Əsas Səhifə > Hadisə > Makron niyə Rusiyaya doğru yönəlir? - “Dərin Dövlət” Fransa-Rusiya münasibətinə əngəl ola bilərmi?
Makron niyə Rusiyaya doğru yönəlir? - “Dərin Dövlət” Fransa-Rusiya münasibətinə əngəl ola bilərmi?3-09-2019, 17:14 |
|
Makronun etirafları: “Beynəlxalq sistem bu günə qədər görünməmiş şəkildə məhv olur, strateji və geosiyasi bir yenilənmə prosesi davam edir. Yəni artıq dünyada Qərb hegemoniyasının sonuna gəlirik” Ali Rıza Taşdelen “Aydınlık” qəzeti, Türkiyə, 2 sentyabr 2019-cu il Keçən həftə dünyanın əsas gündəmi Fransa prezidenti Emmanuel Makron olub. Fransada keçirilən G7 zirvə görüşündə və Səfirlər konfransında etdiyi çıxışları diqqət çəkib. Səfirlər konfransı barədə danışacağıq, amma ondan əvvəl G7 zirvəsinin nəticələrini qısaca izah edim. Bu görüş Atlantik gücləri üçün fiasko olsa da, Makron üçün əsl diplomatik uğurdur. Əslində, G7-nin artıq işə yaramadığını keçən il Kanadada görmüşdük. Almaniya kansleri Merkel, Fransa prezidenti Makron, İngiltərə baş naziri Tereza Mey və AB şurasının rəhbəri Donald Tuskın ABŞ prezidenti Donald Trampın qarşısında dayandığı fotoşəkli xatırlamaq lazımdır. Trampın başlatdığı ticarət müharibəsi Atlantikin imperialist qüvvələri arasında çəkişmələrə səbəb olub. O zaman Tramp da zirvənin nəticəsini gözləmədən Kanadanı tərk etmişdi. Makronun diplomatik uğuru Əslində, bu zirvədən bir nəticə çıxmadı. Aralarındakı gərginliyə son verə bilmədilər. İrana qarşı iqtisadi sanksiyalar, Çinlə gedən ticarət müharibələri və BREXİT kimi məsələlər üçün uzlaşma əldə edə olunmadı. Makron doğru bir manevr edərək ilk dəfə zirvənin nəticəsini ictimaiyyətə bildirməyib və “hər şey yaxşıdır” mesajı verməyə çalışıb. Amma özü də başa düşür ki, heç nə yaxşı deyil. Çünki Səfirlər konfransında bu məsələ ilə bağlı çox danışıb. G7 yeni ittifaqların və yeni sistemin yarandığı bir dünyada artıq öz keçərliliyini itirib. Çünki G7 köhnə dünyaya, Soyuq Müharibə illərinə məxsus bir qurumdur. Makron zirvəni özü üçün dəyərləndirib. O, zirvədən əvvəl Rusiya prezidenti Vladimir Putin, İngiltərə baş naziri Boris Consonu, Hindistan baş naziri Narendra Modini və İran Xarici İşlər naziri Cavad Zərifi Fransaya dəvət edərək ikili görüşlərdə iştirak edib. Zirvənin ikinci günü Cavad Zərifi yenidən Fransaya dəvət etmişdi. Bu, bəlkə də, zirvənin ən önəmli hissəsi idi. Makron Zəriflə görüşərkən, digər nümayəndələr də Almaniya və İngiltərədən olan nümayəndələrlə görüşüblər. Tramp bildirib ki, Makron Zərifin gəlməsini ona xəbər edib və əgər mümkün olsa, Ruhani ilə görüşə bilər. Bu, ABŞ-la İran arasında vasitəçilik edən Makronun uğuru idi. Makronun Səfirlər konfransındakı çıxışı reallığı göstərməklə yanaşı, yeni dünya ilə bağlı yeni siyasətlər yaratmağın vacibliyini vurğulayırdı: “Beynəlxalq sistem bu günə qədər görünməmiş şəkildə məhv olur, strateji və geosiyasi bir yenilənmə prosesi davam edir. Yəni artıq dünyada Qərb hegemoniyasının sonuna gəlirik”. Makron: “18-ci əsrdən bu yana Qərb hegemoniyasına əsaslanan beynəlxalq sistemin içində idik. Arxamızda fransız renessansı, ingilis sənaye inqlabı və hər iki dünya müharibəsində ABŞ-ın sahib olduğu siyasi-iqtisadi hegemoniya vardı. Bütün bunlar Qərbin səhvləri ucbatından alt-üst oldu. Eyni zamanda, ABŞ-ın Orta Şərqdə və digər bölgələrdəki diplomatik, hərbi fəaliyyətləri də bura daxildir… Bütün bunlara dərin bir strategiya ilə yenidən nəzər salmalıyıq”. Makron öz çıxışında: “Uzun müddətdir kiçik gördüyümüz yeni qüvvələr ortaya çıxır”, deyib və əlavə edib: “Birinci sırada Çin və həm də uğurlu bir strategiya aparan Rusiya var. Həmçinin, Hindistan da bu sıraya daxildir. Bu 3 ölkə təkcə iqtisadi cəhətdən yox, həm də siyasi baxımdan bizim sistemimizi məhv edib və iqtisadi quruluşumuza kölgə salıb. Onlar bizim çoxdan itirdiyimiz real bir məntiq və fəlsəfə ilə dünyaya baxırlar”. Bazar iqtisadiyyatının böyük bir böhran içində olduğunu qeyd edən Makron bu böhranın siyasi sistemə dərindən təsir edən bir bərabərsizliyə yol açdığını bildirib. “Rusiya ilə olan münasibətlərimizin qarşısındakı əngəl Dərin Dövlətdir” Son 2 həftədir Makronun Rusiya siyasətini dəyişdirməyə başladığını yazıram. Makron, qısaca, deyir: “ABŞ-ı və ya Çini seçmək məcburiyyətində deyilik, biz çox qütblü olmağı üstün tuturuq. Güclü bir Avropa yaratmalıyıq və bunu Rusiya olmadan edə bilmərik”. “Rusiya ilə münasibətlərimizi yoluna qoya bilməsək, Avropa qitəsi heç vaxt sabit qala bilməyəcək və biz təhlükədə qalacağıq. Avropadan uzaqlaşan Rusiya Çinlə yaxınlıq quracaq və bu Avropa üçün heç yaxşı olmaz. Lakin aramızda Rusiya ilə münasibət qurmaq istəməyən bir “Dərin Dövlət” var”. Mütəxəssislər qeyd edir ki, atlantikçi Sarkozi və Hollandın dönəmində Xarici İşlər və Müdafiə nazirliklərinə yerləşdirilən atlantikçi bürokratlar Fransanın Rusiya ilə yaxınlaşmasına qarşı çıxıblar. Sabiq nazirlər və Fransanın Rusiyadakı özəl nümayəndəsi Jan-Pier Şuvenmo da bu Dərin Dövlət müzakirələrində iştirak edib. Şuvenmo: “Dərin Dövlət hər ölkədə, həmçinin Rusiyada da var. Onlar hər şeyi bilirlər və əmr almağı sevmirlər. Rusiya ilə yaxınlaşmağa qarşı çıxan bu qisimlərin səslərini kəsmək lazımdır. Prezident nəyə qərar versə, o da tətbiq edilməlidir”. Bəs Makronu iqtidara gətirən elə Dərin Dövlətin atlantikçi qrupu deyildimi? Necə oldu ki, Makron birdən yönünü dəyişdi? Ümumiyyətlə, bu, bir yön dəyişikliyidirmi? Orijinal Tərcümə PİA.az-ındır. Geri qayıt |