyovun “qlobal xarakterli”statusu -“Popkornun sehirli ətri” və xalqın sevgisi. Bəzən boş danışmaqdan popkorn yemək daha yaxşıdır.

Bəlkə də yazmamaq olardı, mövzunu diqqətdən kənarda saxlamaq da mümkündü. Uzaqbaşı çoxları kimi Facebookda status yazıb ürəyini boşaltmaq da olardı. Amma, Şuşanın işğalının növbəti ildönümü ərəfəsində Azərbaycanı qəflətən popkorn qoxusu bürüdü. Sosial şəbəkələrin azərbaycanlı seqmenti günlərdir ki, od püskürür. İnsanları bu qədər həssas duruma gətirən isə yenə də deputatlarımızdan biridir. Rasim Musabəyovun “qlobal xarakterli” statusu xalqın ona olan sevgisini çılpaqlığı ilə ortaya qoydu.

Yəqin ki, məlum “popkorn statusu”nu buraya yazmağa ehtiyac yoxdur. Çünki, son günlər ölkədə Rasim Musabəyovdan və popkorndan məşhur heç nə yoxdur. Deputat özü də bilmədən heç bir reklam menecerinin bacarmayacağı bir tərzdə bu qarğıdalı qovurmasını xalqımızın sevimlisinə çevirib( özünə olan bütün sevgi hisslərini qurban vermək bahasına).

Deputat müəllimi narahat edən qlobal problem isə popkorn satan uşağın “şəhər sakinlərini zəhərləməsi,elektrik enerjisindən qanunsuz istifadəsi və vergidən yayınması” idi. Daha çox dilimizin anasını ağlada-ağlada beynəlxalq məsələləri şərh edən, ac qarına Ermənistanı gündə beş-on dəfə dağıdan Musabəyov cənablarının qəflətən bu vətəpərvərliyi adamı kövrəldir. Nədən ki, deputat zamanında alimənsəblərin çoxmilyonluq vergidən yayınmalarından, vergi qaçaqçılığından, enerji sektorunun çökdürülməsindən,milyardlıq korrupsiyalardan, ekologiyamıza vurulan zərbələrdən o qədər danışıb ki, qədirbilən xalqımız popkorn satan o cani uşağın da ifşasını məhz ondan gözləyirdi. Xalqın sonsuz etimadını doğruldan deputat müəllim də zamanın nəbzini zamanında tutaraq bu addımı atdı. Təsəvvür edirsinizmi bundan sonra xalqımızın ona olan sonsuz sevgisi necə fantan vurmağa başlayıb. Deputat deyir ki, “100 nəfərə yaxın şəxs statusumu paylaşdı.Həmin statusdan sonra 200 nəfər izləyicim əlavə olundu. 100 nəfər də dostluq göndərdi” 400 nəfər! Bu boyda xalq sevgisini qazanmaq hər kəsə nəsib olmur. Odur ki, kim bu sevgini qazanmaq istəyirsə peraşki,qutab bişirib satanlara hücuma keçsin. Metro stansiyalarının çıxışlarında bekarçılıqdan “alça var,alçaa”, “3-ü 1 manata lezvalardan qalmadıı” qışqıranları da daş-qalaq etmək olar. Belə fürsət bir daha ələ düşməz. Necə olsa da ortada “Rasim təcrübəsi” var!

Bəzən boş danışmaqdan popkorn yemək daha yaxşıdır. Ən azından iyi adamı iyrəndirmir!

Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt