Əsas Səhifə > Cəmiyyət > Bəxtiyar Hacıyev də seçkiyə qatıldı – Rəqibinə atmaca atdı

Bəxtiyar Hacıyev də seçkiyə qatıldı – Rəqibinə atmaca atdı


30-12-2019, 16:21
Bəxtiyar Hacıyev də seçkiyə qatıldı – Rəqibinə atmaca atdı

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev də növbədənkənar parlament seçkilərinə qatılacaq.

Rubrika.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin özü məlumat yayıb. O, seçkiyə 29 saylı Səbail seçki dairəsindən qatılmağı planlaşdırdığını bildirib. Bu dairədən Baku Grand Prix Formula1 yarışlarının marketinq və PR direktoru Nigar Arpadarai də namizəddir. Bəxtiyar Hacıyev rəqibinə eyham edərək deyib ki, seçki yarışdır, amma, Formula1 yarışı deyil. “Bu, siyasət yarışıdır, xalqa yaxın olmaq, xalqın dərdini dərində duymaq yarışıdır. Həyatında bir dəfə başına qar dənəsi düşməmiş, evdən avtomobilinə qədər də çətir tutanların müşayiəti ilə getmiş ağ yaxalıqlı oğlan və qlamur qızlar, aclıq, çətinlik, yoxsulluq nədir bilməyən insanlar hər gün evinə aldığı 5 manatlıq ərzaqı məhəllə mağazasında nisyə dəftərinə yazan ailə başçılarını, öz ixtisasına uyğun iş tapa bilmədiyinə görə 300 manat maaşa 11 saat istismar edilib, 100 manatdan 4 nəfərlə eyni evdə yaşayan gəncləri, xəstə anasına 50 manatlıq dərmanı ala bilmədiyinə görə dəniz kənarına çıxıb, hıçqıraraq ağlayan oğulları, 1000 avro tapa bilmədiyinə görə xəyalındakı xarici universitetə internetdən baxmağa məhkum olunmuş gəncləri və hazırkı sistemin yaratdığı qeyri-bərabərliyin qurbanı olduğuna görə yaşamaq uğrunda mübarizə aparanları anlaya bilməzlər.

Həyat yalnız dövlət büdcəsindən mənimsənilmiş yüz milyonlar hesabına uğur imici yaratmaqdan ibarət deyil. Vətəndaşların dərin problemləri var və həyatı lüks mağazalar və restoranlarda keçənlər sıravi insanların dərdini anlaya bilməzlər.

Seçki siyasət yarışıdır, Formula1 yarışı deyil. Biz bu yarışa hazırıq”, - deyə ictimai fəal vurğulayıb.

Rubrika.az
Geri qayıt