Əsas Səhifə > Bölgə > "Prokuror cəza istəyəndə atamı infarkt vurdu"- Xaşaxunada narkotik əkən dəstəyə cəza kəsildi

"Prokuror cəza istəyəndə atamı infarkt vurdu"- Xaşaxunada narkotik əkən dəstəyə cəza kəsildi


27-09-2019, 13:43
"Prokuror cəza istəyəndə atamı infarkt vurdu"- Xaşaxunada narkotik əkən dəstəyə cəza kəsildi

İcarəyə bağ götürüb orada narkotik vasitələr yetişdirməkdə ittiham edilən dəstə üzvləri hakim qarşısına çıxarılıb.

Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin yetişdirilməsində və satışında ittiham edilən 1979-cu il təvəllüdlü Natiq Süleymanov, 1987-ci il təvəllüdlü Elməddin Nağıyev, 1976-cı il təvəllüdlü Teymur Nəcəfov və 1989-cu il təvəllüdlü Vüsal Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

Natiq Süleymanov son sözündə məhkəmədən kömək istəyib, cəzasının azaldılmasını xahiş edib.

Teymur Nəcəfov isə son sözündə bu işdə adı keçən Sərxan adlı şəxsin niyə həbs edilmədiyini məhkəmədən soruşub.

Daha sonra bildirib ki, bağda narkotik əkilməsindən xəbəri olmayıb:

"Mən həmin bağda nəzarətçi olmuşam. Orada pomidor əkildiyini bilirdim. Məni ora aparan Sərxan olub. Sərxan çöldədir, mən isə burda. Mən bunu başa düşmürəm. Natiq həmin yerə gəlib gedirdi, sadəcə dərman verirdi. Amma Sərxan onu da yüklədi. Natiq dedi ki, guya özü əkib və becərib. Amma bu yalan idi. Onu da Sərxan yüklədi. Mən orada nəzarərçi kimi durmuşam. Mənə nə cəza verilsə də etdiyimə görə versinlər. Səhv etmişəmsə, buna görə cəza çəkib, islah olmaq istəyirəm. Prokuror mənə 8 il 6 ay cəza istəyəndə atamı infarkt vurdu. Ürəyindən əməliyyat olundu. Qardaşım şəhiddir. Bunları nəzərə alaraq mənə kömək etməyinizi xahiş edirəm".

Hakim bildirib ki, Sərxan barəsində cinayət işi açılıb və ayrıca icraata verilib.

Elməddin Nağıyev də son sözündə bu işdə günahının olmadığını və məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.

Vüsal Qurbanov da söz sözündə ədalətli qərar gözlədiyini deyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən Elməddin Nağıyev 6, Vüsal Qurbanov 6 il, Natiq Süleymanov 4 il, Teymur Nəcəfov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bu işlə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində “Volkswagen” markalı avtomobil şübhə doğurduğundan DİN-in Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib. Avtomobilin yük yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək götürülüb.

Sürücü və sərnişinləri, Qazax rayon sakinləri Vüsal Qurbanov, Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə təhvil veriliblər.

Məlum olub ki, onlar narkotik vasitəni Qax rayon sakini Teymur Nəcəfov, Maştağa qəsəbə sakinləri Sərxan Qarayev, Natiq Süleymanov və Asim Əliyevdən alıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə adları çəkilən şəxslər də saxlanılıb.

Xaşaxuna bağlar sahəsində S.Qarayevə məxsus istixanada keçirilən tədbirlərlə oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 350 kiloqramdan artıq 1973 ədəd kənaf bitkisi də aşkar edilərək götürülüb.

Məlumata görə, S.Qarayev həmin bitkiləri əkmək üçün torpaq sahəsini N.Süleymanova icarəyə verib. Dəstənin digər üzvü olan T.Nəcəfov isə N.Süleymanovla birlikdə həmin bağ sahəsində narkotik tərkibli bitkilərə xüsusi qaydada qulluq edərək onları yetişdirib.

Rubrika.Az
Geri qayıt