Əsas Səhifə > Hadisə > Bakıda kişilərin kütləvi zəhərlənməsinə görə cinayət işi açıldı

Bakıda kişilərin kütləvi zəhərlənməsinə görə cinayət işi açıldı


28-06-2019, 16:40
Bakıda kişilərin kütləvi zəhərlənməsinə görə cinayət işi açıldı

Mütəxəssislərin iddiasına görə, əslində zəhərlənmə dönərin ətinə görə baş vermir, əsl səbəb...

Bakı Şəhər Prokurorluğu paytaxtda dönərdən zəhərlənmə ilə bağlı məlumat yayıb.


Prokurorluqdan verilən məlumatda deyilir ki, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Müvafiq tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanında yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, zəhərlənənlərin hamısı orta yaşlı kişilərdir.

“Qədir xum” adlı dönərxanadan ile ilgili görsel sonucu

Qeyd edək ki, yaz-yay aylarında zəhərlənmə riski daha da artır. Çünki havalar isindikcə bakteriya və mikrobların artması və inkişafı qida zəhərlənmələrinə səbəb olur. Bu, özünü daha çox dönərdə göstərir.

Mütəxəssislərin iddiasına görə, əslində zəhərlənmə faktı dönərin ətinə görə baş vermir. Zəhərlənməyə səbəb ətə vurulan əlavə qatqılar və saxlama şəraitinə əməl olunmamasıdır. Çünki ət, eləcə də inqrediyentlər saxlanarkən tərkib dəyişkənliyinə məruz qalır və əmələ gələn toksinlər qida zəhərlənməsi yaradır.

Bildirilir ki, istər toyuq, istərsə də ət dönərində yeyilən zaman keyfiyyətsiz qidaların dadı hiss edilmir. Zəhərlənmə əlamətləri qida qəbulundan bir neçə saat sonra üzə çıxır. Zəhərlənən şəxsdə ishal, qusma, qarında sancılar, halsızlıq, hərarətin qalxması və s. müşahidə edilir.

Məlum zəhərlənmənin toyuq, yoxsa ət dönərindən baş verdiyi hələ dəqiqləşməsə də, bildirilir ki, toyuq ətində bakteriya daha çox yığılır. Toyuq ətinə daha çox kampilo bakteriya və salmonellanın növlərindən biri toplanır. Hər iki bakteriya qırmızı ətdə, süddə və yumurtada da ola bilər. Bakteriyaya yoluxmuş toyuq əti normal qaydada bişirilmədikdə zəhərlənməyə və xəstəliyə səbəb olur. Çünki bu zaman bakteriyalar ölmür.

O da var ki, ət normal qaydada dondurucuda saxlandıqda, dondurulanda yoluxmuş bakteriyalar ölə bilir. Birbaşa kəsilib dönərxanalara verilən ətlərdə bu mikroblar və bakteriyalar qalır və xəstəlik törədir. Ət normal bişirilsə və ya normal dondurulsa belə, çiy ətin olduğu yerlə təmas edərsə, yəni bişmiş ət çiy ətin doğranıldığı yerdə doğranılarsa, bu ət zəhərlənməyə və ya xəstəliyə səbəb ola bilər.

Bildirilir ki, toyuq əti bişirilərkən verilən istiliyin dərəcəsi və miqdarı da önəmlidir. Toyuq ətində olan solmonella bakteriyasının məhv olması üçün 3-5 dəqiqə 75 C-dən artıq istilik verilməlidir.

Dönər hazırlanmasında istifadə edilən turşular da zəhərlənməyə səbəb ola bilİr. Xüsusilə düzgün hazırlanmamış xiyar turşusu ağzı bağlı bankalarda olduğu üçün bu zaman botulizm inkişaf edə bilər. Dönərə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi halda da zəhərlənmə baş verməsi mümkündür.

Xatırladaq ki, 13 il əvvəl ölkədə toyuq dönərinin satışı qadağan edilmişdi. Amma bu gün də şəhərin bütün kafe və restoranlarında toyuq dönəri satılır. QTA-nın verdiyi məlumata görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2006-cı ildə qəbul etdiyi qərara əsasən, o illərdə yaşanan quş qripi təhlükəsinin aradan qaldırılması məqsədilə ölkə ərazisində fiziki və hüquqi şəxslər tərəfindən toyuq dönərinin hazırlanması və əhaliyə satışı üzrə fəaliyyətləri dayandırılmışdır.

Rubrika.az
Geri qayıt