Əsas Səhifə > Hadisə > ABŞ səfiri Azərbaycanda sabitliyə qiymət verdi
ABŞ səfiri Azərbaycanda sabitliyə qiymət verdi4-10-2019, 10:50 |
![]() Azərbaycanda sabitlik Amerika üçün nədən bu qədər mühümdür? “Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda sabitliyin ixracatçısıdır”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə öz iqamətgahında təşkil etdiyi ziyafətdə bildirib. Səfir deyib ki, Azərbaycan Gürcüstan, Türkiyə və Avropa İttifaqının enerji təhlükəsizliyinə strateji töhfə verir. Güclü, suveren və müstəqil Azərbaycan bölgədəki sabitliyin lövbəridir: “Enerji sektorunda tərəfdaşlığımızın tarixində bu əsas addıma nəzər salarkən ABŞ Xəzər dənizinin enerji ixracatının növbəti uğurlara çatması üçün yeni nəsil texnologiyalar və xidmətlərdən istifadə etməklə bu sahədə Azərbaycan, Böyük Britaniya və digər ölkələrdən olan şirkətlər və mütəxəssislərlə əməkdaşlığı davam etdirməyə ümid edir”. Səfirin bu açıqlamalarından bir daha aydın olur ki, Azərbaycanın sabit ölkə olması region və Qərb üçün çox önəmlidir. Bəs, ölkəmizin sabit ölkə olması ABŞ üçün nədən bu qədər önəmlidir? Azərbaycan barədə dünya nəhənginin bu fikirdə olması ölkəmiz üçün üstünlükdürmü? Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ABŞ səfirinin Azərbaycana təkcə sabit ölkə kimi deyil, həm də sabitlik ixrac edən dövlət kimi yanaşması reallığı əks etdirir və müsbət tendensiyadır. Azərbaycanın sabitlik ixrac edən ölkə kimi rolu həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolda, enerji və nəqliyyat dəhlizlərinin diverfikasiyasında həyata keçirdiyi mühüm missiyada, həm də qlobal humanitar problemlərin müzakirə olunduğu mühüm dialoq platformalarına ev sahibliyi etməsində nəzərə çarpır: “Azərbaycanın sabit ölkə kimi önəmi də məhz sadaladığım istiqamətlərin detallarında gizlənib. Ölkəmiz haqqında dünya nəhənginin belə bir qənaətdə olması və bunun açıq şəkildə bəyan edilməsi, düşünürəm ki, həm də mühüm mesaj xarakteri daşıyır. Amma məsələnin digər tərəfi də var: Yəni ABŞ Azərbaycanın sabitliyində və bu sabitliyi ardıcıl şəkildə ixrac etməsində maraqlı olduğunu ilk növbədə Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi istiqamətində konkret mövqeyi və addımları ilə ortaya qoymalıdır. Çünki regionda davamlı sabitliyə maneə yaradan yeganə amil Azərbaycan torpaqlarının işğal altında olmasıdır. Bunu Vaşinqton nəzərə almalıdır və bu amilin aradan qaldırılması üçün ciddi addımlar atmalıdır”. Rubrika.az Geri qayıt |