Əsas Səhifə > Hadisə > SOS: Ölkədə bir ayda 9 qadın qəddarlıqla qətlə yetirilib
SOS: Ölkədə bir ayda 9 qadın qəddarlıqla qətlə yetirilib11-10-2019, 10:55 |
![]() Cəmiyyətdən həyəcan siqnalı: “Niyə susuruq?!”; Novella Cəfəroğlu: “Bəyəm bizi qoyurlar ki, doğru-dürüst işləyək?” Son günlər ölkəmizdə qadınların amansızcasına öldürülməsi ilə bağlı hadisələr artmaqdadır. Təkcə son 4 gündə ölkədə 3 qadın amansızcasına qətlə yetirilib. Belə ki, oktyabrın 6-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızını az yaşlı gözünün önündə 20 bıçaq zərbəsi ilə öldürüb. Oktyabrın 5-də Abşeron rayonu Masazır qəsəbəsində “Qurtuluş 93" bina 51 ünvanında Aynurə Abdullayeva ailə münaqişəsi zəminində əri Yaqub Qurbanov tərəfindən döyülüb. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Ötən gün Bakının Nizami rayonunda 38 yaşlı İlham Əkbərov 36 yaşlı həyat yoldaşı Cəvahir Əkbərovanı qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib. Oktyabrın 10-da isə Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər. Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Beləliklə, göründüyü kimi cəmiyyətdə qadına qarşı zorakılıq, şiddət son həddə çatıb. Milli Məclisin iki gün əvvəl keçirilən iclasında deputat Aytən Mustafazadə baş verənlərə həyəcanlı reaksiya bildirib: “Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun, cinayətdən çəkindirsin?!” Xanım deputat metroda yoxlamaların ciddi aparılmadığına da münasibət bildirib: “Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”. Millət vəkili Sona Əliyeva bunları deyib: “Niyə susuruq? Doğrudanmı qadınların ikinci sort insan kimi qəbul edirik? Həqiqətənmi, biz qadınların da ”günah öləndədir" düşüncəsi beynimizin ən alt qatlarına çöküb? Siz də susmayın, qadınların təbii və qazanılmış hüquqlarının pozulmasına səssiz qalmayın, Leyla və onun timsalında qadınların insanlığa sığmayan vəhşiliklərin qurbanı olmasına yol verməyin. Heç bir arqument, fakt ya da bəhanə insan ölümünə səbəb ola və ya haqq qazandıra bilməz!" Deputat Məlahət İbrahimqızı isə hüquq müdafiəçilərinə müraciət edib: “Nə qədər ki, cəmiyyətdə ailələrdəki belə hallara qarşı ciddi reaksiya olmayacaq, belə hallar azalmayacaq. Hüquq müdafiəçiləri belə hallarla mübarizə məsələlərində nümunə olmalıdırlar”. Xatırladaq ki, bu ilin avqust ayında Türkiyədə Emine Bulut adlı qadın 10 yaşlı qızının önündə keçmiş əri tərəfindən bıçaqlanaraq öldürülmüşdü. Uşağın “ana ölmə”, qadının isə “ölmək istəmirəm” sözləri Türkiyə gündəmini zəbt etmişdi. Məsələyə təkcə hüquq müdafiəçiləri deyil, hətta ölkə prezidenti Rəcəb Tayyib Erdoğan, bir çox siyasətçilər reaksiya vermişdi. Azərbaycanda da qadınlara qarşı zorakılıq artdığı ərəfədə ictimaiyyət nümayəndələri ölkəmizdə də bu cür hadisələr baş verən zaman hüquq müdafiəçilərinin, aidiyyəti qurumların lazımi adekvat reaksiya verilməsini tələb edirlər. Mövzu ilə bağlı hüquq müdafiəçisi Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb: “Deputatlar hüquq müdafiəçilərini tənqid edərkən niyə demədilər ki, vaxtilə Gözəl Bayramlı həbs olunanda biz ona dəstək olduq, amma deputatlardan bir səs çıxmadı? Halbuki Gözəl Bayramlı da bir qadındır, onun da dəstəyə, müdafiə olunmağa ehtiyacı vardı. Lakin bir qadın deputat bu barədə parlamentdə bir kəlmə də danışmadı. Üstəlik, ölkəmizdə ombusdman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə var, bu məsələ ilə onlar məşğul olmalı, müraciət etməlidirlər. Bizə gəldikdə isə, hüquq müdafiəçiləri olaraq daim regionlarda seminarlar keçirir, qadın zorakılığına qarşı maarifləndirmə işləri aparırıq. Yəni biz öhdəmizə düşən işi görürük. Üstəlik, bəyəm bizi qoyurlar ki, doğru-dürüst işləyək? Elə qanunlar qoyublar ki, bəzən prosesin içərisinə girə bilmirik. Televiziyalarda şou proqramlara meyl etməyib, qadınlara qarşı zorakılıqla bağlı dəyirmi masa keçirsinlər, biz də qatılaq”. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da hüquq müdafiəçilərinin tənqid olunmasına bu cür reaksiya verdi: “Biz hüquq müdafiəçiləri danışmaq istəyəndə qoymurlar danışaq. Bu hadisələr bu günün deyil, illərdir davam edən hadisələrdir. Məsələn, bu gün də xatırlayıram ki, 2013-cü ildə bir ata qızını baltalamışdı və yaxud 2016-cı ildə bir həftə ərzində 4 qadın amansızcasına öldürülmüşdü. Bu statistika hələ də davam edir və son zamanlar özünü daha kəskin şəkildə göstərməkdədir. Cəmiyyətdə mövcud olan bu problem millət vəkilinin və yaxud hansısa QHT-lərin deyil, ümumilikdə ölkə qadınlarının məsələsidir. Hər halda mətbuat yaxşı bilir ki, şəxsən bizim təşkilat bu problemlə bağlı illərdir ki monitorinq aparır, verilişlərdə iştirak edir və sairə. Mənim də həmin deputatlara suallarım var. Məsələn, niyə parlamentdə qadın zorakılığına qarşı bu günə qədər hansısa yeniliklərə imza atılmayıb? Niyə sosial işçilərin münaqişəli ailələrə daxil olması məsələsi gündəmə gətirilmir? Halbuki hər il universitetlərdən nə qədər sosial işçilər məzun olur. Buna baxmayaraq, onlar işləmirlər. Dünyada isə sosial işçi xüsusi nüfuza malikdir. Əgər bu məsələ öz həllini tapsa, düşünürəm ki, boşanmaların, ölüm hallarının sayı azalacaq. Niyə məhbəslərdə qətl törədən insanlar arasında sorğu keçirilmir? Hüquq müdafiəçilərini tənqid edən millət vəkilləri özləri ərazilərində nə qədər zorakılığa məruz qalmış qadınları dinləyib, onların problemlərini həll etməyə çalışıb? Beləliklə, qarşılıqlı ittiham heç bir nəticə verməyəcək. Ondansa birləşib, həmrəylik nümayiş etdirib bu problemi aradan qaldırmaq lazımdır". Mehriban Zeynalova qeyd etdi ki, ölkədə məişət zorakılığı halları ilə bağlı statistika açıqlanmır. Qurum sədri problemin həlli yolunda öz təkliflərini də bildirib: “Rayonlarda xidmət paketləri (mərkəzləri) açılmalıdır. Pulsuz xidmət edən mərkəzlər isə polislə əlaqəli işləməli və münaqişəli ailələri nəzarətə götürməlidir. Bu mərkəzlərə sosial işçilər də təhkim edilməlidir. “Məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planı” artıq 10 ildir qəbul olunub, dekorativ sənəd kimi qalmaqdadır. Düzdür, bəzi irəliləyişlər var, amma bunlar ləng addımlardır" bu istiqamətdə işi hər hansısa bir qurum koordinasiya etməlidir. Bizdə bu yoxdur. Məsələn, insan alverində milli koordinatorun (Daxili İşlər Nazirliyində olması burada görülən işlərin inkişafına təkan verdi. Düşünürəm ki, zorakılıq məsələsində də koordinator təyin edilsə, bu sahədə irəliləmələr olacaq. Azərbaycanda koordinasiya olmadığı üçün pərakəndə iş gedir. Doğrudur, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə işləyir, ancaq koordinasiyasız nəticələr əldə etmək mümkün deyil". “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son günlər sosial şəbəkələrdə #qadınaşiddətəson haştəqi ilə başladılan aksiyanı dəstəkləyir və bunu təqdirəlayiq hesab edir”. Bunu “Report”a açıqlamasında Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, Komitə bundan əvvəl də bu kimi kampaniyalara dəstək olub: “Biz bu aksiyaya dəstək veririk. Azərbaycan qadını hər zaman aparıcı qüvvə olub. Ona görə də hər kəs birdəfəlik beyninə həkk eləməlidir ki, qadına qarşı zorakılıq cinayətdir. Bu, qanun pozuntusudur, insan hüquqlarının pozulması deməkdir. Bu, bir aksiomadır və bunun bir fakt kimi cinayət işi olduğu hər kəs tərəfindən qəbul edilməlidir. Bu cinayəti törədənlər də məsuliyyətə cəlb olunmalıdır”. E.Səfərov bu günlərdə qadınların zorakılığa məruz qalması hallarının aktuallaşdığını bildirib: “Məişət zəminində qadına qarşı zorakılığın forması ildən-ilə daha da qəddarlaşır. Təəsüflər olsun ki, cəmiyyətdə zorakılığı normal yanaşma kimi qəbul edənlər var və son vaxtlar bu kimi hadisələrə təəccüblənmirlər. Eyni zamanda, küçədə zorakılığa məruz qalaraq bıçaqlanan qadına kömək etmək əvəzinə onu videolentə alırlar. Zorakılığa yanaşma da psixoloji məsələlərdən irəli gəlir. Qadına cəmiyyətdə münasibət dəyişməlidir. Qadın anadır, bacıdır, qızımızdır”. Qeyd edək ki, mətbuatda yayılan hadisələrin statistikasını araşdıranda məlum olur ki, son bir ayda ölkədə 13 qətl hadisəsi baş verib ki, həmin hadisələrdə ölənlərin 9-u qadınlardır. Rubrika.az Geri qayıt |