Əsas Səhifə > Hadisə > Niderland səfiri: "Yermakovun Qafqazla bağlı fotoları tarixi əhəmiyyətə malikdir"

Niderland səfiri: "Yermakovun Qafqazla bağlı fotoları tarixi əhəmiyyətə malikdir"


19-08-2019, 10:40
Niderland səfiri: "Yermakovun Qafqazla bağlı fotoları tarixi əhəmiyyətə malikdir"

“Dmitri Yermakovun Qafqazla bağlı fotoları ötən dövrün insanlarını, həyat tərzini, yaşadıqları mühiti əks etdirdiyinə görə şübhəsiz ki, tarixi əhəmiyyətə malikdir”.

Bunu “Report”a Niderland Krallığnın Azərbaycandakı səfiri Onno Kervers rusiyalı fotorəssam Dmitri Yermakovun Bakıda keçirilən sərgisi barədə danışarkən bildirib.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi keçirilir. 300-dək eksponatın nümayiş olunduğu ekspozisiyada üç bölmə üzrə - Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur.
“O dövr keçmişdə qalsa da, həmin əyani sənədlər Qafqazda yaşayan insanların, toplumların mədəni kimliyini dolğun əks etdirdiyinə görə bizdə həmin dövr haqqında əyani təəssürat yaradır”, – səfir deyib. O, regionun mədəni mirasını qoruyub saxlamaq baxımdan bu kimi sərgilərin çox mühüm olduğunu söyləyib.
Xatırladaq ki, D.Yermakovun Azərbaycanın müxtəlif şəhərlərindən görüntüləri əks etdirən 100-dən çox fotosundan ibarət sərgisi 2010-cu ildə Niderlandın Azərbaycandakı səfirliyinin rəsmi açılışı çərçivəsində də keçirilmişdi.
Həmçinin foto həvəskarı olan səfir O.Kervers də fürsət düşdükcə Bakının, başqa şəhər və bölgələrin mənzərələrini çəkməyi xoşlayır.
“Keçmişin yadigarı olan köhnə qəzet, kitab, məktub, foto kimi nümunələr ölkənin, regionun tarixi mirasını qoruyub saxlamağa kömək edir. Bu gün mədəni mirasımızın istər maddi hissəsini, məsələn, binalar və memarlıq əsərlərini, istərsə də musiqi, adət-ənənələr kimi qeyri-maddi hissəsini çox ehtiyatla, diqqətlə qorumalıyıq” – diplomat vurğulayıb.

Rubrika.az
Geri qayıt