Əsas Səhifə > Dünya > "Paşinyana deyin, düşsün aşağı..."

"Paşinyana deyin, düşsün aşağı..."


27-12-2019, 10:45
"Paşinyana deyin, düşsün aşağı..."

Ölən əsgərlərin yaxınları Ermənistan hökumət binası yaxınlığında aksiya keçirib.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, ölən əsgərlərin ailələri ölüm işininin şəffaf araşdırılmasını tələb edib və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək istəyib.

Xatırladaq ki, dekabrın 2-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər Artur Acamyan naməlum şəraitdə güllə yarasından ölüb. Digər hərbçi David Melikbekyan isə yaralanıb.

İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 104 (1) maddəsinin 1-ci hissəsi (iki və ya daha çox şəxsi öldürmək) ilə cinayət işi açıb.

Hökuməti binası yaxınlığında polis əməkdaşları ilə öldürülən əsgərin yaxınları arasında dava düşüb. Əsgər anası Paşinyanla görüşmək üçün binaya girməyə cəhd edib. Polis qapının qarşısında dayanaraq qadının binaya daxil olmasının qarşısını alıb. Aksiya iştirakçıları polis kordonunu yarmağa çalışıblar. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. Həmin vaxt isə Nazirlər Kabinetinin iclası keçirilib. Daha sonra əsgərin qohumları Respublika meydanında avtomobil yolunu bağlayıb, nəqliyyatın hərəkətini məhdudlaşdırıblar. Hadisə yerinə vətəndaşların qəbulu şöbəsinin müdiri Alexander Kazaryanın gəlişindən sonra gərginlik bir qədər səngiyib.

"Paşinyana deyin ki, camaat onunla görüşməyi tələb edir. Qoy bizim yanımıza gəlsin", - aksiya iştirakçıları Kazaryana deyib.

Buna cavab olaraq Kazaryan iclas keçirildiyini və indi tələblərinin yerinə yetirilməyəcəyini bildirib. Ölən əsgərin yaxınları isə görüşün sonuna qədər gözləməyi qərara alıblar. Hökumət başçısı onlarla görüşməyəcəyi təqdirdə yolları bağlayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, ölən əsgərin qohumları və dostları bundan əvvəl də günahkarların tapılıb cəzalandırılması tələbi ilə parlament binası qarşısında aksiya keçiriblər.

RUBRİKA.AZ
Geri qayıt