Əsas Səhifə > Hadisə > “Polisə Dəstək” İB “İnsan alveri cinayətlərini doğuran səbəblərin və problemin xəbərdarlığı, tədqiqi, habelə profilaktikasında ictimaiyyətin rolu” mövzusunda seminar- mühazirə keçirmişdir

“Polisə Dəstək” İB “İnsan alveri cinayətlərini doğuran səbəblərin və problemin xəbərdarlığı, tədqiqi, habelə profilaktikasında ictimaiyyətin rolu” mövzusunda seminar- mühazirə keçirmişdir


7-11-2019, 12:23
“Polisə Dəstək” İB “İnsan alveri cinayətlərini doğuran səbəblərin və problemin xəbərdarlığı, tədqiqi, habelə profilaktikasında ictimaiyyətin rolu” mövzusunda seminar- mühazirə keçirmişdir

“Polisə Dəstək” İB “İnsan alveri cinayətlərini doğuran səbəblərin və problemin xəbərdarlığı, tədqiqi, habelə profilaktikasında ictimaiyyətin rolu” mövzusunda 05 noyabr 2019-cu il saat 1100-da Sumqayıt Dövlət Universitetində tələbə kollektivinin və şəhər KİV –in iştirakı ilə seminar- mühazirə keçirmişdir.

QHT-lərə Dövlət dəstəyi Şurasının maliyə yardımı ilə həyata keçirilən Vətəndaş cəmiyyətinin maarifləndirmə xarakterli tədbirində “İnsan alverinin qarşısının alınması, problemlərin xüsusiyyətləri, habelə oxşar hüquqa zidd əməllərin, uşaqların insan alverinə məruz qalma risklərinin tədqiqi və bu istiqamətdə ictimai rəyin öyrənilməsi” ətrafında iştirakçılara geniş məlumat verilmişdir.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin prorektoru Ramiz Hüseynov iştirakçıların diqqətini dövlətin insan alverinə qarşı mübarizə istiqamətindəki Milli Tədbirlər Planına yönəltmiş və qısa informasiyadan sonra sözü “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevə vermişdir. O, insan alverinin sosial hüquqi hadisə kimi ictimai orqanizmin normal inkişafına neqativ təsir etdiyi, insanların sosial davranışlarına, onların iradə azadlığına və psixikasına zərər vuran, insan alverini doğuran səbəblərin aradan qaldırılması və bu işin nəzarətdə saxlanılması, habelə onun xəbərdarlığı və profilaktikası məqsədilə vətəndaşların maarifləndirilməsini dövlətin cinayətkarlıqla mübarizə siyasətinin mühüm cəhətləri barədə məlumat vermişdir.

Statistik məlumatlara görə Respublika DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2018-cı il ərzində 144(+2) insan alveri cinayətləri müəyyən edilmiş, 28(+11) nəfərdən ibarət 13(+5) cinayətkar qrup zərərsizləşdirilərək insan alverinin qurbanı olmuş 98(+27) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir. “İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi”nin bu istiqamətdə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri MDB dövlətlərindən fərqli və görk olacaq həddədir.

Ş.Əliyev daha sonra insan alverinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaradan, insan ləyaqətini alçaldan, şəxsiyyətin toxunulmazlığına yönələn qəsd, iqtisadi sabitliyi sarsıdan, vətəndaşların iradə azadlığını məhdudlaşdıran xüsusilə ağır və transmilli mütəşəkkil cinayətkarlığın mühüm, təhlükəli növünün problemi ətrafında məlumat vermişdir. BMT-nin statistikasına görə il ərzində insan alverindən gələn gəlir 32-35 milyard dollar təşkil etdiyini və 2,5 milyon insanın bu cinayətin müxtəlif

formalarından əziyyət çəkdiyini xatırlatmış, habelə qurbanların sırasında qadın və uşaqların çoxluq təşkil etdiyini narahatlıqla ifadə etmişdir. Sonda Ş.Əliyev vətəndaşları ayıq-sayıq olmağa çağırmış iş və təhsillə bağlı vədlərə ümid bəsləməsini sadəlövhlük adlandıraraq çıxışını bitirmişdir. Tədbirin sonunda iştirakçılara 70 səhifəlik “İnsan alveri” kitabçası paylanılmış və müasir köləliyi əks etdirən 10 dəqiqəlik videofilm nümayiş etdirilmişdir.

“Polisə Dəstək” İB-nin mətbuat xidməti


Geri qayıt