Əsas Səhifə > Mədəniyyət > Sosial dövlətə doğru atılan mühüm addımlar 2020-ci ilin istiqamətini müəyyən edib - İNSAN MƏMNUNİYYƏTİ

Sosial dövlətə doğru atılan mühüm addımlar 2020-ci ilin istiqamətini müəyyən edib - İNSAN MƏMNUNİYYƏTİ


4-01-2020, 09:39
Sosial dövlətə doğru atılan mühüm addımlar 2020-ci ilin istiqamətini müəyyən edib - İNSAN MƏMNUNİYYƏTİ

Ötən ildən başlanan sosial siyasət bu il də davam etdiriləcək

Arxada qoyduğumuz 2019-cu il Azərbaycan xalqının həyatında bir sıra mühüm hadisələrlə yadda qaldı: yanvardan etibarən ölkədə kölgə iqtisadiyyatının qarşısının alınmasına yönəlik vergi dəyişikliklərin qüvvəyə minməsi, fevralda ölkə Prezidentinin fərmanı ilə 2015-ci il devalvasiyalarından əziyyət çəkən vətəndaşların 10 min dollara qədər olan borclarına kompensasiyanın ödənməsi, 17 min manata qədər problemli kreditlərin restrukturizasiyası istiqamətində addımın atılması, ardınca birinci sosial paketin elan edilməsi, iyunda isə Prezidentin sərəncamları ilə ikinci sosial paketin açıqlanması. Bu hadisələr arasında ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən iki böyük sosial paket xüsusi əhəmiyyət kəsb edir.

2019-cu ilin əvvəlindən qüvvəyə minən yeni vergi qanunvericiliyi ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədi daşıyırdı. Vergi Məcəlləsinə dəyişikliklər 5 əsas istiqaməti əhatə edirdi: sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

Kölgə iqtisadiyyatının miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir sıra sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı idi. Dəyişikliyə əsasən aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir. Vergi güzəştinin əsas hədəfi “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin daha da canlanması və sürətləndirilməsi, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir.

Vergi Məcəlləsində həmçinin mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə güzəştlər də nəzərdə tutulub. Bundan əlavə, kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir. Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.

Mikrosahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir. Bundan başqa, mikrosahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir.

2019-cu il fevralın 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. 2015-ci ildə baş vermiş iki ardıcıl devalvasiyadan əziyyət çəkən yüz minlərlə insan üçün bu fərman əsl sevinc yaşatdı.Həmin Fərmanın icrası ilə əlaqədar təxminən 602 min şəxsə kompensasiya hesablanıb. Ümumilikdə ötən il sentyabrın 30-na dövlət büdcəsi hesabına 633 milyon manat kompensasiya ödənilib. Bu vəsaitin 323 milyon manatı bilavasitə vətəndaşların özlərinə çatıb, 310 milyon manatı 10 gündən çox gecikməsi olan kreditlərin ödənilməsinə istiqamətləndirilib. Daha 494 milyon manat isə problemli kreditlərin restrukturizasiyasına yönəldilib.

Martın əvvəlində isə ölkə prezidentinin sərəncamları əsasında birinci sosial paketin icrasına başlanıb. Dövlət başçısının bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Həmin artımlardan 830 min insan yararlanıb. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü - sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb. Bu artımların təmin edilməsi üçün əlavə olaraq dövlət illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürüb, birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək olub.

Prezident sakinlərlə görüşdü ile ilgili görsel sonucu"

Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində addımların ardıcıl xarakter aldığını göstərir. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub.

"Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Bununla da ötən il reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olub. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyib. Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manat və ya 40 faiz çox olub. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olub ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.
Burada bir məqamı xüsusi qeyd etmək istərdik: həmin 950 min nəfərin heç də hamısı 250 manatdan aşağı əmək haqqı alanlar deyil və onların mühüm bir hissəsi maaşları 250 manatdan yuxarı olanlardır. Belə ki, ölkəmizdə 19 pillədən ibarət vahid tarif cədvəli üzrə əməkhaqqı sistemi mövcuddur ki, bu sistem vasitəsi ilə dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları tənzimlənir. Vahid tarif cədvəlinin ilk pilləsi minimum əməkhaqqından başlayır və minimum əməkhaqqı artdığı zaman həmin cədvəlin ilk pilləsi artdığı üçün digər üst pillələr üzrə bundan yüksək olan digər əməkhaqqı səviyyələri də zəncirvari qaydada artmış olur. Bu o deməkdir ki, bütün bu pillələr üzrə artımın təsir dairəsi 950 min işçini əhatə edir.

Bu artım digər tərəfdən özəl sektora da böyük təsir göstərir. Çünki bu amil özəl sektorda da işçi qüvvəsinin rəqabət qabiliyyətini gücləndirir və əmək bazarına müsbət təsir edir. Minimum əməkhaqqının artırılması həm də Azərbaycanın makroiqtisadi və beynəlxalq göstəricilərinə müsbət təsir etməklə birbaşa ölkəmizin inkişafına xidmət edir.

18 iyun 2019-cu il tarixində imzalanan digər sərəncamlarla eyni zamanda dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əməkhaqları da ötən il sentyabrın 1-dən 20-100 faiz səviyyəsində artırılıb. Ümumilikdə, ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir.

Onu da qeyd edək ki, 2019-cu ildə reallaşan iki sosial paket nəticəsində minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı üçün dövlət tərəfindən illik 2 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

İkinci sosial paket çərçivəsində Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq ötən il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin edilib. Göründüyü kimi, 2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla 116 manatdan 200 manata çatdırılıb və bununla da minimum pensiya təqaüdçülər üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olub.

Minimum pensiyanın artımı 660 min vətəndaşın pensiyasının, dövlət sektorunda əməkhaqqı artımı isə xüsusi şərtlərlə pensiya təyinatı aparılanlardan (pensiya artımı əməkhaqlarının artımı ilə bağlı olan pensiyaçılar) ibarət 94 min nəfərin pensiyasının artmasına imkan verir. Ümumilikdə, həm minimum pensiyanın artımı, həm də dövlət sektorunda əməkhaqlarının artımı 750 min pensiyaçını əhatə edəcək. Nəticə etibarilə iyun ayında həyata keçirilən sosial islahat paketi 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verir. Bu artım üzrə dövlətin əlavə maliyyə yükü 2 milyard manatdır.

Ümumilikdə iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edir. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat sərf olunub.

Prezidentin təşəbbüsü ilə həyata keçirilən sosial proqramlar arasında aztəminatlı təbəqələr üçün nəzərdə tutulan özünüməşğulluq və ictimai işlər də mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2018-ci ildə özünüməşğulluq proqramı 6 min ailəni əhatə edib, ötən il isə əlavə vəsaitlərin cəlb olunması nəticəsində 10 min ailəni. Özünüməşğulluq proqramı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilib. Belə ki, bu ildən BMT-nin İnkişaf Proqramı layihəyə daxil olub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən təmin edilib.

Bundan əlavə, Prezidentin tapşırığı ilə proqram barədə Dünya Bankı da məlumatlandırılıb. Proqramı yüksək qiymətləndirən Dünya Bankı ilə müzakirələr yekunlaşıb və gələn ildən bu qurum da layihəyə qoşulacaq.

2019-cu ildə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması istiqamətində də mühüm işlər görülüb. Ölkə üzrə 40 min nəfərdən yuxarı insan belə işlərə cəlb olunub.

Nəhayət, ötən il həyata keçirilən sosial paketlər çərçivəsində minimum əmək haqqı, maaşların artırılması ölkə üzrə orta nominal əmək haqqında 14 faizdən yuxarı artıma səbəb olub. Bunun nəticəsində yanvar, yaxud fevral ayında bütün ölkə üzrə pensiyalar həmin həcmdə indeksasiya olunacaq. Bu isə pensiya məbləğlərində ciddi artıma gətirib çıxaracaq./musavat.com

Rubrika.Az
Geri qayıt