Əsas Səhifə > Səhiyyə > Baş Prokurorluq gənc həkim Lalə Sadayzadənin qatilinə qarşı
Baş Prokurorluq gənc həkim Lalə Sadayzadənin qatilinə qarşı29-10-2019, 11:30 |
![]() Bu ilin yanvarında Bakının Parlament prospektində piyada zolağında vurularaq öldürülən 28 yaşlı həkim Lalə Sadayzadənin anası Gülsüm İsmayılova övladının ölümünə səbəb olan 18 yaşlı sürücü Sabir Talıblıya layiqli cəza verilməsi üçün lazımi instansiyalardan kömək istəməsi ilə bağlı virtualaz.org-da dərc edilən “Yalvarıram, övladımın qanı yerdə qalmasın” başlıqlı məqaləyə Baş Prokurorluq münasibət bildirib. Baş Prokurorluğun virtualaz.org-un redaksiyasına daxil olan açıqlamasında qeyd edilir ki, bu il yanvarın 18-də paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq idarə etdiyi “Mazda” markalı 99-BD-702 dövlət qeydiyyat nişanlı avtomobillə Lalə Sadayzadənin ölümünə səbəb olmuş Sabir Talıblı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarı ilə S.Talıblıya təyin olunmuş 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 4 il 6 aya endirilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qeyd edilən qərarı ilə razılaşmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verib. Cinayət işi üzrə məhkəmə baxışı noyabrın 13-ə təyin edilib. Bir daha qeyd edək ki, qəza hadisəsi bu il yanvarın 18-də Səbail rayonunun Parlament prospektində - Lalə Sadayzadənin işlədiyi Mərkəzi Klinik Xəstəxananın qarşısından keçən küçədə, piyada zolağında baş verib. 18 yaşlı Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Mərkəzi Klinik Xəstəxananın həkim-kordioloqu Lalə Sadayzadəni vurub. Nəticədə gənc həkim hadisə yerində ölüb. “İstintaq sənədlərində sürət həddi 60km/saat göstərilib. Amma Laləni vuran avtomobil çox yüksək sürətlə hərəkət edib. Çünki o cür yüksək sürətlə hərəkət etməsəydi biz Laləni itirməzdik. Övladımı vurub piyada xəttindən 20 metr qarşıya tullayıb. Bu, sürət həddinin yüksək olmasını göstərir”- gözüyaşlı ana şikayətində bildirb. RUBRİKA.AZ Geri qayıt |