Əsas Səhifə > Hadisə > Prezidentin Soçidəki qəti mövqeyinə müxalifətdən dəstək
Prezidentin Soçidəki qəti mövqeyinə müxalifətdən dəstək8-10-2019, 15:15 |
![]() Müxalifət düşərgəsi növbəti mərhələni gözləyir Rubrika.az musavat.com-a istinadla bildirir ki, Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiyanın Soçi şəhərində “Valday”ın plenar sessiyasında Dağlıq Qarabağla bağlı qəti mövqeyi bütün dünyada rezonans doğurdu. Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət öncə verdiyi bəyanata cavab kimi qəbul edilən bu bəyanatın verilməsi üçün zaman və məkan seçimi də maraqla qarşılanır. Bəzi siyasətçilər hesab edir ki, bu cavab daha böyük tribunadan, məsələn, BMT Baş Assambleyasının bu yaxınlarda keçirilən sessiyası zamanı bəyan edilməli idi. Bir çox siyasətçilər və analitiklər isə hesab edir ki, Ermənistana verilən bu cavab tam yerində verilmiş cavabdır. Cavab bəyanatının Ermənistanın ağası sayılan ölkədə və həmin ölkənin liderinin ev sahibliyi etdiyi tədbirdə verilməsi sadə məsələ deyil. Odur ki, məkan seçimi ən düzgün seçim olub. Prezident İlham Əliyev Paşinyanın təxribatçı açıqlamalarının cavabını məhz dünyanın bir çox dövlət başçılarının iştirak etdiyi, beynəlxalq ekspertlərin qatıldığı olduqca mötəbər bir tədbirdə verdi və bu cavab özündə son dərəcə böyük qətiyyəti ehtiva etdi. Azərbaycan prezidentinin sözügedən çıxışını müxalifət düşərgəsinin necə qarşıladığına gəlincə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Qarabağ məsələsində onlar üçün müxalifət-iqtidar anlayışı yoxdur. Odur ki, bu istiqamətdə kimin addım atmasından asılı olmayaraq bu istiqamətdə atılan istənilən faydalı addımları sözsüz dəstəkləyirlər: “Eyni zamanda da Qarabağ məsələsində neqativ rol oynayacaq istənilən qüvvənin də qarşısında olacağıq. Bu qüvvə iqtidar da olsa, müxalifət də və ya xarici qüvvə də olsa. Bütün bunlardan çıxış edərək təbiidir ki, İlham Əliyevin ”Valday"dakı məlum bəyanatını müsbət qiymətləndirirəm. Torpaqlarının 20%-ə yaxını işğal altında olan bir ölkənin başçısı zatən belə ritorika ilə danışmalıdır. Paşinyanın Qarabağ barədə sərsəmləmələri xeyli vaxtdır davam edirdi. Ona bu cür tutarlı cavab lazım idi. Bu cür cavablar anındaca verilməlidir. Həmçinin mən düşünürəm ki, artıq Azərbaycan o vəziyyətdə deyil ki, yalnız sözlə cavab versin. Biz dövlət olaraq torpaqlarımızı işğaldan azad etməliyik. Düşünürəm ki, artıq buna gecikirik. Azərbaycanın Paşinyana və işğalçı Ermənistana ən yaxşı və kəsərli cavabını Milli Ordumuz verməlidir. Uzun illərdir aparılan danışıqların, söz duellərinin bir nəticəsinin olmadığına hər birimiz şahidik. Odur ki, artıq orduların “dialoqu”nun zamanıdır. Azərbaycan öz ərazilərində antiterror əməliyyatlarına başlamalı və ərazi bütövlüyünü hər cür yolla bərpa etməlidir. Növbəti cavabımız Ermənistana bu olmalıdır". Ümid Partiyasının sədri İbqal Ağazadə də hesab edir ki, Ermənistana diplomatik müstəvidə sözlə tutarlı cavab verilib. Bundan sonra Azərbaycan cavabı sözlərdən hərbi əməliyyatlara başlamaq və torpaqlarını işğaldan azad etmək müstəvisinə keçirməlidir: “Konfliktin xarakteristikasına görə artıq Ermənistana tutarlı cavabımız torpaqlarımızın işğaldan azad edilməsi olmalıdır. Bizə əsas üstünlüyü, mövqe üstünlüyünü bu addımımız gətirə bilər. Bütün beynəlxalq tədbirlərdə biz haqlı olaraq bəyan edirik ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və dünya da onu Azərbaycan torpağı kimi tanıyır. Lakin bu gün faktiki olaraq Qarabağ işğalçının əlindədir. Biz bu faktı dəyişməliyik. Artıq hamımız bilməliyik ki, bu faktı aradan qaldırmaq Ermənistana da, onun havadarlarına da ən vacib cavabdır. Biz mütləq bu cavabı verməliyik. Çünki bu cavab söz olaraq qala biləcək cavablardan deyil. Biz ”Qarabağ Azərbaycanındır" deyirik və dediyimizi də həyata keçirməliyik. Bu mərhələyə keçməliyik, əsas işimiz bu olmalıdır". Rubrika.az Geri qayıt |